Bakı tıxacda “boğulur”: “Sabahdan problem qismən aradan qalxacaq” - REPORTAJ, FOTOLAR

Son günlər paytaxt Bakının tıxac problemi ciddi problemə çevrilib. Daha çox axşam saatlarında dəhşətli tıxaclar yaranır və dəqiqələrlə, bəzən yarım saatdan çox yolların açılmasını gözləyirik. Özü də bu cür vəziyyət dərs ili başlamamış baş verir. Görünür bizi qabaqda daha dəhşətli tıxaclar gözləyir.
Hər gün axşam saatlarında ən uzun tıxac Bakı-Sumqayıt yolunun 10-ci kilometrliyində baş verir. Sürücülərin zülmü elə “20 Yanvar” metrostansiyasından başlayır. Nəqliyyatın hərəkəti ilk olaraq metro ətrafında məhdudlaşdırılır. Marşrutlar dayanacaqda sərnişin götürmək üçün yarışa çıxırlar. Təqribən 6 metr eni olan yolda iki-üç sərnişin avtobusu yan-yana dayanır. Bakıdan Sumqayıta və digər qəsəbələrə gedən avtomobillər məcburən bu dar yolla hərəkət edirlər. Sürücü mübahisələri, səs-küy, siqnal səsindən qulaq tutulur.
Təqribən 200 metr irəlilədikdən sonra növbəti tıxac dəhşəti “Şamaxinka” dairəsində başlayır. Eyni vəziyyət burada da yaşanır. Sürücü mədəniyyəti deyilən bir anlayış isə yoxdur. Şəhər, rayon və qəsəbələrə işləyən taksi və marşrutlar bir-birinə qarışıb. Kimi yolun ortasında adam götürür, kimi isə necə gəldi avtomobilini park edir. Marşrutlar isə intervalsız, dava-dalaşla işləyirlər. Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edənlər “Ekologiya” postuna çatmamış, Biləcəri qəsəbəsinə gedənlər isə “Biləcəri dairəsi”ndə tıxacla qarşılaşırlar. Eyni mənzərə bu yollarda da davam edir.
“Yeni Müsavat”ın müxbiri ötən gün axşam saatlarında Bakı-Sumqayıt yolunda yaşanan və kilometrlərlə uzanan tıxacı fotolentə alıb. Bu görüntülər də problemin nə dərəcədə böyük olmasından xəbər verir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevlə əlaqə saxladıq. O, yollardakı tıxacın səbəbini alternativ yolda gedən təmir işləri ilə əlaqələndirdi: “Şəhərdən Azadlıq prospektindən Binəqədi qəsəbəsi istiqamətində gedən yolda təmir işləri bağlı nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bununla bağlı əhaliyə məlumat verilib. Yəni 3 gün müddətində Rəsulzadə qəsəbəsinə, yəni “Baksol” döngəsindən Biləcərinin girəcəyinədək hərəkət məhudlaşdırılıb. Bu ərazilərdən keçən sürücülər alternativ yol kimi Bakı-Sumqayıt yolundan istifadə etmək məcburiyyətində qaldıqlarına görə, son iki gündə yüklənmə artıb. Nəqliyyatın hərəkətində sıxlıq yaradıb. Lakin bu müvəqqəti xarakter daşıyır. Artıq sabahdan yol açılacaq və nəqliyyat sıxlığı aradan qalxacaq”.
K.Əliyev “Xırdalan dairəsi”ndəki sıxlığın aradan qaldırılmasının mümkünsüz olduğunu bildirdi: “O istiqamətdəki yol dördzolaqlıdır. Həmin yolun bir zolağı sağa, Binəqədi istiqamətinə getmək üçün tunelin üstünə çıxır. Ancaq orada 3 zolaqdan, 2 zolağa daralma olduğuna görə sıxlıq yaranır. Bu yol polisinin əlində deyil. 3 zolaq 2 zolağa keçirsə, istənilən halda burada sıxlıq mütləq yaranmalıdır. Yol polisinin edəcəyi tədbir yoxdur ki, məsələ həll olunsun. Həmin əraziyə əməkdaş cəlb etsək də, mümkün olmayacaq”.
Musavat.com