​Ötən il vergidən yayınma faktı üzrə 614 cinayət işi bağlanıb

Baxış sayı:
5335

2017-ci ildə Azərbaycanda ümumilikdə 5878 vergi ödəyicisinə, o cümlədən 4351 hüquqi şəxsdə və 1527 fiziki şəxsdə səyyar vergi yoxlaması həyata keçirilib.
Muxalifet.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunub ki, səyyar vergi yoxlamaları zamanı 5778 vergi ödəyicisində və ya səyyar vergi yoxlaması ilə əhatə olunanların 98,3%-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib: "Səyyar vergi yoxlamaları nəticəsində ümumilikdə 864 milyon 910,95 min manat əlavə vəsait hesablanıb ki, bunun da 555 milyon 412,97 min manatını və ya 64,2 faizini əlavə hesablanmış vergi, 309 milyon 497,98 min manatını və ya 35,8 faizini isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlərlə birlikdə) təşkil edib".
Vergi orqanları tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi ilə vergidən yayınma halı ehtimal edilən 18352 sayda operativ vergi nəzarəti tədbiri və 2783 sayda xronometraj metodu ilə müşahidənin təyin edilməsi üzrə risklər təsdiq edilib: "Həmin risklər üzrə operativ vergi nəzarəti tədbirləri nəticəsində 14942 akt tərtib edilib ki, onlardan 12965 sayda akt üzrə qanun pozuntusu aşkar edilib, 10377 sayda məsuliyyət qərarı çıxarılmaqla vergi ödəyicilərinə 21 milyon 793,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub".