AZƏRBAYCAN GƏNCLİYİ UĞRUNDA MÜBARİZƏ - Müasir gənclər niyə öz gələcəyi uğrunda "savaş"da silahsız qalıb? – II YAZI

Baxış sayı:
20223

(Əvvəli bu linkdə: Azərbaycan gəncliyi uğrunda mübarizə - Müasir gənclər niyə öz gələcəyi uğrunda "savaş"da silahsız qalıb?)

Məqaləmin ötən sayında Azərbaycan gəncliyinin çoxşaxəli mübarizə meydanında silahsız qaldığını qeyd etmişdim. Bu mübarizədə silahsız qalmağın ölümə bərabər olduğunu və dövlətimizin gələcəyi hesab olunan gəncliyimizin itirilməsinə doğru yönəldiyini nəzərinizə çatdırmışdım. Bu dəfə isə mövcud situasiyanın daha da dərininə enmək və nəzərdən qaçırdığımız amilləri yada salmaqla, əslində dediklərimin nə dərəcədə təhlükəli tendensiyalara səbəbiyyət verdiyini göstərmək istəyirəm. Artıq aparılan işlərin miqyası o dərəcədə geniş və hərtərəflidir ki, nəyisə gizlətmək və ya üstüörtülü formada mesaj vermək ənənəsinin özünü doğruldacağını düşünmürəm. Gəncliyimizi onları sonu bilinməz bir ideyalar zənciri ilə öz məqsədlərinə istiqamətləndirənlər haqqında susmaq yox, sona qədər mübarizə aparmaq lazımdır. Bu mübarizə yetərincə açıq və radikal olmalıdır. Dost da, düşmən də bəlli olmalı, hər kəsə layiq olduğu şəkildə davranılmalıdır.
Başlayaq ilk olaraq hadisələrin çıxış nöqtəsi hesab etdiyim Demokratik Təşəbbüslər İnstitutundan. Adından göründüyü kimi məqsədi demokratiya uğrunda mübarizəyə köklənmiş bu qurum birbaşa Amerika, Belçika və Çexiya səfirlikləri vasitəsilə əldə olunan maddi vəsaitlə (siz bunu “qrant” adı ilə tanıyırsız) gənclərimiz üçün xüsusi ixtisaslaşmış təlimlər təşkil edir. Təlimlərin adlarına diqqət yetirin: “Jurnalistika məktəbi”, “Gənc liderlik” və “Gənc Hüquqşünaslar”. Hər təlim artıq sayını müəyyən etmədiyim sayda təşkil olunmuş, daha çox savadlı və intellektual gəncləri sıralarında toplamışdır. Sadə riyazi hesablama ilə hər təlim üçün ortalama 30 nəfər gəncin seçildiyini nəzərə alsaq, adı çəkilən qurumun təlimlərində artıq 350 gəncin iştirak etdiyini müəyyən etmiş olarıq. Halbuki, bu rəqəm sadəcə minimal olaraq nəzərdən keçirilən statistikadır. Təlimlərdə hansı mövzuların keçirilməsi və mühazirəçilərin kimlər olduğunu isə yazmağa ehtiyac görmürəm. Ölkədə gənclərə alternativ formada təklif olunan mütəxəsislərin müxalif siyasi yönümlü olmaları hər kəsə məlumdur. Müxalif yönümlü mühazirəçilərin gəncləri siyasətdən kənar formada təhsillə təmin edəcəyini, onları propaqanda aləti kimi istifadə etməyəcəyini gözləmək isə sadəlovlükdür. “Jurnalistika məktəbi” xüsusi olaraq seçilmiş təlim itirakçıları arasından könüllü və peşəkar jurnalist yetişdirmək, “Toplum Tv”, “Argument.az”, “Kanal 13” və s. kimi Demokratik Təşəbbüslər İnstitutu ilə əlaqəli xəbər saytları üçün sosial baza təmin etmək rolunu oynayır.
“Gənc liderlik” müxtəlif təşəbbüs qruplarında təmsil olunan və gənc qruplarını istiqamətləndirən gənc və təşəbbüskar fəallar yetişdirməklə, “Gənc Hüquqşünaslar” isə insan hüquqları, vətəndaş jurnalistikası, hüquq müdafiəçiləri olmaqla fəal və aktiv gənclər yetişdirmək üçün sosial baza təmin edir.
