Bayılda hökumətin kompensasiya ödəyib köçürdüyü ərazidə yenidən plansız evlər tikilir - REPORTAJ

Bakıda bir qrup şəxs Səbail rayonu, II Salyan döngəsi adlanan ərazidə 3 il öncə plana düşərək sökülən evlərin yerində yenidən yaşayış evləri tikərək vətəndaşlara satıblar. Artıq həmin ərazidə bir neçə təzə ev tikilib və yaşayış bərpa olunub. Bundan başqa, qalan boş ərazilərdə də tikinti davam edir. Bu haqda musavat.com-a həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.
Qeyd edək ki, Səbail rayonu, II Salyan döngəsi ərzisində 2014-cü ilin sonunda Avropa oyunları ilə əlaqədar 30-a yaxın ev plana düşüb. Bunun səbəbi Su İdman Sarayına yeni yolun çəkilişi və abadlıq işlərinin aparılması olub. Evləri plana düşən sakinlərə hökumət tərəfində müvafiq kompensasiya verilərək, başqa yerlərə köçürülüb. Lakin sonradan müəyyən səbəblərdən qəsəbədə söküntü işləri dayandırılıb. Sözügedən yol yenidən təmir olunaraq genişləndirilsə də, qalan ərazilərdə heç bir iş aparılmayıb.
3 il sonra, yəni bu ilin aprel ayında boş qalan ərazidə bir qrup işbazlar tərəfindən yenidən tikintiyə başlanılıb. Artıq onlar bir neçə ev tikərək vətəndaşlara satıblar və hökumətin köçürdüyü ərazidə yaşayış yenidən bərpa olunub.
Musavat.com-un müxbiri adı çəkilən ünvanda olan reportyoru öyrənib ki, 2014-cü ildən Bayıl qəsəbəsində köçürülməsi nəzərdə tutulan bir neçə küçənin siyahısında II Salyan döngəsi də var. Lakin qəsəbədən əhalinin köçürülməsi prosesi hələ tam yekunlaşmayıb. Cəmi 30 ailə köçürülüb.
Sakinlər isə bizə bildirdilər ki, onlar səbirsizliklə söküntü prosesinin başlamasını və özlərinin də kompensasiya verilərək köçürülməsini istəyirlər. Çünki ilk “Sovetski” qəsəbəsini xatırladan ərazidə evlər hədsiz dərəcədə sıx və yaşayış üçün əlverişsizdir.
Lakin görünən odur ki, 3 il öncə köçürülən ərazilərdə yenidən yaşayış bərpa olunur. Bu isə qəsəbə sakinlərini narahat edir. Digər bir məqam isə odur ki, əgər söküntü prosesinə yenidən başlanılsa, hökumət eyni ərazi üçün ikinci dəfə kompensasiya ödəməli olacaq.
Həmsöhbət olduğumuz sakinlərdən biri isə bildirdi ki, tikinti bir qrup şəxs tərəfindən aparılır: “Bu evlərin tikilməsi hökumət üçün 1.5 milyon manat əlavə kompensasiya deməkdir. Bu ərazidən 30 ev köçürülüb. İşbazlar müxtəlif vasitələrdən istifadə edərək həmin yeri özəlləşdiriblər. Bu məsələdən Səbail Rayon İcra Hakimiyyətinin də xəbəri var. Lakin çoxsaylı şikayətlərə baxmayaraq, bir tədbir görmürlər. Hansısa sıradan bir insan plana düşən və dövlətin kompensasiya verib köçürdüyü ərazidə bu böyüklükdə tikinti apara bilərmi? Əlbəttə, yox. Maraqlı məqamlardan biri də budur ki, həmin ərazi elektron xəritədə (Google map) boş ərazi kimi göstərilib”.
Özümüz də müşahidə etdik ki, sökülən ərazidə bir neçə ev tikilib, yaşayış var. Sakinlər də bu tikililərin qeyri-qanuni olduğunu bildirdilər. Onlar qanusuz tikintini kimin apardığını bilmirlər: “Təxminən 1000 kvadratmetr ərazini iki gecədə tikib üstünü bağladılar. O qədər tələsik tikdilər ki, heç bir tikiliyə pəncərə belə qoymadılar. Çəpər formasında tikib, sonradan xüsusi aparatla ilə qapı-pəncərə yeri açdılar. Məqsədləri pul qazanmaq olsa da dövlətə ziyan vururlar. Bu ətrafda evlərin hər kvadratmetri 1500 manatdan hesablanır. Hazırda aparılan tikinti dörd evin yerini əhatə edir”.
Onu da öyrəndik ki, tikilən təzə evlərin bir neçəsi boşdur və satışa çıxarılıb. Müştəri qismində yeni mənzillərin sahibləri ilə görüşə bildik və onlardan bu evləri necə aldıqlarını soruşduq. Cavabında bildirdilər ki, evləri Səbail rayon İcra Hakimiyyətinin verdiyi razılıq əsasında alıblar: “Bizə sənəd olaraq “litsavoy” veriblər. Bu sənəd tam qanunidir. Kommunal ödənişlər sənəddə göstərilən ünvana gəlir”.
Sakinlərdən birinin bizə təqdim etdiyi sənədlərdən biri ərazinin “Google xəritə”nin görüntüsünün çap versiyasıdır. Sənədin üzərində 3 saylı xüsusi təyinatlı MKTB-nin 149 saylı mənzil-kommunal istismar sahəsinin qeydi yazılıb və möhürü vurulub. “Litsavoy” adlanan sənəddə isə sadəcə mənzil sahibinin ailə tərkibi göstərilib. Bu iki sənəd üçün ümumilikdə evi alan şəxs 2000 manat pul ödəməli olub. Evi isə təmirsiz şəkildə 45 min manata alıb. Qonşuluqdakı boş evlər isə hazırda satışdadır və təmirsiz şəkildə 80 min manata təklif olunur.
149 saylı mənzil-kommunal istismar sahəsi nümayəndəsi hazırda rəhbərliyin yerində olmadığını, gələn zaman sualımıza cavab verəcəyini bildirdi.
Xatırladaq ki, 2014-cü ildə Səbail rayonun Bayıl qəsəbəsi və "20-ci sahə" yaşayış massivində Arif İsmayılov, II Salyan döngəsi, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsi də nəzərdə tutulurdu. Lakin müəyyən səbəblərdən söküntü işləri müvvəqəti təxirə salındı və hələ də prosesə başlanılmayıb.