NOTARİUSLA ƏLBİR OLUB, ÇOX SAYDA İNSANI ALDATDI... - Əlizadə-Məmmədov “cütlüyü”nün qanunsuz əməllərindən zərər çəkən şəxsdən şok açıqlamalar

Baxış sayı:
595

Abşeron rayonunun 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsinə sahiblənmiş şəxs ərazini hissələrə bölərək, qanunsuz olaraq müxtəlif şəxslərə satmaqda ittiham olunur. İddialara görə, sözügedən şəxs eyni ərazini 4-5 nəfərə satmaqdan belə çəkinmir.

Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 14.03.2008-ci il tarixli, 237 nömrəli sərəcamına əsasən, Əliyev Taleh Nizami oğlunun adına 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsi ayrılıb. Əldə etdiyimiz sənədlərdən aydın olur ki, Taleh Əliyev torpaqla bağlı bütün səlahiyyətlərini notarial qaydada qardaşı Coşqun Əlizadəyə ötürüb.

Şikayətçi olan vətəndaşlar iddia edirlər ki, aldıqları torpaq sahəsi təkcə bir şəxsə deyil, eyni zamanda dörd-beş şəxsə də satılıb. Belə olan halda, onlar nə torpaq sahəsini, nə də verdikləri pulu geri qaytara bilirlər.

Bu hadisədən məlumatlı olduqdan sonra ortaya maraqlı suallar çıxır. Görəsən, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Taleh Əliyevə torpaq sahəsi hansı məqsədlər üçün ayrılıb ki, o, daha doğrusu qardaşı Coşqun Əlizadə həmin torpaq sahəsini satışa çıxarıb? Ümumiyyətlı, həmin 2,96 ha torpaq sahəsinin təyinatı nədir?...

Bu suallara cavab axtarmazdan öncə, dəyərli oxucuların diqqətinə çatdıraq ki, məlum torpaq sahələrinin alqı-satqısı yalnız bir notariat ofisində - Bakı şəhəri 11 saylı Notariusda həyata keçirilib. Bu baxımdan, şikayətçilər iddia edir ki, Coşqun Əlizadənin bütün qanunsuz əməllərinə 11 saylı Notarius ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu şərait yaradım. Yəni, dolayısı ilə onlara qarşı dələduzluq əməlində İ.Məmmədovun da əlinin olduğu bildirilir.

Qeyd edək ki, Əlizadə-Məmmədov “cütlüyü”nün qanunsuz əməllərindən zərər çəkən şəxlərdən biri Yeni Suraxanı qəsəbəsində yaşayan Cahangirov Valeh Məhəmməd oğludur. O, "Hürriyyət"in redaksiyasına gələrək, Coşqun Əlizadə tərəfindən aldadıldığını bildirib. Valeh Cahangirovun sözlərinə görə, Bakı şəhər 11 saylı Notarius ofisində C.Əlizadədən aldığı torpaq sahəsinə dair etibarnamə sonradan ondan xəbərsiz ləğv edilib:

Valeh Cahangirov

"Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayıram. Taksi fəaliyyət ilə məşğulam. Yəni kəndin hamısını tanıyıram. Açıq desək, kim nə işlə məşğuldursa, bilirəm. Həmin ərazidə torpaq satanlardan biri də Coşqun Əlizadədir. Çox imkanlı adamdır. Həmin ərazidə bütün torpaqlar etibarnamə ilə alınıb. Kənd təsərrüfatı xarakterli olmasına baxmayaraq, həmin torpaqlarda evlər tikilib. Mən də orda torpaq almışam və ev tikmişəm. Mənə də sözügedən ərazini təklif edən Əlizadə Coşqunun adamı Elçin Cəfərovdur. O dedi ki, bu ərazinin sotunu 2000 manatdan satırıq. Daha sonra Coşqun Əlizadə ilə əlaqə saxladıq. Telefon əlaqəsində ona bildirdim ki, pulu faizə götürmüşəm… Mənə pul verən adam da demişdi ki, pul verilməsi üçün girov qoymaq lazımdır. Coşqun Əlizadə mənə narahat olmamağımı dedi.

Daha sonra Elçin Cəfərov sənədimi məndən alıb, Coşqun Əlizadəyə apardı. İki-üç gündən sonra Coşqun Əlizadə zəng etdi ki, Bakı şəhəri 11 saylı Notariusa gəlim. Notariusda 4 sot torpaq etibarnamə ilə Əlizadə Coşqunun adından mənə verildi. Üstündən 7 ay keçəndən sonra mənə dedilər ki, notariusda mənim sənədim yoxdur. Ləğv olunduğunu bildirdilər. Məsələdən xəbər tutduqdan sonra 11 saylı Notariusa getdim, dedim ki, əgər etibarnamə ləğv edilirsə, vətəndaşa xəbər verilməli, ən azından evinə məktub göndərilməlidir. Amma məndən xəbərsiz etibarnamə ləğv edilib".

Valeh Cahangirov iddia edir ki, bir çox vətəndaş da eyni üsul ilə Coşqun Əlizadə tərəfindən aldadılıb. Şikayətçi 11 saylı Notarius ofisinin xüsusi notariusu İlqar Məmmədovun da Coşqun Əlizadə ilə əlbir olduğunu vurğulayıb:

"Coşqun Əlizadə iddia edir ki, ödədiyim pul ona verilməyib. Mənim kimi çox adamları belə aldadıblar. Ödənişi etdiyim adam da ortalıqda yoxdur. Bunlar hamısı bir-birlərilə əlbirdirlər. Ərazi üzrə polisə müraciət etdim. Polislə əraziyə gəldim. Polis müvəkkili Coşqun Əlizadəyə zəng edib əraziyə çağırsa da, o, gəlməkdən imtina etdi. Əgər mən pul verməmişəmsə, necə olur ki, Coşqun Əlizadə 11 saylı Notariusa mənimlə birgə gəlir və mənə etibarnamə verilir?! Bakı şəhəri 11 saylı Notarius idarəsi qanunsuzluq edir. Məndən xəbərsiz etibarnamə ləğv edilib. Coşqun Əlizadə notarius idarəsi ilə əlbirdir. Müxtəlif şəxslərin etibarnaməsi də ləğv edilib.

Rəsmi olaraq polis idarəsinə də müraciət etmişəm. Polis idarəsində Coşqun Əlizadədən şikayətin çox olduğu bildirilib. Amma işimə düzgün qaydada baxılmır. Hara şikayət edirəm, bir-birlərinin üzərinə atırlar".

Son zamanlar vətəndaşlar tərəfindən avtomobilin və ya digər daşınmaz əmlakın “universal” ("generalnı doverennost") və ya “baş etibarnamə” adlanan etibarnamə ilə alınmasından yaranan problemlərlə qarşılaşırıq. Vətəndaşlar satış prosesində alqı-satqı müqaviləsi bağlamaqdan çəkinərək, işlərini daha asan olan etibarnaməyə etibar edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsində nəzərdə tutulmuşdur ki: Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Qanunla etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Mülki Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Lakin Bakı şəhər 11 saylı Notarius ofisi qanundan kənar addımnlar ataraq, etibarnamə verilmiş şəxsi məlumatlandırmamışdır. Bununla bağlı sözügedən notarius idarəsinin münasibətini öyrənməyə çalışsaq, da bu mümkün olmadı.

YƏHYA

P.S. Mövzunu davam etdirəcəyik.