Bu çərçivədə nəzərinizə çatdıracağım digər bir qurum Y-Peer Azərbaycan-dır. Y-Peer gənclər işi sektorunda, dünyanın 52 ölkəsində fəaliyyət göstərən, BMT Əhali Fondunun təşəbbüsü ilə 2002-ci ildə təşəkkül tapmış qlobal gənc həmyaşıd təhsili şəbəkəsidir. Şəbəkənin ümdə görüşü gəncləri daha təhlükəsiz, sağlam və ədalətli cəmiyyət naminə birləşdirməkdir. Y-Peer imkanlara bərabər çıxışın təmin edilməsini təbliğ edir, gender, cinsi orientasiya, seroloji status, fiziki qabiliyyətlər və əlillik, siyasi və dini görüş, etnik və ya milli mənsubiyyət, fiziki məhdudiyyət, eləcə də xroniki xəstəliklər əsasında ayrıseçkiliyə qarşı mübarizə apararaq, 200-dən artıq fəal gənci öz sıralarında birləşdirir. Sosial şəbəkələrdə daha çox gender, məişət zorakılığı, insan hüquqları, təhsil problemləri ilə məşğul odluğunu önə çəkən bu qurum müxtəlif təyinatlı sosial lahiyələrlə fəaliyyətini təmin edir. Bu layihələr sırasına son zamanlarda Amerika səfirliyinin dəstəyi ilə təşkil olunmuş “Filmakt-Dəyişiklik üçün çək”(2019 fevral) layihəsini göstərmək yerinə düşər. Bu qədər mütərəqqi işlərin görülməsi təbii olaraq cəmiyyətimiz və Azərbaycan gəncliyi üçün olduqca önəmlidir. Hətta bu cür layihələri alqışlamağımız təqdirə layiqdir. Lakin... Görəsən, bu qədər başgicəlləndirici naliyyətlərin arasında imkan tapıb soruşuruqmu ki, Azərbaycanda bu şəbəkənin rəhbərliyindəki şəxslər kimlərdir(Namiq Abdullayev), yaxud onların yuxarıda adı çəkilən qurum və təlimlərlə nə kimi əlaqələri var? Hər şey doğrudanmı gül-çiçək içərisində, ədalətli cəmiyyət, sağlam gənclik illuziyaları arasında itib batır.
Götürək digər bir qurum olan və Y-Peerlə yaxından əməkdaşılıq edən MİL şəbəkəsini. MİL Sosium & Gender MİL Şəbəkəsi daxilində gəncləri vətəndaş cəmiyyəti və gender mövzularında maarifləndirmək üçün təşkil edilmiş ictimai layihədir. Layihənin əsas məqsədi vətəndaş cəmiyyəti və gender anlayışlarının dərindən öyrədilməsi və Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir. Şəbəkə “Mil sosial iş akademiyası”, “Mil hüquq”, Gender və Sosiumla bağlı olan çoxsaylı təlimlərin təşkilatçısıdır. Bu təlimlərdən Gender və Sosiumla bağlı olaraq artıq VI təlimin təşkil olunduğu məlumdur. Yenə əvvəldə qeyd etdiyimiz sadə riyazi hesablama ilə şəbəkənin bilinən təlimlərində təqribən 540 gəncin itirak etdiyi nəticəsinə gəlirik. Halbuki, bu sadəcə olaraq hesablaya biləcəyimiz minimal nəticədir. Digər tərəfdən də bu layihələrin itirakçıları olan gənclər yenidən eyni şəbəkədə müxtəlif təlimlərdə aparıcı rollarda iştirak etmək hüququ əldə edirlər. Yəni sistem daha da genişlənir və şaxələnir. Şəbəkə Y-Peer-lə yanaşı, xüsusilə region gəncləri arasında özlərinin də açıq formada qeyd etdiyi kimi, şəbəkələşmə işləri ilə məşğuldurlar. Şəbəkənin müsbət propaqandasını təşkil etmədən, əsas olan suala diqqətinizi çəkmək istəyirəm. Şəbəkənin idarə edənləri kimlərdir? Yuxarıdakı qurumlarla hansı əlaqələrə malikdir? MİL Şəbəkəsi özlüyündə hansı müxalif hərəkatın tərkibində yaradılmış və sonra müstəqillik qazanmışdır və niyə?  Yenə də saf, ülvi ideyalar arxasına sığınmış sualların şahidi oluruq.

