"Sahibkarlara operativ olaraq maddi dəstək göstərməliyik ki, bu vəziyyətdən çıxa bilsinlər" - PREZİDENT

Baxış sayı:
26209

Azərbaycan Prezidenti İlham Əliyev bu gün nazirlərlə keçirdiyi toplantıda “Diqlas” Ticarət Mərkəzindəki yanğınla bağlı olduqca dəqiq istiqamətlər göstərib.

Muxalifet.az xəbər verir ki, Prezident Maliyyə Nazirliyinə sahibkarlara operativ olaraq, ilkin maliyyə vəsaiti ayırması barədə göstəriş verib.

“İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməlidir, onların problemlərini dinləməlidir və onlara dəstək göstərməlidir. Maliyyə Nazirliyi sahibkarlara operativ olaraq, ilkin maliyyə vəsaiti ayırmalıdır ki, sahibkarlara bu vəsaitin verilməsi təmin edilsin. Bununla bərabər, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi yanmış malların qiymətini sahibkarlarla birlikdə araşdırmalıdır, aydınlaşdırmalıdır və bizdə bu məsələ ilə bağlı dəqiq məlumat olmalıdır”, - Prezident qeyd edib.

İlham Əliyev bildirib ki, yanğınla bağlı yaradılan komissiya bir müddət işləyəcək:

“Ancaq biz operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi dəstək göstərməliyik ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Gələcəkdə onları işlə təmin etmək üçün müvafiq addımlar atılacaq”.

Prezident həmçinin çox mühüm və hüquqşünasların diqqət etdiyi məqama da öz çıxışında tam dəqiqliklə aydınlıq gətirib:

“O ki qaldı ticarət mərkəzinin sahibkarlarının fəaliyyətinə, əlbəttə ki, onlar dövlət tərəfindən sahibkarlara veriləcək məbləğin ödənilməsini tam təmin etməlidirlər və edəcəklər. Ancaq nəzərə alsaq ki, biz istəyirik məsələ tezliklə öz həllini tapsın, bu məqsədlə, yenə də dediyim kimi, dövlət dərhal öz dəstəyini göstərməlidir”.

Qeyd edək ki, Prezidentin sahibkarlara yardımını yüksək qiymətləndirən hüquqşünaslar “Diqlas” Ticarət Mərkəzi sahiblərinin məsuliyyətdən kənarda qalmaması, yardım göstərən dövlətin artıq iddiaçı qismində çıxış etmək hüququ qazanmasını bildirərək, sahibkarlara operativ olaraq verilən yardımın daha sonra ticarət mərkəzinin binasının sahiblərindən alınması (Reqress qaydasında) gərəkdiyini vurğulayırdılar. Çünki yanğın təhlükəsizliyinə qarşı tədbir görmədiyi üçün sahibkarlara dəyən ziyanın məsuliyyətini bina sahibinin daşıması hüquqi prosesdir.