Nuridə Quliyevanın yaxınları rahat buraxılmır...

Baxış sayı:
20135

Bu barədə “Hurriyyet.org”a ADP-çi mühacir Nuridə Quliyevanın bacısı məlumat verib: “Nuridə xanım siyasi fəaliyyətinə görə mütəmadi olaraq təqib və təzyiqlərə məruz qaldığına görə mühacirətə getməyə məcbur oldu. Hazırda mühacir həyatı yaşayır. Burada olduğu vaxtlarda müxalifətin təşkil etdiyi aksiyalarda fəal iştirak edib və hakimiyyətin siyasətini tənqid edən yazılarla çıxış edirdi. Bu fəaliyyətinə görə təzyiqlərlə üzləşirdi. Dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb.
Bu ilin əvəllərindən başlayaraq Nuridə xanıma qarşı təqiblər daha intensiv xarakter aldı. Yanvar ayında keçirilən mitinqdə çağırış xarakterli yazısından və həmin mitinqdə aktiv iştirak etdikdən sonra polis orqanları onu rahat buraxmadı. Davamlı olaraq təqib, təzyiq və həbs təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etdi. Ötən gün iki nəfər polis əməkdaşı evimizə gələrək Nuridə xanımı axtarmaq məqsədilə qanunsuz olaraq evdə axtarış aparmağa cəhd etdilər. Buna biz etiraz etdik ki, Nuridə xanım burada yaşamır. Onlar isə bizə hədə-qorxu gəldilər, bizim özümüzü də həbslə təhdid etdilər. Baş verənlərdən biz də, çox narahatıq. Nuridə xanım da orada çox narahatdır. Açıq şəkildə dedilər ki, Nuridə getməklə canını qurtara bilməz, onu harada olsa tapacağıq.”
Qeyd edək ki, təqib və təzyiqlər üzündən ölkəni tərk etmiş müxalifətçilərin yaxınlarının da təqiblərlə üzləşməsi birinci hal deyil. Hətta son zamanlar hakimiyyət orqanları mühacirətdə olan müxalifətçilərin ailə üzvlərinə və qohumlarına qarşı təzyiqlər edərək öz müxalifətçi övladlarından və qohumlarından imtinaya məcbur edirlər.
Nuridə xanımın təqib olunması və qohumlarının təhdid edilməsi onun ADP-çi olaraq fəal siyasi mübarizəsi və son zamanlar hakimiyyətin siyasətini tənqid edən yazıları ilə əlaqədardır. Paradoksal haldır ki, Avropanın demokratik təsisatlarının ölkədə mövcud olan insan hüquq və azadlıqları sahəsində dözülməz vəziyyətlə bağlı Azərbaycan hakimiyyətinə ünvanladığı çağırışlar ərəfəsində hakimiyyət orqanlarının demokratik düşərgənin nümayəndələrinə qarşı davamlı olaraq apardığı diskriminasiya siyasəti daha da sərtləşdirilir, demək olar ki, hər gün insanların siyasi baxışlarına və fəaliyyətinə görə təqiblərə, təzyiqlərə və həbslərə məruz qalması ilə bağlı yeni hallar baş verir.
 
Rasim