Ölkədə qiymətlər niyə sürətlə artır? - TANINMIŞ SOSİOLOQDAN AÇIQLAMA

Baxış sayı:
5240

“Son illərdə ərzaq məhsullarının qiymətlərinin davamlı bahalaşmasını müşahidə edirik. Bunun bir neçə səbəbi var. Bəzən deyirlər ki, dünyadakı vəziyyətlə bağlıdır. Biz görürük ki, dünyada bəzi məhsulların qiyməti ucuzlaşır, amma bizdə ucuzlaşmır. Gah da deyirlər, yerli istehsalın azalması ilə bağlıdır. Fərqli səbəblər var və hamısının burada rolu var”.
Bu fikirləri sosioloq Elçin Bayramlı “Hürriyyət”ə açıqlamasında bildirib. Onun fikrincə, ümumiyyətlə, dünyada gedən proseslər,  iqlim dəyişikliyi, quraqlıq və s. ərzaq istehsalını azaldır: “Bütün ölkələrdə bu problemlər müşahidə olunur. Bizdə əlavə olaraq yerli istehsalda ciddi problemlər var. Yəni hər hansı ölkədə quraqlıq müşahidə olunur, başqa hansısa müxtəlif səbəblərdən probemlər yaranır, bizdə bu subyektiv səbəblə - korrupssiya amili, monopliya məsələləri, sahibkarlara, fermerlerə müxtəlif maneələr və s. ilə bağlıdır”.
Elçin Bayramlı deyir ki, Azərbaycan 50 faizdən artıq idxaldan asılıdır: “Deməli, Azərbaycanda kənd təsərrüfatı ilə əhainin 40 faizinə qədəri məşğul olmalıdır. Amma bu, ölkənin tələbatının yarısını belə, ödəmir. Biz ümumilikdə 50 faizdən artıq idxaldan asılıyıq. Bəzi ərzaq məhsullarında isə bu rəqəm 70-80 faizə çatır. Hökümətin qarşısında məqsəd qoyulmuşdu ki, ərzaq təhlükəsizliyini təmin edək, amma edə bilmirik, əksinə hər il aqrar sektorda tənəzzül görürük. Statistikalar da bunu göstərir. Çox sahələrdə idxal artıb. İldən-ilə idxal artır, istehsal azalır. Bu, heyvandarlıq, bitkiçilik və digər sahələrə də  aiddir. Nəticədə də, təbii ki, idxaldan asılıllığımız bahalaşmaya gətirib çıxarır.
İkinci səbəb, sahibkarlara, fermerlərə, əkinçilərə yaradılan maneələrdir. Məsələn, suvarma işi yaxşı təşkil olunmayıb deyə su ilə bağlı problemlər var. Bu halda da ciddi problemlər yaranır. Bundan əlavə, fermerlərin bazarlama məsələsi, kəndlilərin öz məhsullarını rahat şəkildə bazara çıxarması təmin olunmadığına görə, yerlərdə 20-30 qəpiyə alınan məhsul paytaxtada, iri şəhərlərdə 1-2 manata satılır. Yəni məhsulu əkib-becərən yox, dəllallar, bazarları zəbt etmiş alverçilər qazanır. Bu halda sahibkar da, alıcı da uduzur. Tutaq ki, kəndli məhsulunu 20 qəpiyə satır, mən burda 1 manata alıram, ortadakı 80 qəpiyi dəllallar qazanır. Belə bir sistem qurulub. Bu səbəbdən də, milyardlarla pul ayrılsa da, bizdə kənd təsərrüftaı sahəsində heç bir irəliləyiş yoxdur”.
Sosioloq bildirir ki, Azərbaycanda neftdən sonra ən gəlirli sahə aqrar sektordur: “Digər sahələrə girmək imkanımız yoxdur. Nə ağır sənayedə dünya bazarına çıxa bilmərik, nə turizmdə rəqabət imkanımız, nə də informasiya texnologiyası sahəsində potensialımız var. Bizim əsasən aqrar sənaye sistemində potensialımız böyükdür. Aqrar sahə ən yüngül və yeyinti saneyəsi deməkdir. Təəssüf ki, biz bunu da qura bilməmişik. Xammal ixracatçısına çevrilirik. Məsələn, pambığı emal edib, ammal kimi ucuz qiymətə xaricə satırıq, oradan da dayanmadan geyim məhsulları idxal edirik. Burda milyardlarla pul itiririk. Bu, digər sahələrə də aiddir.
Deməli, ümumilikdə ərzağın bahalaşması daha çox iki səbəblə - xarici və daxili amillərlə bağlıdır. Burada isə daxili amilin payı daha çoxdur. Məsələn, biz görürük ki, xaricdə taxılın qiyməti ucuzlaşdı, bizdə isə heç bir fərq etmir. Nəticədə bu, yerli istehsalın azalmasına, qiymət artımına səbəb olur. Yəni məhsulun maya dəyəri artanda, təbii ki, bazarda bahalaşma yaranacaq”.
Ekspert deyir ki, məhsulun maya dəyərinin artmasına da bir neçə amil təsir edir: “Son illərdə  suyun, bitkiçilik dərmanlarının, yanacağın, dizelin, qiyməti artır, müxtəlif sahələrdə bahalaşma baş verir. Təbii ki, bu da bütün istehsalçılara zərbə vurur. Həm də məhsulların mayə dəyərini artırır.
