​Qərb Saakyanı Azərbaycana satacaq - Çxvediani

Baxış sayı:
6082

Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirak edən ölkələrin paytaxtlarına səfəri seçkidə qalib gələcək Paşinyanın “Qarabağ klanı”nın qalan nüfuzunu da məhv etməyə başlamasından sonra özünə sığınacaq tapmaq üçün ümidsiz cəhdidir.
Bu sözləri Bako Saakyanın Fransa, ABŞ və Rusiyaya səfərlərini şərh edən gürcü politoloq Vladimir Çxvediani deyib.
“O da Paşinyanın həbsə ataraq və Ermənistanın bütün bədbəxtliklərində əsas günahkar elan edərək metodiki şəkildə parçalayacağı bütün “Qarabağ klanı” kimi məhkumdur. Qaçmaq üçün yer tapmaq lazımdır. Əlbəttə, əgər imkan versələr”, - politoloq bildirib.
Ekspertin fikrincə, Saakyanın son səfərinin məhz Moskvaya olması daha əvvəl səfər etdiyi ölkələrin heç birinin ona sığınacaq verməyə razılaşmamasıyla bağlıdır.
“Qarabağ klanı çarəsiz vəziyyətdə buna ümid edir. Ancaq onlar xüsusən Ermənistanı rüsvayçı şəkildə amerikalılara təslim etdikdən sonra kimə lazımdır? Ruslar bunu onlara bağışlamayacaq”, - Çxvediani qeyd edib.
Gürcü politoloqun sözlərinə görə, bütün bunlara baxmayaraq, Moskva Bako Saakyana vaxt ayırıbsa, bu, yalnız Bakı ilə gələcək ticarətdə yaxşı “kozır” ola biləcəyi üçün edilib. Üstəlik Saakyanın fikirlərini heç kim diqqətə almayıb, çünki o, şərtləri diktə edəcək vəziyyətdə deyil.
Çxvediani Rusiyanın buna razılaşmasının səbəbi kimi Moskvanın hələ də Bakı ilə razılığa gəlməsi lazım olan məsələlərinin olduğunu bildirib. Belə ki, bu cür “kozır”a sahib olmaq ticarətdə hər zaman əlverişlidir. Dünyanın digər siyasi paytaxtları isə “Qarabağ klanı”nın xilas edilməsində bir o qədər də maraqlı deyil.
“Digərləri isə onları ya “günah keçisi” kimi Paşinyana, ya da uyğun qiymətə Qarabağın dinc əhalisinə qarşı soyqırımda günahkar kimi Azərbaycana çox sadə şəkildə “sata” bilərlər”, - politoloq vurğulayıb.
Çxvediani son zamanlarda Rusiyanın Qarabağ münaqişəsinə dair siyasətində təkamül hiss olunduğunu bildirib.
“Rusiya birmənalı şəkildə İrəvana dəstəyini kəsəcək və siyasətini Ermənistanın könüllü şəkildə işğalı aradan qaldırması zərurəti istiqamətində inkişaf etdirəcək, ancaq ABŞ bu prosesi ləngidəcək. Çünki İrəvan artıq onlarındır və erməni işğalçıları faktiki olaraq ABŞ marionetkalarıdır”, - ekspert qeyd edib.
Söhbətin yekununda gürcü politoloq bildirib ki, Azərbaycan bu cür heç də asan olmayan şəraitdə öz ərazi bütövlüyünü bərpa etmək və sabitliyini qorumaq üçün ehtiyatlı davranmalı, mütəmadi olaraq silahlı qüvvələrinin müdafiə qabiliyyətini artırmaqla məşğul olmalıdır.