“Özəl reabilitasiya mərkəzlərini bağlamaqdansa, onlara dəstək vermək lazımdır”- İLQAR AĞAYEV

Baxış sayı:
9154

“Ən pis fəaliyyət göstərən reabilitasiya mərkəzini belə, bağlamaq olmaz”
“Özəl reabilitasiya mərkəzlərinin fəaliyyəti göz ardına vurula bilməz”

Azərbaycanda narkomaniyanın azaldılmasında özəl reabilitasiya mərkəzlərinin böyük rolu var. Bu mərkəzlərin işi sayəsində xeyli asılı şəxs narkotik və digər zərərli vərdişlərlə yolunu ayıraraq, sağlam həyata və cəmiyyətə qayıdış yolunu tutur. Doğrudur, bu mərkəzlərin hamısı peşəkarlığın ən yüksək həddində deyil, amma işində ciddi nailiyyətlər əldə edənlər də az deyil.
Lakin nədənsə özəl reabilitasiya mərkəzlərinin fəaliyyəti ölkəmizdə kimlərisə qane etmir. Hətta bəzi qurumların  hökumətə bu mərkəzlərin bağlanılması haqda təkliflər irəli sürdüyü də bildirilir. Bəs özəl reabilitasiya mərkəzlərinin bağlanması cəmiyyətimizə nə verə bilər? Onların fəaliyyətinin qapadılması onsuz da ölkəmizdə tüğyan edən narkomaniya bəlasının daha çox yayılmasına səbəb olmayacaqmı? Bu barədə “Güvən” Reabilitasiya Mərkəzinin rəhbəri İlqar Ağayevin fikrini öyrəndik.
- İlqar bəy, Azərbaycanda özəl reabilitasiya mərkəzlərinin bağlanması təklif olunur. Bu mərkəzlərin rəhbərlərindən biri kimi bu barədə nə deyə bilərsiniz?
- Yəqin ki, bu işin içində olmayan insanlar kənarda eşitdiyi hansısa fikirlərə əsasən bu qənaətə gəlib çıxıblar. Mən belə düşünürəm. Hesab etmirəm ki, hansısa dövlət xidmətçisi boş yerə cəmiyyətə ciddi şəkildə fayda verən hansısa reabilitasiya mərkəzinin bağlanmasını istəsin. Görünür, bu adamlarda reabilitasiyalar haqda mənfi fikir həddən artıq çoxdur. Mən bu fikirlərlə qismən razılaşıram. Bilirsiniz ki, Azərbaycanda 150-dən çox reabilitasiya mərkəzi var. Bəzi mərkəzlər var ki, onların barəsində mənfi fikirləri biz də eşidirik. Amma bu, o demək deyil ki, kimlərinsə yanlış fəaliyyətinə görə bütün mərkəzləri bağlamaq lazımdır. Dövlət qurumları bu məsələyə nəzarət edə bilər. Dövlət nəzarət edə bilmir, yaxud etmək istəmirsə, mən bunu aidiyyəti qurumların, məmurların məsuliyyəti öz üzərlərindən atmaq istəməsi kimi qiymətləndirirəm.
Əksinə, çox gözəl olardı ki, dövlət tərəfindən reabilitasiya mərkəzlərinə lisenziya verilsin, onlara maddi yardım olunsun, narkoloq mütəxəssislərlə təmin edilsin və s. Daha böyük nəticə üçün dövlətin dəstəyi birmənalı şəkildə lazımdır. Düzdür, elə mərkəzlər var ki, dünən reabilitasiyanı bitirən hansısa şəxs kirayəyə villa götürür, reabilitaisya mərkəzi açıb-işlədirlər, hansısa gözüyaşlı ananın ümidlərini gətirib orada puç edirlər. Belə deyim, reabiitasiya mərkəzləri bir təməldir, ikinci prosesdir. Birinci proses detoksikasiyadır. Bunun üçün də dövlət müəssisələri var, asılı insan gedib orada qanını yuduzdurur, ikinci mərhələ reabilitasiya, üçüncüsü isə sosial mərhələdir. Yəni reabilitasiya ilə iş bitmir. Bu gün “anonim narkomanlar” deyilən bir yer var ki, şükürlər olsun, ora da inkişafdadır. 2020-ci ildən bu yana kimi nə qədər alkoqolik, nə qədər narkoman, nə qədər iqroman olub ki, onların arasında cəmiyyətə yenidən qayıdan insanları görə bilərik. Mən minlərlə belə insan görmüşəm.
Dövlətimiz hələ gənc yaşdadır, 1991-ci ildə müstəqilliyini bərpa edib. 1991-ci ildən 2020-ci ilə kimi dövlət müəssisələri cəmiyyətimizə nə qədər faydalı insan qazandırıb? Çox az. Həddən çox az. Ona görə də mənim şəxsi fikrimdir, başda dövlətin maddi və mənəvi dəstəyindən tutmuş, ixtisaslaşmış peşəkar narkoloqlarla dəstəyinə ehtiyac var. Reabilitasiyaların hamısını bir-birinə qataq, bağlayaq, bu absurd düşüncədir. Bu nə dövlətin, nə millətin, nə cəmiyyətin, nə bu məsələlərdən əziyyət çəkən valideynlərin, şəxslərin xeyrinədir. Reabilitasiya mərkəzlərini bağlamaq dövlət nümayəndələrinin məsuliyyətdən qaçmalarıdır. Bu, qətiyyən olmaz. Sizin bir məsuliyyətiniz varsa, bunu yerinə yetirin.