Digər bir layihə olan “Toxum” artıq 1 ilə yaxındır ki, insanlara hüquqi yardımların təmin olunması, gənclərin layihələrinə dəstək verilməsi və bir sıra digər mötəbər işlərlə bağlı olaraq fəaliyyətini davam etdirir. Təbii ki, gözəl və gərəkli təşəbbüs olması ilə bağlı şübhələrimiz ola bilməz. Lakin gəlin baxaq layihənin təşkilatçıları olan şəxsləri (Mir Hüseyn Həbibli, Kamil Manaf) Demokratik Təşəbbüslər İnstitutu və xüsusilə də “Gənc liderlik” təlimləri ilə nə birləşdirir?
“Kəpənək” komandası “Oxu ötür”, “Yaz-ötür”, “İnkişaf zamanı”, “Kitab bankı” və “Kitab səhnəsi” kimi layihələrlə gündəmə gəlmiş, ətrafında 100-dən çox fəal gənci birləşdirməyi bacarmış layihədir. “Kəpənək” komandasının təşəbbüskarlığı və fəaliyyət sferaları olduqca mütərəqqi ideyalardan ibarətdir. Regionlardakı gənclərimiz üçün kitabların göndərilməsi, gənclərimizin kitaba və yazı vərdişlərinin inkişaf etdirilməsinə olan dəstəkləri, qatqıları danılmazdı. Lakin... “Kəpənək” komandasının rəhbər şəxsləri və ya əsas istiqamətləndirici fiqurları kimlərdir və onları yuxarıdakı qurumlarla, xüsusilə də Demokratik Təşəbbüslər İnstitutu və onun təşkil etdiyi təlimlərlə bağlayan cəhətlər hansılardır? Bu məsələ ilə bağlı sadə bir nümunəyə diqqət yetirək. 2018-ci ilin avqustundan etibarən fəaliyyətə başlayan yeni kampaniya var idi. Layihənin adı qismində “Gəl birlikdə oxuyaq” seçilib. “Gəl birlikdə oxuyaq” kampaniyasının məqsədi daun sindromlu Nazlının təhsilinin davamlılığını təşkil etməkdir. Nazlı inklüziv sinifdə təhsil alır və təhsilini davam etdirməsi üçün ara vermədən loqoped, pedoqoq, psixoloq yanına getməlidir. Heç bir bəd niyyət güdülməsi mümkün olmayan və güdülməsinə də inanmayacağımız bu təşkilatçılıq nümunəsinin rəhbər heyətində kimlər təmsil olunur? Təmsilçilər arasından iki nəfəri sizlərə təqdim edirəm - Gülzar Məmmədli və Atanur Cəfərli. Yeni bir sual: bu iki şəxsi yuxarıda adını çəkdiyimiz qurumlarla hansı bağlar əlaqələndirir? Çox sadə Demokratik Təşəbbüslər İnstitutu və onun müvafiq təlimləri.
“Kəpənək” komandası ilə əməkdaşlıq edən digər bir sosial təşəbbüs qrupu olan “Gəl danış”-a nəzər salaq. Gənclərin öz fikirlərini azad şəkildə ifadə edə biləcəkləri, rahat sosiallaşa, əylənə və əylənərkən də öyrənə biləcəkləri məkan olan, onlarla sosial aktiv gənci sıralarında birləşdirməyi bacarmış “Gəl danış” kollektivinin kimlər tərəfində istiqamətləndirildiyini bilirikmi? Həmin şəxslərin siyasi mənsubiyyətləri, aid olduqları siyasi təşkilatlar necə, onlardan xəbərimiz varmı?
