Vəzifəli şəxslərin gəlirləri niyə gizli qalır? – Millət vəkillərindən AÇIQLAMA

Baxış sayı:
245

Məlum olduğu kimi, 24 iyun 2005-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi haqqında” qanun prezidentin təsdiqi ilə qüvvəyə minib.

Muxalifet.az xəbər verir ki, bu qanun dövlət idarəçiliyində şəffaflığın artırılmasını və vəzifəli şəxslərin maliyyə məlumatlarının ictimaiyyətə açıq olmasını nəzərdə tutur.

Qeyd edək ki, bu qanunun qüvvəyə minməsindən 20 il keçsə də qanunda nəzərdə tutulan bəyannamə forması bugünə kimi təsdiq olunmayıb.

Bəs, bu qanunda nəzərdə tutulan məsələlərin icrası niyə həyata keçirilmir və səbəbi nədir?

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirdi ki, ümumilikdə vəzifəli şəxslərin və vətəndaşların gəlir bəyannamələrinin tətbiqi məsələsi hazırda müzakirə olunan əsas istiqamətlərdəndir:

“Biz də, inkişaf etmiş ölkələrdə olduğu kimi, gəlir bəyannaməsinin tətbiqini məqsədəuyğun hesab edirik. Son illərdə aparılan dərin islahatlar, xüsusilə iqtisadiyyatın şəffaflaşdırılması və ağardılması istiqamətində görülən tədbirlər, praktik olaraq Azərbaycanda da gəlir bəyannaməsi sisteminə keçidi mümkün edir. Bu, həm də islahatların dairəsinin genişləndirilməsi baxımından vacib addımdır”.

Vüqar Bayramov

Vüqar  Bayramov həmçinin qeyd etdi ki, gəlir bəyannaməsi sistemi bütün dünyada təkcə vəzifəli şəxsləri deyil, ümumilikdə gəlir əldə edən bütün vətəndaşları əhatə edir:

“Odur ki, gözlənti ondan ibarətdir ki, yeni islahat mərhələsində bu istiqamətdə konkret mexanizmlərin hazırlanması və real tətbiqi mümkün olacaq”.

Vüqar Bayramov qanunun bu günədək tam şəkildə tətbiq olunmamasının səbəbini də açıqlayıb:

"İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, belə islahatlar müəyyən vaxt və hazırlıq tələb edir. İqtisadi ekosistemdəki dəyişikliklərə uyğun olaraq mexanizmlərin formalaşdırılması mərhələli şəkildə aparılmalıdır”.

Razi Nurullayev

Deputat Razi Nurullayev isə hesab edir ki, qanunun tam şəkildə tətbiq olunması üçün ilk növbədə elektron bəyannamə sistemi yaradılmalıdır:

“Şəffaflıq və hesabatlılıq bu gün dövlət idarəçiliyinin əsas prinsiplərindən biridir. Qanunun icrasını təmin etmək üçün ilk növbədə elektron bəyannamə sistemi yaradılmalı və bütün vəzifəli şəxslər üçün məcburi qaydada tətbiq olunmalıdır. Eyni zamanda, məsul qurumlar, məsələn, Hesablama Palatası və ya Korrupsiyaya qarşı Mübarizə İdarəsi bu prosesə nəzarəti gücləndirməlidirlər”.

Razi Nurullayev vurğulayıb ki, bu məlumatların ictimaiyyətə açıq şəkildə paylaşılması vacibdir.

"Müəyyən vəzifə qruplarının gəlir və əmlak məlumatlarının ictimaiyyət üçün açıq şəkildə paylaşılması da vacibdir. Bu addımlar həm dövlət idarəçiliyində şəffaflığın artmasına, həm də vətəndaşların dövlətə olan etimadının güclənməsinə xidmət edəcək", - deyə o qeyd edib./Yeniavaz.com