- Qeyd etdiniz ki, reabilitasiya mərkəzlərinin içində normal fəaliyyət göstərməyənlər var. Hər bir halda bu, onların bağlanmasına rəvac vermir...
- Siz də bilirsiniz ki, reabilitasiya mərkəzlərində ölüm hadisəsi olub. Bu danılmaz faktdır ki, məlum cinayətə görə rəhbər şəxslər məsuliyyətə cəlb olunub, həbsxanada cəza çəkirlər. Yaxşı, gəlin aydınlaşdıraq ki, dövlət müəssisələrində bu qəbildən ölüm hadisəsi olub, ya yox? Dəqiq bilmirəm, amma mənim də eşitdiklərim var... Amma normal fəaliyyət göstərən 10-15 reabilitasiya mərkəzinin rəhbərini şəxsən tanıyıram, onların mərkəzlərində olmuşam, özlərinin insani keyfiyyətlərinə bələdəm. Onlar sağlam addım atırlar. Amma yenə deyirəm, dövlət bu kimi mərkəzlərə həm dəstək verməli, həm də nəzarət etməlidir. Yəni dövlət onları bağlamaqdansa, dəstək olmalıdır. Yenə də deyim ki, 1991-ci ildən bura 30 ilə yaxın vaxt keçib. Dövlət reabilitasiya mərkəzləri nə edə biliblər ki? Amma bu bir neçə ildə özəl reabilitasiya mərkəzləri dövlətə, millətə, cəmiyyətə çox sayda faydalı insan qazandırıb. Özəl reabilitasiya mərkəzlərinin fəaliyyəti göz ardına vurula bilməz.
- Sizcə, özəl reabilitasiya mərkəzləri bağlansaydı, bu, ölkədəki kriminogen vəziyyət də daxil olmaqla, narkomaniyanın tüğyan etməsi sahəsində hansı mənzərəni formalaşdırardı?
- Ümumiyyətlə, bu məsələyə təkcə narkomaniya gözü ilə baxmaq lazım deyil. Bu gün reabilitasiya mərkəzlərində narkomaniyanı da keçən bir problem var – iqromaniya. Bütün insanların əlində smartfon telefon var. O telefonlar vasitəsilə hansısa internet saytlarına daxil oluruq, görürük ki, burada qumar oyunları çox möhkəm şəkildə reklam olunur. Və həmin qumar oyunları da insanda sürətli asılılıq yaradır. Eynilə, narkotik qəbul edən insan öncə ailəsinə, ətrafına, cəmiyyətə, dövlətə - hamıya ziyan vurduğu kimi, iqromanlar da həmin şeyi edir ki, reabilitasiyalar həmin insanı da düşünür. Yəni bu məsələni təkcə narkomaniyaya bağlamaq lazım deyil. Belə deyim, Amerikada 25 mindən çox reabilitasiya mərkəzi var... Düzdür, Amerikanın 350 milyondan çox əhalisi var, orada 25 mindən çox reabilitasiya mərkəzinin olması normaldır. Bizim dövlət bu məsələlərin qabağını alır, amma o ölkədə həm narkotik, həm qumar, oyunlar, həm də asılı insan çoxdur. Yəni ABŞ-da 25 min reabilitasiya mərkəzi varsa, bizdə heç olmasa dövlət kimyəvi asılılıqdan başı çıxan, cəmiyyətin içindəki dürüst insanları işlə təmin etməli, hansı reabilitasiya mərkəzlərində düzgün müalicə prosesinin getməsinə nəzarəti ona həvalə etməlidir. Bəli, hazırda dövlət buna tam nəzarət edə bilmir. Amma biz bu işin içindəyik, elə adamlar var ki, reabilitasiya mərkəzi açıb, özü asılıdır, heç öz sağalmağı ilə məşğul olmur. O, sabah hansı insana töhfə verə biləcək?!..
- Belə başa düşürük ki, siz birmənalı şəkildə reabilitasiya mərkəzlərinin bağlanılmasına qarşısınız...
- Ümumiyyətlə, bağlamaq olmaz. Heç 150 reabilitasiya mərkəzinin içindəki qeyri-peşəkar işləyənləri də bağlamağa ehtiyac yoxdur. Onlara kömək etmək, ümumi prosesə töhfə vermək lazımdır. Ən pis fəaliyyət göstərən reabilitasiya mərkəzini belə, bağlamaq olmaz. Ən pis reabilitasiya mərkəzinin belə hardasa müsbət nəticəsi var. Yenə də deyirəm, dövlət müəssisələri 30 il ərzində heç bunu edə bilməyib. Odur ki, heç bir reabilitasiya mərkəzi bağlanılmamalıdır. Əksinə, bütün reabilitasiya mərkəzlərinə dəstək verilməli, paralel olaraq fəaliyyətlərinə nəzarət olmalıdır. Bir də dövlət onlara qarşı öz tələblərini irəli sürməlidir, onların başında isə sağalmış asılı insan olmalıdır.
Stopnarkotik.az