Nəcməddin Sadıkovla bağlı növbəti SENSASİON FAKT

Baxış sayı:
2600

Dağıstanda “erməni soyqrımı” tədbirinin keçirilməsinə kim və necə şərait yaradıb?

“Hürriyyət”in ötən saylarının birində “Nəcməddin Sadıkovun adı 30 milyon manatlıq qalmaqalda hallanır” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Azərbaycan Silahlı Qüvvələrinin baş qərargah rəisi, milliyyətcə ləzgi olan Nəcməddin Sadıkovla bağlı sensasion faktlar qeyd olunurdu. 
Belə ki, N.Sadıkovun öz həmyerliləri olan - chernovik.net saytının milliyyətcə ləzgi olan yazarları Mairbek Aqayev və Ruslan Maqomedovun açıqladığı faktlar əsasında hazırlanan yazıda Azərbaycan Silahlı Qüvvələrinin baş qərargah rəisinin Kizlyar Konyak Zavodunun (KKZ) özəlləşdirilməsi prosesində iştirakından bəhs olunurdu. Qeyd edilir ki, zavoda 50 milyon avro qarşılığında N.Sadıkova yaxın olan azərbaycanlı sahibkarların mülkiyyətinə keçiriləcəkdi, amma bu sövdələşmə aşağıdakı səbəblərdən baş tutmayıb:
“Bir sıra böyük Azərbaycan biznesmenləri əlaltı şəxslərin vasitəsilə KKZ-yə sahiblənmək istəyirdilər. Bu onlar üçün Azərbaycandan Rusiyaya ucuz spirtlərin tədarükünü genişləndirmək üçün vacibdir ki, onları sonra tanınmış ümumrusiya brendinin nişanı altında baha qiymətə reallaşdırmaq mümkün olsun.
Qeyri-rəsmi məlumatlara görə, KKZ-nin satılmasına görə, Mahaçqalada 50 mln avro istəyiblər. Azərbaycanlı lobbiçilər bu qiymətlə razılaşıblar, lakin bu məbləği iki mərhələdə ödəyəcəkləri barədə razılığa gəliblər. 30 milyon avro məbləğində ilk tranş 2013-cü ilin axırında Moskvaya, güman edildiyinə görə, diplomatik baqajda çatdırılıb və respublika rəhbərliyinə çox yaxın olan şəxsə verilib. İkinci hissə - 20 mln avro isə sövdə baş tutandan və strateji əhəmiyyətli müəssisə azərbaycanlı sahibkarların mülkiyyətinə keçirilməsindən sonra Mahaçqalaya gətirilməli idi. Hağd puldan savayı, satıcılar KKZ-nin özəlləşdirilməsindən sonra bu müəssisənin səhmlərinin 10%-ni də almalı idilər. Bu versiyaya görə, sövdədə vasitəçi Dərbənddən olan azərbaycanlı avtoritet, beynəlxalq axtarışda olan Rafiq İdrisov, sövdənin təminatçısı isə etnik ləzgi, Azərbaycan Hərbi Qüvvələrinin Baş Qərargahının rəisi Nəcməddin Sadıkov (Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qohumu – “ÇK”) olublar. Bildirilir ki, o, tərəflərin danışıqlarının gedişində və Dağıstan rəhbərliyinə çox yaxın olan şəxsə pulun ilk partiyasının verilməsində iştirak edib.
Müəssisənin satışının tezləşdirilməsi üçün KKZ-nin menecmentinə Dağıstan rəhbərliyinə yaxın adamlar yerləşdirilib. Məsələn, KKZ-nin baş direktoru vəzifəsinə Dərbənd köpüklü şərab zavodunun sahibi Maqomed Sadulayev, baş direktorun müavinləri vəzifəsinə isə Abdulatipovun bacısı oğlu Kamil Mirzaliyev (hazırda DR hesablama palatasının suditoru) təyin ediliblər. Lakin KKZ kollektivinin və ayrı-ayrı siyasətçilərin (o cümlədən Dövlət Dumasının deputatı Umaxan Umaxanovun) müqaviməti bu planın gerçəkləşdirilməsinə maneə oldu. Qalmaqalı müəssisəni federal mülkiyyətə keçirməklə yatırtmaq mümkün oldu...”

