Kürəyinə YAP dəstəkli bıçaq saplanmış Azərbaycan…

Baxış sayı:
1456

Azərbaycanın kürəyinə YAP dəstəkli bir bıçaq saplanıb. Peşəkar bolşevik təcrübəsinə əsaslanan, kustar üsulu hazırlanmış bu bıçağın yanları çarpaz dişli, ucu qarmaq tiplidir. İrəli və geri hərəkətindən asılı olmayaraq, hər iki halda, öz ovunu yerindəcə öldürə bilər. Lakin bıçaq 1969-cu ildən saplandığı ilkin vəziyyətindədir. Sadəcə, sapı yeniləşib - YAP-laşıb. Əsas funksiyası saplandığı kürək sahibini (oxu Azərbaycanı) heydən salmaqdır. Hədəfi azərbaycanlılar, məqsədi məmmləkətdə kimsəyə nə rahat yaşamağa, nə də rahat ölməyə macal verməməkdir.
Burada - bu allahsız hakimiyyət məkanında çoxdandır ki, kimsə öz əcəli ilə ölə bilmir. Stress, əsəb pozğunluğu, ac mədələrin can üzüntüsü, nakişilərin kişiləri göz görə-görə dağlatması, dilənçi həyat tərzi, hakim zümrənın Azərbaycan boyunca yaydığı əxlaqsızlığlara tab gətirməyənlərin mənəvi sarsıntıları insanlarımızı əcəldən qabaq haqlayır və mələk Əzrailin ilahi missiyası canımızın qəsdinə duran tayfa başçılarının “önləyici tədbirlərilə” həyata  keçirilir. İnsan kimi yaşamağın dərd - sərindən gözü açılmayan azərbaycanlı rahat ölməyin də dərdinə hamilə olmaqdadır. Azərbaycanda rahat ölmək, əzəli məkanımız olan torpağa rahat baş qoymaq qismətimiz əlimizdən alınıb. Bütün həyat əhəmiyyətli sahələrdə olduğu kimi, rahat ölmək qismətimiz də monopolistlərin qirovuna çevrilib.
Burada - hallalığı haramzadalar əlinə keçmiş, yeri - göyü şeytanlıq tozuna bürünmüş bu məmləkətdə adamı rahat ölməyə qoymurlar. Qoymurlar ki, insan bu dünya ilə halallaşmağın son sözünü deyə bilsin. Qoynurlar ki, ata öz övladına vəsiyyətini edə bilsin. Ananı hansı dərddən öldüyünü dilə gətirməyə qoymurlar. Ömür insan kimi yaşamaq üçündür. Azərbaycanda mənasız ömür yaşamaqdan usanır.
Burada - nökər-naib kökənli bir rejimin şahənə insanlar üzərində ağalıq etdiyi bu məmləkətdə sağ qalmağın, rahat yaşamağın yolu antimilli siyasəti dəstəkləməkdən, arsız şair olmaqdan, haqq-ədalətin üzünə tüpürən hakimlikdən, elmi gədalar siyasətinin alətinə çevirən alimlikdən, sümük gəmirən, itdursaq məmurluqdan, öz xalqına  divan tutmaqdan yana əldən gedən polis gədalığından,  ekranlardan evlərə əxlaqsızlıq püskürən telekanalçı olmaqdan, bir sözlə insan adını unudub, heyvanı həyat tərzinə qəbul etməkdən keçir.
Burada-yaltaqlığın məddahlığın rəvac verildiyi, insanın əyilməsindən, alçaldılmasından xüsusi zövq alan, hakimi-mütləq gədaların rəhbərlik etdiyi bu məkanda əsl insanın orta yaş həddi kişi ömrü qədərdir. Mərhum jurnalist Elmar Hüseynovun ömrü qədər. Həq gün ölə bilərsən.
Burada-rütbənin, vəzifənin, şan-şöhrətin yalnız rəhbər döğanağından keçməklə əldə edildiyi bu əcaib diyarda uzun ömürlüyün davamı alçaqlıq və yaltaqlığın elastikliyi qədərdir. Diktator qarşısında əyilə bildiyin, alçaldığın qədər yaşaya bilərsən.
Burada-kasıbı ələ baxan, varlısı əldən qapan bu məmləkətdə nisbətən yaxşı yaşamağın yolu YAP-çılıqdan, daha yaxşı yaşamağın yolu heydərçilikdən keçir. YAP-çılıq xəstəliyinə tutulanların nəsibi qarın otarmaq, heydərçiliyə yoluxanların şansı bostan pozmaqdır. Fəqət Azərbaycanda hakim sülalədən başqa kimsənin nə rahat yaşamağa nə də rahat ölməyə şansı yoxdur.
Burası kürəyinə YAP dəstəkli bıçaq saplanmış və heydən salınmış Azərbaycandır. Vəssalam!
 
Nuridə Quliyeva