Siyahı çox genişdir. Bu cür bir-biri ilə əlaqəli, yaxud da müstəqil görünən, lakin daxilində istiqamətləndirici fiqur kimi yer almış şəxslərin olduğu daha neçə-neçə qurumun adını çəkə bilərəm. Sizcə də bu qədər qurumun, daha çox sosial, təhsil, gender, insan hüquqları, məişət zorakılığı kimi sahələrə yönəlməsi, daha çox gənclər arasında təbliğata və şəbəkələşməyə çalışması təəccüblü deyilmi. Niyə bütün bu qurumlar üçün eyni fəaliyyət metodları xasdır. Adını çəkdiyimiz sosial təşəbbüskar qurumlar rayonlara səfərlər, rayon gəncləri, məktəblilər üçün kitab sovqatının yollanması, uşaq evlərini ziyarət kimi sosial təbliğat vasitələrindən istifadə etmələri, ölkə xaricində, əsasən Gürcüstandakı layihələrdə fəal iştirak səviyyələri də nəzərə alındığında metod eyniliyi bütün bu qurumların eyni mərkəzdən idarə olunması ilə bağlı şübhələrimizi təsdiqləmirmi? Bu qurumların hər birinin daha çox universitet gənclərinə yönəlmələri, üzvləri sırasında tələbələrə daha çox rast gəlinməsi hansısa bir məqsəddən xəbər vermirmi?
Məqalənin əvvəlində bu qurumlara daxil olan gənclərin sayını təqribi müəyyən etməyə çalışırdıq. Bəli, dövlətimiz hər il minimum 1200 savadlı və intellektual, xüsusi bacarıqlara malik gəncini itirir. “İtirir” demək nə dərəcədə doğru bir ifadədir bilmirəm, lakin pub-larda itirilən yüzlərlə gəncin yanında 1200 savadlı və fəal gənc artıq “itirmək” deyil, “uduzulmuş mübarizə” deməkdir.
Təlimlərin digər xarakterik cəhəti təkrar iştirak əvəzinə, daha çox yeni iştirakçılara hesablanmış omasıdır. Bu, gerçək rəqəmlərin minimal hesalanmadan qat-qat çox ola bilməsi ehtimalı deməkdir. Bu say indiki an üçün dəhşətli rəqəm olduğu kimi, bir neçə ilə istənilən radikal müxalifət partiyasının “Məhsul” meydanına çıxara bildiyi insan sayından olduqca yüksək olacaq. Lakin radikal müxalifətdən fərqli olaraq bu qurumlar və onların təlimlərini keçmiş olan gənclər aktiv siyasi fəaliyyətə qoşulmur, daha çox gözləmə mövqeyinə yiyələnirlər. Çünki dəyişiklik hər zaman içəridən baş verən bir prosesdir.
Mənim artıq ikinci yazımda demək, daha doğrusu hayqırmaq istədiyim gerçəklər məhz bunlardır. Ən yaxşı ideyalar, ən mütərəqqi fikirlər ilə silahlanmış qurumlar gəncliyimiz uğrunda mübarizə aparmaqdadır. Özü də elə mübarizə ki, hərtərəfli qazanan məhz onlar olacaqlar. Bu, Azərbaycanı və Azərbaycan gəncliyini hər ehtimalda məğlub olacağı bir oyuna sürükləmək deməkdir. Şərtləri diqtə edənlər başqaları olduğu müddətcə heç bir mütərəqqi ideya, fikri, humanist yanaşma həqiqətən uğur qazana, illuziyadan başqa bir şey ola bilməz.
Biz gənclərimizə deyə bilmərik ki, “oxumayın!”. Biz deyə bilmərik ki, “gənclər, təşəbbüskar olmayın!”, gender problemindən danışmayın, hüquqlarınızı öyrənməyin, özünüzü inkişaf etdirməyin. Bunu demək üçün ən azından mənəvi haqqa sahib deyilik. Çünki biz də hər kəs kimi gənclərimizin, övladlarımızın daha yaxşı gələcək görməsini dilimizdə də olsa arzulayırıq. Lakin biz həm də bütün bu liderlik, yeni elit gənclik yaratmaq illuziyalarının arxasındakı səbəbləri görə bilirik. Görə bilirik, lakin əlimizdən heç nə gəlmir. Bu qurumların qarşısına nə ilə çıxa bilərik?! Bir Azərbaycan gəncini bu qurumların pəncəsindən xilas etmək üçün onlardan daha yaxşısın təmin etməyimiz gərəkməzmi?  Bəs, biz bunu bacarırıqmı? Biz Azərbaycan gəncinə nə vəd edirik?

Rəvan Əliyev

P.S. Ötən yazımda da vurğuladığım kimi, biz bu mübarizədə silahsızıq!