İqtisadi böhran ölkəni məhvə sürükləyir – UÇURUMUN BİR ADDIMLIĞINDA

Baxış sayı:
722

Azərbaycan böhran vəziyyətini yaşayır. Hökumət çoxsaylı “yol xərətiləri” hazırlasa da, əksər ekspertlər yaxın gələcəkdə ölkənin böhrandan çıxacağını güman etmir. Çünki hazırlanan layihələrin icra mexanizmi düzgün qurulmayıb. Daha dəqiq desək, bu layihələrin hər birinin icrası korrupsioner və rüşvətxor məmurlara həvalə edildiyindən, yenə də ayrılan vəsaitlər müxtəlif yollarla mənimsənilməkdədir. Bütün bunlar isə, nəticə etibarilə, ölkənin böhrandan çıxamasına deyil, sosial-iqtisadi vəziyyətin daha da dərinləşməsinə gətirib çıxarmaqdadır.
Məsələn, son vaxtları ölkədə milli valyutamızın sürətlə dəyər itirməsi fonunda qiymətlərin “kəllə-çarxa” qalxması bunun bariz nümunəsi hesab edilə bilər.Şübhəsiz, Azərbaycanın böhran vəziyyətinə düşməsinin səbəblərindən biri də ölkədə monopliyanın mövcud olması, iş adamlarının fəaliyyətinə qanunsuz müdaxilələrin edilməsi, orta və kiçib sahibkarların yüskək səlahiyyət sahibi olan oliqarx-məmurlar tərəfindən daim təzyiq altında saxlanılmasıdır.
Təsadüfi deyil ki, bütün bu problemlər son vaxtlar Azərbaycanda orta və kiçik sahibkarlığın aradan qalxması ilə müşahidə edilməkdədir. Üstəlik, kənd təsərrüfatına və ölkə iqtisadiyyatının inkişafına yönəldilən subsidiyaların mənimsənilməsi halları da mövcuddur ki, bu da böhranın daha da dərinləşməsinə gətirib çıxarır. Sözsüz ki, bu məsələdə də nazirlər və yüksək rütbəli məmurların “rolu” danılmazdır. Məsələn, bir neçə gün öncə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirmişdi ki, Azərbaycan hökuməti ötən il buğda və çəltik istehsalına görə 80 mln. manat subsidiya verib. Nazir Heydər Əsədovun sözlərinə və onun başçılıq etdiyi nazirliyin rəsmi açqılamasına görə, ötən il Azərbaycanda buğda istehsalı artıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il Azərbaycanda buğda istehsalı 1 mln. 844 min ton olub. Bu, 2015-ci ildəkindən 10 faiz çoxdur. Buğda istehsalının nə az, nə çox düz 10 faiz artması, bu məhsulun idxalının azalmasına və deməli ölkədən valyuta axının azalmasına təsir etməli idi. Ölkədə valyuta böhranın yaşandığı indiki zamanda bu haqda danışmaq isə mənasız görünür. Ancaq Kənd Təsərrüfatı Nazirliyi və bu qrumun başında duran nazir Heydər Əsədovun dediklərinin reallıqdan uzaq olduğunu Dövlət Statistika Komitəsinin rəsmi məlumatı təkzib edir.
Belə ki, Dövlət Statistika Komitəsindən verilən rəsmi məlumata görə, 2016-cı ildə buğda idxalı il ərzində 18,2% artaraq rekord həddə - 1,6 mln. tona çatıb. Ölkədə buğda istehsalının rekord həddə çatdığı və özündən əvvəlki illə 10 faiz artımın olduğu bir ildə idxal 20 faizə yaxın niyə artmalıdır ki? İdxalın süni artırılması mümkün deyil. Çünki vergi ödənilir. Heç bir iş adamı da idxal etmədiyi məhsula görə vergi ödəməz. Ancaq ölkədə buğda istehsalçılarına büdcə hesabına subsidiya verilməsini nəzərə alanda rəqəmlərin harada şişirdildiyini görmək olar.

Yeri gəlmişkən qeyd edək ki, prezident İlham Əliyev də dəfələrlə subsidiyaların verilməsində mənimsəmələrin olduğunu bəyan edib. Ancaq təəssüf ki, dövlət başçısının tənqidi çıxışları da heç bir müsbət nəticəyə gətirib çıxarmayıb. Bunun nəticəsində ötən il buğda idxalı 20 faizə yaxın artıb, ölkədən valyuta axını daha da güclənib. Belə bir vəziyyətdə isə, təbii ki, ölkənin yaxın zamanlarda böhrandan çıxacağını gözləmək absurd olar. Bu isə bir daha onu deməyə əsas verir ki, Azərbaycanda böhrandan çıxmaq üçün hansısa iqtisadi islahatların aparılması səmərəsiz olacaq, bunun üçün ilk növbədə siyasi islahatlar aparılmalı və korrupsioner məmurlar vəzifələrindən azad edilməlidir. Əks halda, ölkədə çox da uzaq olmayan zamanda ya ciddi etiraz dalğaları baş qaldıracaq, ya da böhran “alın yazımız” olmaqda davam edəcək.

Muxalifet.az