Ombudsman Elmira Süleymanova Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşüb

 İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm çərçivəsində Azərbaycanın insan haqları üzrə müvəkkili - ombudsman Elmira Süleymanova sentyabrın 12-də 1 saylı Bakı İstintaq Təcridxanasında olub.
 
Qurumun mətbuat xidmətinin məlumatına görə, ombudsman məhbusların saxlanma şəraitinin araşdırılması və onlarla ünsiyyət məqsədilə bir sıra təqsirləndirilən şəxslər, o cümlədən Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı, jurnalistlər Əfqan Muxtarlı və Əziz Orucovla fərdi məxfi görüşlər keçirib.
Onların toxunduğu məsələlər yerindəcə araşdırılıb, bəzi müraciətlər təmin edilib. Digər məsələlər üzrə ombudsman səlahiyyətləri çərçivəsində kömək etməyi vəd edib
Bəzi məhbuslar istintaqın gedişatından narazılıqlarını ifadə ediblər. Təqsirləndirilən şəxslərə hüquqi məsləhətlər verilib.
Bir müddət əvvəl Bayramlının və Muxtarlının vəkilləri onların səhhətlərində ciddi problemlər olduğunu və onlara keyfiyyətli tibbi yardım göstərilmədiyini bildirmişdilər.
Qeyd: Obmudsmana olunan müraciətlər operativ araşdırılsa daha məqbul olardı. Baxmayaraq ki, Elmira xanıma bu müraciətlər indi deyil, həftələr, bəlkə də ay öncə olunub. Üstəlik, nəzərə alanda ki, bu məhbusların səhhətlərində ciddi problemlər var, onda bu cür "operativ"liyi heç də səmimi qəbul etmək olmur. Ayrıca AŞPA həmməruzəçilərinin bu gün Bakıya təşrif buyurduqları gün Ombudsmanın "vicdan məhbusları"nı ziyarət etməsi də bir çox suaallar yaradır.