"Nuru Paşa, Allah buna görə bizi bağışlasın" - Deputat

Bu gün Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun indi içində rahat dolaşdığımız, paytaxtımız kimi təbliğ etdiyimiz, haqqında şeirlər yazıb, mahnılar oxuduğumuz bu şəhəri erməni-bolşevik qatillərindən azad etdiyi gündür.
 
Bu sözləri millət vəkili Fazil Mustafa Feysbuk hesabında Bakının erməni-bolşevik qatillərindən azad olunması haqda yazıb. O bildirib ki, Qafqaz İslam Ordusu Bakının Azərbaycan şəhəri kimi qalmasını təmin edib:
“Onlar bu torpaq uğrunda şəhid olublar, bizi erməni-bolşevik soyqırımından xilas ediblər. Mart qırğınının qisasını layiqincə düşməndən alıblar. Sonra da bu şəhəri ciblərinə qoyub aparmayıblar, dərhal paytaxta çevirmək üçün yeni yaranmış Azərbaycan Milli Hökumətinə təhvil veriblər”.
Millət vəkili qeyd edib ki, gələn il bu vaxt Bakının işğaldan azad olunmasının 100 illik yubileyidir:
“Təbii ki, tariximizdə olub-keçmiş ən şərəfli zəfər günü olmasına baxmayaraq, rəsmi bayram kimi layiqincə bu il də qeyd olunmayacaq, ola bilsin ki, 100 illik yubileyində də göyə görüntü üçün 5-6 fişəng buraxılacaq. Ancaq bunlara düşüncəmizi yönəltmək vacib deyil. Əsas olan millətin yaddaşıdır. Hər kəs Azərbaycanı, Bakını xilas etmiş türk əsgərinin ruhuna dualarını əsirgəməsin. Müəllimlər orta məktəbin, kollecin, universitetin auditoriyasında iki dəqiqə də olsa bu şərəfli günümüz barədə, milli qəhrəmanımız Nuru Paşa barədə övladlarımıza bilgi versin, imkanı çatanlar Şəhidlər Xiyabanında qəhrəman türk əsgərinin abidə-məzarlığını ziyarət etsin. Qoy Allah bizləri xilas etmiş bu şəhid qəhrəmanların ruhu qarşısında millət olaraq, ayrıca Azərbaycan vətəndaşı olaraq duyarsız davranışımıza görə günahımızı bağışlasın”.