KTMT hərbi blokunda müşahidəçi statusu yaradılır

Baxış sayı:
1729

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi bloku yanında müşahidəçi və tərəfdaş statuslarında təmsilçilik yaradılır. Virtualaz.org xəbər verir ki, bu haqda blokun mətbuat xidmətinin avqustun 20-də yaydığı rəsmi məlumatda bildirir.

Məlumata əsasən avqustun 16-17-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə bu hərbi blok yanında müşahidəçi statusunda təmsilçilik və KTMT-nin tərəfdaşı statusunun hüquqi rəsmiləşdirilməsinə dair sənədlər paketinin razılaşdırılması üçün məsləhətləşmələr keçirilib.

KTMT-nin katibliyində keçirilən məsləhətləşmələrin yekunu olaraq müzakirə olunan sənədlərin razılaşdırılmış hesab  olunması qərara alınıb. Yaxın vaxtlarda sənədlərin layihələri KTMT-nin xarici işlər nazirləri Şurasının, habelə müdafiə nazirləri Şurasının, milli təhlükəsizlik şuraları katiblərinin iclasına, nəhayət KTMT-nin ali orqanının-Kollektiv Təhlükəsizlik Şurasının iclasına çıxarılması gözlənilir.

Xatırladaq ki, bu günlərdə Azərbaycanın KTMT-də müşahidə statusunda, yaxud tamhüquqlu üzv kimi təmsilçiliyi məsələsi aktuallaşıb. Milli Məclisin hüquqi məsələlər komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Əli Hüseynli bəyan edib ki, yeni geosiyasi şərtlərdə Azərbaycanın KTMT-də iştirakı məsələsinə baxıla bilər. 

Azərbaycan hazırda digər regional hərbi-siyasi blokda-Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunda təmsil olunur. Eyni zamanda NATO ilə tərəfdaş ölkədir, amma alyansa tamhüquqlu üzvlüyü nəzərdən keçirmir.(virtualaz)