Zurabişvili üçün bir səs 50 lariyə - Seçki “alveri”

Qardabanidəki seçki məntəqələrində Gürcü Arzusu Partiyası bütün administrativ resurslardan istifadə etməyə çalışır.
Bu sözləri Axar.az-a açıqlamasında eks-deputat, Vahid Milli Hərəkat Partiyasının Qardabani üzrə lideri Ramin Bayramov deyib. Onun sözlərinə görə, iqtidar nümayəndələri seçkidə müxtəlif ünsürlərdən, o cümlədən kriminalla əlaqəli şəxslərdən istifadə etməyə çalışır:
“Böyük pulların paylanılması ortaya çıxıb. Hər məntəqədə pozuntular həyata keçirməyə cəhd edirlər. Ən çox müdaxiləni Milli Təhlükəsizlik Xidməti edir. Bəzən kriminal keçmişi olan şəxslərdən də geniş təhdid vasitəsi kimi istifadə edilir. Demək olar ki, bütün dövlət strukturlarından istifadə olunur. Dövlət strukturlarının nümayəndələri hər sferadan olan şəxslərə Zurabişviliyə səs verməyi tələb edir, əks təqdirdə hədələyirlər”.
O, seçkidə pul paylanılması ilə bağlı faktlardan birinin Qaratəklə kəndində qeydə alındığını deyib. Bayramovun sözlərinə görə, bu kənddə müəyyən şəxslərə Zurabişviliyə səs verməyi, daha sonra isə bülletini onlara göstərməyi, bunun qarşılığında isə 50 lari almağı təklif ediblər.