“POLİS RƏİSİNİ HİMAYƏ EDƏN ŞƏXSLƏR MƏKTUBUMUZU SİZDƏN GİZLƏDİR” – Siyəzən sakinlərindən DİN rəhbərinə müraciət / FOTOLAR

Baxış sayı:
3640

Siyəzən şəhəri, Vidadi küçəsi, ev 45-də yaşayan Zeynalov Sabir Mabetdin oğlu və Zeynalov Samir Sabir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:
Hörmətli Nazir!

Siyəzən RPŞ-nin rəisi Valik Vəlimətovun beş illik fəaliyyəti dövründə rayon ərazisində Narkotikin küllü miqdarda satışını həyata keçirən şəxslərə açıq şəkildə himayədarlıq etməsi, rayonda "Bəşəriyyətin bəlası", "Ağ ölüm" adlanan nakomaniyanın "çiçəklənməsində" "əvəzsiz əməyi" olması, nəticədə xəstə gənclərdən ibarət böyük bir "narkoman ordusu" yetişdirməsi və bu kimi çirkin əməlləri barədə uzun müddətdir tərəfimizdən həm poçt, həm rəsmi internet saytı və elektron poçt, həm də öz «Facebook» sosial şəbəkə hesabımız vasitəsi ilə aidiyyatlı orqanlara verilmiş məlumatlarımızın AR DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi cənab İslam Hümbətovun 24 aprel 2021-ci il tarixli, 008-231462-3221 nömrəli cavab məktubu ilə rəsmi şəkildə təsdiq olunmaqla sübuta yetmişdir.
Cənab Vilayət Eyvazov!
Siyəzən RPŞ-nin rəisi Valik Vəlimətovun şərəfli Azərbaycan polisi adına yaraşmayan çirkin əməlləri barədə qanunamüvafiq ciddi tədbirlərin görülməsindən ötrü tərəfimizdən uzun müddətdir DİN-ə göndərdiyimiz saysız-hesabsız ərizələrimiz kimlər tərəfindənsə Valik Vəlimətovun xatirinə sizdən gizlədilərək, ört-basdır edilir.
Hörmətli General-polkovnik!
Odur ki, cavabsız qalmış saysız-hesabsız ərizələrimizin üzə çıxarılaraq, yuxarıda sözügedən xəbərsiz və itkin düşmüş ərizələrimizdə qeyd etdiklərimizin öz nəzarətiniz altında tam və hərtərəfli araşdırılaraq, Siyəzən RPŞ-nin rəisi Valik Vəlimətovun çirkin əməlləri barəsində qanuna müvafiq tədbirlərin görülməsini bir daha sizdən xahiş edirik. Xahişimizin nə qədər ciddi məsələ ilə bağlı olduğunu nəzərə alaraq, tərəfinizdən müraciətimizə tezliklə ciddi yanaşılacağına böyük ümid bəsləyirik.
Sizə öncədən təşəkkür və minnətdarlığımızı bildiririk”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.