Oğurluq avtomobil aldı, başına gəlməyən iş qalmadı – NAXÇIVAN SAKİNİ AVTOMOBİLƏ ÖDƏDİYİ PULU GERİ ALA BİLMİR – Usubova müraciət

Baxış sayı:
6307

Bu ilin mart ayında Muxalifet.az saytına müraciət edən Naxçıvan MR-in Naxçıvan şəhəri, Əzizbəyov döngəsi 2, Ev 2-də yaşayan sürücü Babayev Əsgər Etibar oğlunun şikayətini dərc etmişdik. “Bakıda aldığı “Niva” oğurluq çıxdı, ödədiyi 6400 manatı geri ala bilmir” sərlövhəli yazıda şikayətçi prezident İlham Əliyevə və digər yetkili məmurlara müraciət etmişdi. O, yazırdı ki, 2017-ci ilin aprelində maşın bazarında özünə “Niva” markalı avtomobil axtararkən, bir nəfər ona yaxınlaşaraq ucuz qiymətə və kreditlə belə bir avtomobil təşkil edə biləcəyini söyləyib. Birlikdə 2007-ci il buraxılışı olan “NİVA” avtomobilinə baxış keçiriblər. Və ilkin olaraq 2800 AZN, daha sonra isə 10 aya 3600 AZN  ödəməklə, avtomobili almağa razılaşıb.
O, həmin avtomobili 2018-ci ilin yanvarında Naxçıvana aparıb. Orada tanış ustadan xahiş edib ki, avtomobilin rəngi qopmuş hissələrini bərpa etsin. Martın əvvəlində Naxçıvan şəhər polisindən zəng daxil olub ki, avtomobilin korpusunda yazılmış nömrə silinib və təkrar yazılıb. İddia olunub ki, avtomobilin rama hissəsi başqa bir avtomobilə məxsusdur. Bir sözlə, avtomobil oğurluqda şübhəli olduğuna görə, onu cərimə meydançasına aparıblar.
“Mən dərhal “20 Yanvar”da avtomobil maklerlərinin ofisinə gedib müdirləri olan Elçinə məsləni anlatdım ki, sizin mənə verdiyiniz avtomobil hazırda Naxçıvan Polis İdarəsində həbsə götürülmüşdür və araşdırma aparılır. Dedim ki, avtomobilin rama hissəsilə ban və motor nömrələri sonradan bir-birinə uyğunlaşdırəlımışdır, oğurluq olma ehtimalı vardır. Xahiş etdim ki, avtomobilin mülkiyyətçisi olan Sima Vəliyevaya deyin, avtomobilində olan çatışmazlığın səbəbi barədə Naxçıvan polisi ilə danışsın, ya mənim avtomobilimi polidən alıb qaytarın, ya da verdiyim cəmi 6400 manat pulu qaytarın, mənə oğurluq avtomobil lazım deyil” – deyə Əsgər Babayev saytımıza bildirmişdi. Lakin bütün rəsmi qurumlara müraciətinə baxmayaraq, o, oğurluq avtomobil üçün verdiyi pulu geri ala bilməmişdi.
Muxalifet.az-ın redaksiyasına Babayev Əsgər Etibar oğlu tərəfindən növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə daxili işlər naziri Ramil Usubova və digər rəsmi şəxslərə müraciət edən Naxçıvan sakini yazır:
“Mənə satılmış oğurluq NİVA markalı avtomobillə bağlı tədbir görülməsi üçün əvvəl etdiyim müraciətdən sonra Naxçıvan MR-Polis İdarəsində istintaq aparılmış və avtomobilin ban nömrəsinin silindiyi və yenidən yazıldığı aşkar edilmişdir.Yəni, avtomobilin oğurluq olduğu və onun metalloma verilməsi planlaşdırlsa da, sonradan mənim bir vicdanlı alıcı olaraq bu işdə günahımın olmamasına görə avtomobilin Bakı şəhərinə qaytarılmasına icazə verilmişdir. Mən bu avtomobili yenidən KAMAZ markalı yük avtomobilinə yükləyib, aldığım şəxslərə təhvil verib, pulumu bir aldadılmış alıcı kimi geri qaytarılmasını istəyirəm. Lakin 20 Yanvar metrostansiyasının yanında yerləşən avtomobil alverçilərinin Məmməd Cəfər Cəfərov küç.ev 10-da yerləşən ofisində mənə təkidlə bildirdilər ki, get bizə olan kredit borcunu tam ödə, ondan sonra get avtomobili sat. Mən etiraz etdim ki, siz mənə oğurluq avtomobil satmısınız. Bu hal polisdə də, ustada da araşdırılıb rəy verilib, mən sizdən normal sənədləri və texniki göstəriciləri yerində olan avtomobil almaq niyyətilə müqavilə bağlayıb bu avtomobili almışam. Lakin avtomobil oğurluq çıxdığına görə, zəhmət çəkib onu aldığınız adamdan geri qaytarılmasını tələb edin. Mənim də pulumu saxta avtomobil satdığınıza görə geri qaytarın. Bu avtomobil alverçiləri mənə qulaq asmaq belə istəmir, əksinə, zorakılıq edib məni ofislərindən qovdular ki, bizim mübahisə etməyə vaxtımız yoxdur. Nə qədər ki, Dövlət Yol Polisi İdarəsi bu NİVA markalı avtomobili qeydiyyata alıb, deməli avtomobilin göstəriciləri də düzgün olub.Qalanı bizlik deyil və avtomobili geri götürmürük.
Mən indi qalmışam çox pis vəziyyətdə. Mən indi bu oğurluq avtomobili kimsəyə sata da bilmərəm, dərhal geri qaytaracaqlar.
Odur ki, Daxili İşlər naziri cənab Ramil Usubovdan xahiş edirəm ki, belə bir saxta və oğurluq avtomobili mənə satan dəstənin fəaliyyətinin araşdırlımasına və mənə dəymiş ziyanın geri qaytarılması üçün ərzi üzrə Nəsimi Rayon polis İdarəsinə göstəriş verəsiniz”.
 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.