MÖVCUD REJİMİN SONU YAXINLAŞIR - 2018-də hakimiyyət dəyişikliyi labüddür

Baxış sayı:
1042

Azərbaycanda 2018-ci il prezident seçkiləri ilə bağlı müzakirələr indidən başlayıb. Xüsusən də sentyabrın 26-da keçiriləcək referendum zamanı Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər cəmiyyətdə ciddi mülahizələrə yol açıb. İstər siyasi partiyalarda, istər də əhali arasında bu seçkilərlə bağlı fərqli fikirlər mövcuddur. İnsanların böyük əksəriyyəti hesab edir ki, mövcud rejimin məqsədi hakimiyyəti yenidən uzun müddətə zəbt etməkdən ibarətdir. Məsələn, belə düşünülür ki, İlham Əliyev Konstitusiyaya dəyişikliklər etməklə, özündən sonra ailə üzvlərindən birini (həyat yoldaşını və yaxud oğlunu - müəl.) prezident kürsüsünə əyləşdirmək niyyətindədir.
O cümlədən siyasi partiyaların böyük əksəriyyəti də bu mövqedədir ki, Konstitusiyada nəzərdə tutulan dəyişikliklər sırf hakim ailənin maraqlarına hesablanıb və Əliyevlər növbəti illərdə də ölkəni idarə etməkdə israrlıdır.
Təbii ki, bütün bu fikirlərdə müəyyən mənada həqiqət var. Yəni mövcud rejim həqiqətən də hakimiyyətdən əl çəkmək fikrində deyil və bu dəyişikliklərin arxasında da onların məhz bu niyyəti dayanır. Amma bu günlərdə ADP sədri Sərdar Cəlaloğlunun Konstitusiya dəyişiklikləri ilə bağlı şərhi daha çox diqqəti cəlb edir. Belə ki, S.Cəlaloğlunun fikrincə, əslində bu dəyişikliklər hakim ailənin, ümumilikdə İlham Əliyevin maraqlarına xidmət etmir:
“Bu yaxınlarda İlham Əliyevin bir bəyanatı vardı ki, bütün bu oyunlar mənə qarşıdır, məni hakimiyyətdən uzaqlaşdırmaq niyyəti güdülür. Əslində, İlham Əliyev xarici güclərə işarə etmirdi. O, daxildəki güclərin apardığı işlərə işarə edirdi ki, məqsəd onu hakimiyyətdən uzaqlaşdırmaqdır. Yəni vaxtilə Azərbaycanda yaranmış real vəziyyətə görə bir-biri ilə barışan, uzlaşan klanlar bu gün artıq İlham Əliyev üzərində razılaşa bilmirlər. Təbii ki, İlham Əliyevi qəbul etmək baxımından. Odur ki, indiki halda əgər klanlararası münasibət ziddiyyətə keçməsə, 2018-ci ildə İlham Əliyevin üzərində dura bilərlər. Beləliklə, bir müddət də yenidən durğunluq dövründə cəmiyyəti bu şəkildə ətalətdə saxlaya bilərlər”.
Göründüyü kimi, ADP sədrinin qənaətinə görə, növbəti prezident seçkiləri ərəfəsində iqtidarda klanlarası ziddiyyətlərin baş vermə ehtimalı da istisna deyil. Ən maraqlısı da odur ki, belə bir olay baş verərsə, Azərbaycanda hakimiyyət çevrilişinin yaşanma riski də yüksək dəyərləndirilir. “Bu Konstitusiya həmin gizli çevrilişin həyata keçirilməsi üçün hüquqi baza yaradıb” – deyə Sərdar Cəlaloğlu bəyan edib.
Əslində, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda qarşıdakı illərdə heç də ənənəvi sakitlik hökm sürməyəcək. Doğrudur, cəmi bir ay sonra ümumxalq səsverməsi keçiriləcək və buna rəğmən ölkədə ciddi süstlük yaşanır, kimsə qeyri-qanuni dəyişikliklərə etiraz etmir. Ancaq, zənnimizcə, indi cəmiyyətdə yaşanan süstlük aldadıcı xarakter daşıyır və daha çox tufan qabağı sakitliyi xatırladır.
Şübhəsiz, hakimiyyət başbilənləri də qarşıda onları belə bir təhlükə gözlədiyini yaxşı bilirlər. Əks halda referendum ərəfəsində bir sıra siyasi həbslərin həyata keçirilməsinə nə ehtiyac vardı?!
Ən maraqlısı isə odur ki, həbs edilənlərin əksəriyyəti Qərbmeylli insanlardır. Deməli, iqtidar bu dəfə də təhlükənin hansı qütbdən gələcəyini bilir. Bu baxımdan da həmin insanlara qarşı rejimin amansız repressiya silahı işə düşüb.
Bütün bunlara rəğmən, hakimiyyətin 2018-ə gedən yolu heç də aydın deyil. Şübhəsiz, mövcud rejim bu “yol”un qarşısını kəsəcək insanları sonuncu nəfərinədək zərərsizləşdirməkdə israrlıdır. Ancaq nəzərə alsaq ki, 2018-ci il prezident seçkiləri ilə bağlı hakimiyyət daxilindəki klanların maraqları tam olaraq uzlaşmır, deməli, qarşıdakı illərdə iqtidar daxilində hələ çox tufanlar qopa bilər. Daha dəqiq desək, ölkədə proseslərin gedişi mövcud iqtidarın sonunun yaxınlaşdığını deməyə əsas verir…

Muxalifet.az