Nardaran məhbusu ona işgəncə verildiyini təsdiqlədi

Bu gün vəkil Nemət Kərimli Qobustan həbsxanasında “Nardaran işi” üzrə həbs olunmuş siyasi məhbus Abbas Hüseynovla görüşüb.
 
Bu haqda “Basta”ya məlumat verən Nemət Kərimli
“Abbas Hüseynov bir daha bildirdi ki, ona saxlandığı həbsxanada iyulun 22-də, 25-də, 26-da, avqustun 5-də ona verilmiş işgəncələrlə bağlı digər vəkili Yalçın İmanova verdiyi geniş izahatı təsdiqləyir. O, bu gün mənə bir daha yazılı izahat verdi. Abbas bildirir ki, həbsxana işçıləri onu təhdid etməkdə, hədə-qorxu gəlməkdə davam edirlər”, – Nemət Kərimli bildirib.
Vəkilin sözlərinə görə Abbas Hüseynov Aleksandr Lapşinin azad edilməsinə də münasibət bildirib. Siyasi məhbus qeyd edib ki, İlham Əliyev Azərbaycanın dövlət sərhəddini pozan, işğal olunmuş ərazilərimizə gedib düşmənə dəstək verən Lapşini yox, ölkəmizdə günahsız həbsdə yatan yüzlərlə məhbusu azad etməli idi.
“Abbas Hüseynov dedi ki, İlham Əliyev Qazaxstanda İslam həmrəyliyindən danışsa da, özü Azərbaycanda İslama məhdudiyyətlər qoyur”.
Bu gün Nemət Kərimli 11 saylı cəzaçəkmə müəssisəsində “Nardaran işi” üzrə digər siyasi məhbus Etibar İsmayılovla da görüşüb.