Baş həkimin ardınca uzanan qalmaqal seriyası - Nigar Məhəmmədovanın adı yenə ÖLÜM İŞİNDƏ?

Xəbər verdiyimiz kimi, paytaxtda növbəti dəfə estetik prosedur zamanı qadın həyatını itirib.
Hadisə fevralın 10-da Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində fəaliyyət göstərən "Medi Hall" tibb müəssisəsində baş verib. Bədənşəkilləndirmə əməliyyatına girən 41 yaşlı (1983-cü il təvəllüdlü) Nigar İsmayılovanın səhhəti prosedurdan sonra kəskin şəkildə pisləşib.
Həkimlərin səylərinə baxmayaraq, pasiyent fevralın 13-də dünyasını dəyişib.
Stopnarkotik.az-ın məlumatına görə, Bizim.Media mövzu ilə bağlı araşdırma aparıb.
Müəyyən edilib ki, "Medi Hall" hospitalının baş həkimi, adı daha əvvəl də bir sıra uğursuz estetik əməliyyatlarda hallanan Nigar Məhəmmədovadır. Sözügedən həkim əvvəllər "MedAura" klinikasında fəaliyyət göstərib və həmin dövrdə pasiyentlərin çoxsaylı şikayətləri ilə üzləşib.
Belə ki, 2025-ci il yanvarın 14-də "MedAura"da özünü plastik cərrah kimi təqdim edən Nigar Məhəmmədova Fərizə Hacıyeva adlı vətəndaş üzərində bədənşəkilləndirmə əməliyyatı icra edib və əməliyyatdan dərhal sonra pasiyentin bədənində çürümə prosesi başlayıb.
Lakin həmin hadisədən sonra cərrahın artıq bu klinikada işləmədiyi bildirilib.
Araşdırmalar zamanı o da məlum olub ki, Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədovanın üz quruluşu tamamilə dəyişərək tanınmaz hala düşüb. Digər bir neçə pasiyentdə də ciddi estetik və sağlamlıq problemləri qeydə alınıb.
Bundan əlavə, iddialara əsasən, həkimin "Mərcan" klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqovanın vəziyyəti abdominoplastikadan bir gün sonra pisləşib və o, təkrar əməliyyata alınıb. Qanaxma nəticəsində Arzu ikinci əməliyyat masasında keçinib. Mərhumun ailəsi onda heç bir yanaşı xəstəliyin olmadığını, ölümün həkim səhlənkarlığı ucbatından baş verdiyini bəyan edib.
Digər məlumatlara görə, 18 dekabr 2024-cü ildə ixtisasca həkim olan pasiyent "MedAura" klinikasının baş həkimi Nigar Məhəmmədovaya burun ucunun incəldilməsi üçün müraciət edib. Nəticədə burunda atrofiya, əyrilik yaranıb və toxuma nekroza uğrayıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adının olmadığını açıqlayıb.
Belə aydın olur ki, çoxsaylı pasiyentin sağlamlığına zərər vuran və ölümlə nəticələnən əməliyyatlar icra edən Nigar Məhəmmədova fəaliyyətini davam etdirir. Uzun müddət "MedAura"da baş həkim, daha sonra Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışan həkimin hazırda "Medi Hall"da baş həkim vəzifəsini icra etdiyi məlum olub.
Araşdırmalardan bəlli olub ki, Nigar Məhəmmədovanın növbəti qurbanı "Medi Hall" hospitalında bədənşəkilləndirmə əməliyyatı etdirən 1983-cü il təvəllüdlü Nigar İsmayılovadır.
Məsələ ilə bağlı "Medi Hall"dan baş həkimlə əlaqə yaradılacağı vəd edilsə də, sonrakı zənglərə cavab verilməyib.
Daha sonra Nigar Məhəmmədovanın köməkçisi açıqlamasında onun "Medi Hall" hospitalın baş həkimi olduğunu təsdiqləsə də, həkimlə danışmaq mümkün olmayıb.
Qeyd edək ki, Baş Prokurorluq "Medi Hall"da qeydə alınan ölüm faktı ilə bağlı araşdırmalara başlayıb.
Bu hadisə estetik cərrahiyyə sahəsində nəzarət mexanizmlərinin qənaətbəxş olmadığını bir daha sübut edir.
Adı dəfələrlə uğursuz, ölüm və şikəstliklə nəticələnən əməliyyatlarda hallanan Nigar Məhəmmədova və onun çalışdığı klinikalar barədə hələ ki ciddi hüquqi addım atılmayıb.
Fotoda Nigar Məhəmmədova





