Nəcməddin Sadıkov barəsində növbəti sensasion fakt

Azərbaycan Silahlı Qüvvələrinin baş qərargah rəisi Nəcməddin Sadıkova aidiyyatı olan növbəti faktı da yenə Dağıstan mətbuatı yazıb. Bu məqalə əlimizə bir neçə ay sonra çatsa da, sözügedən mövzunun hər zaman aktuallığını qoruduğunu və Azərbaycan generalının bu haqda daha ciddi düşünməli olduğunu nəzərə alıb, həmin yazını olduğu kimi dərc etməyi məqbul hesab etdik.
Xüsusən, o generalın ki, ona gah Rusiya Müdafiə Nazirliyinin Əks Kəşfiyyat İdarəsinin nəzarətindəki fondun dəstəyi ilə Dağıstanın milli qəhrəmanı adı verilir, gah adına məktəb açılır, gah büstü ucaldılır, gah adına təqaüd təsis edilir, gah da Dərbənd küçələrinin birinə adı verilir...
Əlbəttə, indi dərc edəcəyimiz yazının N.Sadıkova birbaşa aidiyyatı yoxdur. Çünki bu yazı Dağıstanda qondarma “erməni soyqrımı” qurbanlarının xatirəsinə həsr olunan aksiyadan bəhs edir. N.Sadıkov da Dağıstanın deyil, Azərbaycanın Baş Qərargah rəisi olduğundan, belə düşünənlər olar ki, bu faktın ona nə dəxli var?! Lakin nəzərə alsaq ki, general Dağıstanın ən böyük xeyriyyəçilərindən biridir, şəxsi vəsaiti hesabına (Azərbaycandakı biznesindən qazandığı pullarla) bir çox məktəblər, mədəniyyət mərkəzləri tikdirib, müxtəlif idarələrin təmirinə maliyyə dəstəyi verir, o zaman burada Azərbaycan (həm də Türkiyə) əleyhinə tədbirlərin keçirilməsinə, ermənilərin ölkəmizə meydan oxumasına heç də sıradan bir olay kimi yanaşmaq lazım deyil. Özü də bu tədbirlər Azərbaycanın Baş Qərargah rəisinin vəsaiti hesabına təmir olunan bir tarixi binada keçirilirsə, buna daha çox diqqət yetirmək lazımdır.
Beləliklə, buyurun, N.Sadikovun təmir etdirdiyi Rəsul Həmzətov adına Milli Kitabxanada ermənilərə dəstək aksiyası ilə bağlı hazırlanan yazı ilə tanış olun:

Dağıstanda “erməni soyqırımı” qurbanları yad edildi...

