"Oğlumun müalicəsi üçün maddi imkanımız yoxdur” - QARABAĞ QAZİSİNİN ATASINDAN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
3202

“Sizdən xahiş edirəm, Vətən müharibəsi qazisi Məmmədov Rüstəm Ramazan oğlunun müalicəsinə və əlillik dərəcəsi almasına köməklik göstərəsiniz”

Göyçay rayonu, Müskürlü kənd sakini Məmmədov Ramazan Əvəz oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!

Mənim oğlum - 04.07.1997-ci il tarixdə anadan olmuş Rüstəm Məmmədov Azərbaycan Respublikası Prezidentinin 21.09.2020-ci il tarixli sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən 21.09.2020-ci il tarixdə səfərbərliyə cəlb edilərək, hərbi hissəyə aparılmışdır. O, vətən müharibəsində şücaət, qəhrəmanlıq  göstərmişdir.
Rüstəm 02 noyabr 2020-ci il tarixdə Suqovşanda gedən döyüşlərdə ağır yaralanmışdır. Ayağı bir neçə yerdən sınmış, başından və bədəninin müxtəlif yerindən qəlpə yaraları almışdır.
Yevlax rayon Xəstəxanasında müalicə olunmuş, sonra hərbi hissə komandiri tərəfindən məzuniyyətə buraxılmışdır.
Hazırda ayağı gipsdə, dəmir konstruksiyadadır. Hələ sağalmayıb, sol nahiyədə görmə və eşitmə qabiliyyəti yoxdur. Özüm “Azərbaycan Dəmir Yolları” QSC-nin Ucar ərazisində dəmir yolunda fəhlə işləyirəm. Övladlarımın böyüyü Rüstəmdir, digər 3 övladım azyaşlıdırlar.
Acınacaqlı, yoxsul vəziyyətdə yaşayırıq, heç bir yerdən maddi köməyimiz yoxdur. Yaşadığımız Müskürlü kəndindən Göyçay rayon Xəstəxanasına 20 km məsafədir. Hər gün oğlumu ora aparıb-gətirməyə belə, maddi imkanım yoxdur.
Evimiz qəzalı vəziyyətdədir ki, hər an uça bilər. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir dəfə də olsun Vətən müharibəsi qazisi olan, ağır yaralı oğlumla maraqlanmayıb. Hansı ki, oğlum Rüstəmin qazi olmasından onun xəbəri var.
Bəli, sevincimizin həddi-hüdudu yoxdur. Çünki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti nəticəsində 30 illik həsrətə son qoyuldu, Azərbaycanın şanlı ordusu qələbə çaldı, erməni vəhşilərdən torpaqlarımız azad edildi. Bütün bu qəhrəmanlıqların başında hörmətli Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev dayanır.
Bizim ailə ancaq İlham Əliyevə inanır, ona güvənir. Ağır yaralı olan qazi oğlum Rüstəmin müalicəsi üçün maddi imkanımız yoxdur. Həmçinin Rüstəm hərbi xidmətdə ağır yaralanıb, əmək qabiliyyətinin 90 % hissəsini itirdiyi üçün ona əlillik dərəcəsi təyin edilməldir. Buna isə bizim savadımız, təcrübəmiz yoxdur ki, Rüstəmin xəstəlik sənədlərini toplayıb lazımi orqana təqdim edək ki, ona əlillik dərəcəsi təyin edilsin.
Buna görə, Sizdən xahiş edirəm, Vətən müharibəsi qazisi Məmmədov Rüstəm Ramazan oğlunun müalicəsinə və əlillik dərəcəsi almasına köməklik göstərəsiniz. Bizim inam və güvənc yerimiz tək Prezidentimiz Ali Baş Komandanımız cənab İlham Əliyev və Mehriban xanım Əliyevadır. Allah Prezidentimizi və Mehriban xanımı qorusun! Qarabağ Azərbaycandır!”


Muxalifet.az