Əlavə olaraq, bazarda tələb-təklif məsələsi də var. Təklif azalanda tələb çoxalır. Tələb təmin olunmursa, qiymətlər bahalaşır. Ona görə də yeganə şərt məhsul bolluğunun təmin olunmasıdır . Məhsul bolluğununu da idxalla təmin etmək doğru deyil. Birincisi, ölkə bazarına mənşəyi məlum olmayan ucuz məhsullar gəlir. İkincisi, ölkədən küll miqdarda valyuta çıxır. Üçüncüsü, bizim yerli istehsalçı sıradan çıxır, bazarlar xarici məhsulla dolur. Bunların hamısı ölkə iqtisadiyyatına zərər vurur, insanları işsiz, torpaqlarımızı istifadəsiz qoyur”.
Elçin Bayramlı vurğulayır ki, ölkəmizdə aqrar siğorta sistemi də bizlə işləmədiyinə görə insanlar bir çox hallarda zərərə düşür: “İnsanlar əziyyət çəkib, hektarlarla yerdə əkin-biçin edir. Son nəticədə, əldə etdiyi gəlir xərcləri ödəmir. Və gələn il əkmək istəmirlər. Artıq bu sahə sıradan çıxdı. Nəticədə həmin məhsullar xaricdən gətirilir. Halbuki, bizim ele potensialımız var ki, Azərbaycan özəhalisini tam şəkildə bütün ərzaq məhsulları ilə təmin edə bilər. Əlavə olaraq da böyük ixrac imkanlarımız var. Sadəcə, Kənd Təssərrufatı Nazirliyi aqrar sahədə düzgün stimullaşdırma aparmır, düzgün proqramlar yerinə yetirmir. Baxmayaraq ki, milyardlarla dövlət vəsaiti ayrılır, bu pullar batır. Deməli, burda problem var. Buna görə, sahibkarlara maneələr, korrupsiya aradan götürülməlidir”.
Sosioloq hesab edir ki, ölkədə bolluq və bərəkət yaratmağın çox sadə üsulu var: “Bunun üçün bütün ölkə boyu daimi yarmarkalar təşkil olunmalıdır. Bakı şəhərində minumum 5 və ya 10, Gəncə, Sumqayıt şəhərlərində 2 yerdə, digər şəhərlərdə 1 yerdə, yəni 365 gün daimi yarmarkalar olmalıdır. Bu yarmarkalara ancaq öz məhsulunu istehsal edən kəndlilər, sahibkarlar, fermerlər buraxılmalıdır. Bu halda onlar öz məhsulunu 20 qəpiyə deyil, 60 qəpiyə satacaq, gəlir əldə edəcək. Biz də alıcı olaraq 1 manata yox, 60 qəpiyə almış olacağıq. Deməli, biz burda 2 dəfə də irəli düşürük, dəllallar isə ortadan çıxır. Nəticədə, öz məhsulundan yaxşı gəlir əldə edən sahibkarlar, fermerlər, əkinçilər gələn il daha çox məhsul istehsal etməyə çalışacaq, öz imkanlarını genişləndirəcək. Texnika alacaq, daha yaxşı işçilər tutacaq, çalışacaq ki, çox məhsul istehsal etsin.
Üstəlik, məhsul hər hansı təbii fəlakət nəticəsində məhv olarsa, dövlət aqrar siğorta ilə zərəri kompensasiya etməlidir. Bizdə bu şeylər olmadığından, getdikcə aqrar sahədə tənəzzül baş verir. Aqrar sektorda məhsul azalması sənayeyə də zərər vurur. Çünki yeyinti sənayesi, yüngül sənaye artıq təmin olunmur.
Digər tərəfdən, biz niyə duru yağları Rusiyadan, Ukraynadan almalıyıq?! Axı, belə olmur. Bu zavodlar öz yerli südümüzdən istifadə etməlidirlər. Eləcə də davamlı olaraq ətin qiyməti qalxır. Niyə? Çünki heyvandarlıqda da maya dəyəri artıb, örüşlər azalıb. Bu kimi məsələlər ətin qiymətinin bahalaşmasına gətirib çıxarır. Nəticədə əhalinin sosial vəziyyəti ağırlaşır və ərzağın bahalaşması dayanmır”.
Ekspert qeyd edir ki, bahalaşmanın qarşısını almaq üçün ciddi dövlət qroqramı qəbul olunmalıdır: “Ölkənin yarısı Bakı və Abşeron zonasına dolub. Çünki regionlarımızın heç birində iş imkanları yoxdur. Dövlət elə siyasət yürütməlidir ki, şəhərlərə doluşmuş əhali geri qayıtsın, orada iş yerləri ilə təmin olunsun, təssərrüfatlar yaratsın, heyvandarlıqla məşğul olsun, əkin-biçin etsinlər. Regionlarda kiçik istehsal sexləri təşkil olunmalıdır. Biz niyə xarici ölkədən tomat idxal etməliyik?
Bundan əlavə, insanlaara güzəştli şərtlərlə kredit verilməlidir ki, gedib özünə iş yaratsın. Nəticədə, əhali bir yerə doluşmaz, Bakının da yükü azalar. Regionlarda da iqtisadi aktivlik olar. Məşğulluq məsələsi aradan qalxar. Xaricə çıxan valyutamız azalar. Dövlətin sosial yükü də azalar. Bu halda ünvanlı sosial yardım verməyə də ehtiyac qalmaz, insanlar özləri qazanacaq”.
Aynurə İSMAYIL