“Aprelin 24-də soyqırım qurbanlarının xatirəsi günündə R.Həmzətov adına Milli Kitabxanada “XXI əsrdə soyqırımına - yox” aksiyası keçirilib.
Burada İcra Hakimiyyəti orqanlarının, elmi və mədəni intellegensiyanın nümayəndələri, həmçinin Dağıstanda yaşayan erməni xalqının təmsilçiləri iştirak ediblər.
Tədbirin təşkilatçıları olan Rusiya mədəniyyət fondunun Dağıstan filialı və erməni mədəniyyət mərkəzinin qeyd etdikləri kimi, aprelin 24-ü – erməni xalqının tarixində ən qaranlıq səhifələrdəndir. Bu gün bütün dünyadan olan ermənilər bu matəmli tarixi xatırladır və bir əsrdən də artıq müddət bundan əvvəl baş verənləri təhlil edirlər.
Qeyd edilib ki, bu gün, bütün təzyiqlərə və bəlalara baxmayaraq, milli kimlik şüurunu və xalqı ilə birliyini qoryub saxlaya bilmiş bütün ermənilər matəm içərisindədirlər. Balaca uşaq ikən bu kabusdan möcüzə nəticəsində xilas olmuşların nəsilləri 1915-ci il aprelin 23-dən 24-nə keçən gecə Türkiyə hakimiyyətinin həyata keçirdiyi ən dəhşətli soyqırmı ilə bağlı hüznlərini 101-ci dəfə bildirmək üçün bu gün kədərli sükut içərisində və sakit dualarla bütün erməni məbədlərinə toplaşıblar. O vaxt iki milyon yarım ermənidən bir milyon yarıma qədəri məhv edilmişdi. 
Bu gün matəm mitinqində ötən əsrin əvvəllərində - 1915-1916-cı illərdə baş verənlər haqqında çox danışıldı. Demək olar ki, bütün çıxış edənlər qeyd edirdilər ki, soyqırımının milliyyəti olmur, o təkcə ermənilərə deyil, bütün bəşəriyyətə qarşı yönəldilib.
Rus dramatik teatrının baş rejissoru Skandarbek Tulparov öz çıxışında erməni xalqının qonaqpərvərliyindən, onun taleyində oynadığı roldan danışıb.
Tulparov qeyd edib ki, erməni xalqı dünyaya olduqca çox dahi insanlar bəxş edib, təkcə onların adlarını sadalamaq belə saatlarla vaxt aparar. O, əmin olduğunu bildirib ki, bəşəriyyət baş vermiş hadisələrin matəmini saxlayırsa, gələcəkdə çətin ki, belə bir hadisə təkrar olunsun.
Dağıstan respublikasnın milli siyasət üzrə naziri Tatyana Qamaley də öz çıxışında erməni xalqının ünvanına xoş sözlər səsləndirib: “Siz əmin olmalısınız ki, Dağıstan xalqı bu gün sizinlə birlikdə matəm saxlayır, - deyə o, zaldakı ermənilərə üz tutub. – Bu ağır tarixi yaddaşdır. Amma əgər biz ilahi qismətə inanırıqsa, onda yəqin ki, bu matəm erməni xalqı üçün bir sınaq olub. Yüz ildən artıa müddət keçib, lakin insanlar indiyə qədər unutmayıblar, deməli, qurbanlar boş yerə verilməyib”.
O, qeyd edib ki, Ermənistanı bəşəriyyətin qızıl cərgəsindən kənarda təsəvvür etmək mümkün deyil, necə ki, Qafqazın da Ermənistansız təsəvvür edilməsi qeyri-mümkündür. Nazir xanım deyib: “Bizim Dağıstanı da ermənilərsiz təsəvvür etmək mümkün deyil. Kizlyar (“Qızlar” – red.) qalasının ərazisindəki ilk xalqlardan biri də ermənilər idi. Onlar Dərbənd ərazisində də olublar. Sia Port-Petrovskidəki ilk siyahıyaalmada da öz həmvətələrinizin adlarına rast gələ bilərsiniz. Bizim Dağıstan elədir ki, burada daha çox xalqlar özlərini öz evində hesab etdikcə, respublikamız da daha gözəl və daha güclü olur”.
Matəm mitinqinin gedişində toplaşanlara erməni xalqının faciəli həyatı barədə sənədli film nümayiş etdirilib. Filmdə bir əsrlik keçmişin dəhşətli hadisələrindən kadrlar göstərilib. Filmdə faciəvi şəkildə həlak olmuş ermənilərin xələflərinin öz valideynlərinin xatirələrindən söylədikləri də paylaşılıb. Uşaqlar isə ermənilər və onların ağır taleyi barədə şeirlər deyiblər. Bundan savayı, toplaşanlar bütün həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər”.

Dağıstanda Azərbaycanı sevməyən qüvvələr və... Nəcməddin Sadıkov

Şübhəsiz ki, bu toplantı Azərbaycanın dövlətçiliyi adına normal hadisə sayıla bilməz, milli hissiyatımıza həqarətlə bərabər, həm də təhlükəsizliyimizi təhdid edən bir olaydır. Lakin təəssüf ki, bu hadisələr görməzdən gəlinir. 
Görünür, bir müddət öncə Dağıstanda Heydər Əliyevin adını daşıyan küçənin ləğv edilməsi ilə bağlı aksiya kecirilməsində də məhz erməni faktoru mühüm rol oynayıb. Ən maraqlısı isə odur ki, Dağıstanda Azərbaycanı sevməyən qüvvələrin mövcudluğu şəraitində Nəcməddin Sadıqovun adı günü-gündən əbədiləşdirilir...

Hazırladı: Elnur MUSTAFAZADƏ, Hurriyyet.org