ABŞ Putin və Poroşenkonu birbaşa danışıqlara çağırdı

Baxış sayı:
5371

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Kerç boğazı ətrafındakı hadisə ilə əlaqədar Rusiya və Ukrayna prezidentlərini - Vladimir Putin və Pyotr Poroşenkonu birbaşa danışıqlara başlamağa çağırıb.
Muxaliet.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti tərəfindən yayılmış bəyanatda deyilir.
Pompeo həmçinin, tərəfləri təmkinli olmağa və beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.
Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerçen boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisi saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. “İnterfaks” agentliyinin mənbəyinin məlumatına görə, Simferopol məhkəməsi noyabrın 27-də ukraynalılar barəsində ehtiyat tədbiri seçməyi planlaşdırır.
Poroşenko ötən gün Rusiya rəhbərliyindən dənizçiləri və gəmiləri azad etməyi tələb edib. Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsi pozub.