Bahadır, milli qəhrəman kimdir, kim sayılmalıdır?

(Dördüncü türkçülük çalışmalarına)
Adamın kimliyindən çox, əməli önəmlidir
Bu günkü anlayışımıza görə etnik, cinsi, düşüncə, şəxsiyyət, qrup kimliyindən asılı olmayaraq bizi ölümdən, əsarətdən, yağmadan, köləlikdən, gerilikdən, hər cür pisliklərdən, bir sözlə əsas bəlalardan qurtaran, xüsusi xidmətlərinə görə seçilən, yaxşılığa qovuşduran, maraqlarımızı savunan, düşmənlə döyüşən şəxs bizimçün qurtarıcı birey, bahadırdır, qəhrəmandır, and yerimizdir. Hər kəs, hər toplum özü ilə bağlı belə bir qərar verə, yəni öz bahadırını, qəhrəmanını müəyyənləşdirə, seçə bilər. Sadalananların əksini edənlər bizimçün düşməndir, xaindir, düşmən üçünsə xidmətçidir. Bahadırın, qəhrəmanın aidiyyət əlamətlərilə eyni olanlar haqlı olaraq onunla fəxr edə bilərlər. Bahadırlar, qəhrəmanlar uğrunda çalışdıqları, vuruşduqları xalqı uğura aparan əməli tərbiyəçilərdir.
Hər bir ailə başçısı öz ailəsinin cavabdehi, bahadırı, qəhrəmanı, and yeridir. Sosial şərtlər dəyişməyincə bu ölçü, biçi qüvvədə qalacaq.
Deyilənlərin məntiqindən göründüyü kimi, bahadır, qəhrəman olmanın əsas bəlirləyicisi, onun hansı etnikdən, cinsdən, düşüncədən, şəxsi, habelə qrup kimliyindən asılı olması deyil, onun bizi işğaldan, köləlikdən, gerilikdən, hər cür pisliklərdən qoruyan, həyatımızda xüsusi xidmətləri olan, maraqlarımızı savunan, düşmənlə döyüşən qurtarıcı olmasıdır. Başqa sözlə, adamın kimliyi yox, əməli önəmlidir. Çünki kimlik əməlin yox, əməl kimliyin bəlirləyicisidir, nişançısıdır. Demək, bahadır, qəhrəman sayılan bizim etnikdən, bizim cinsdən, bizim düşüncədən, bizim qrupdan olmaya da bilər, ancaq düşmənə qarşı bizi əsas bəlalardan qurtaran, inkişaf etdirən, bizim maraqları savunduğu qədər bizimkidir. Məni qoruyan, mənə xidmət edən seçkin mənim bahadırımdır, qəhrəmanımdır.
“Düşmənimin düşməni mənim dostumdur”, düşmənimin dostu dostum deyil, daha çox düşmənimdir, çünki düşmənimə yardım edəndir.
Bahadırın, qəhrəmanın mənim genimdən, elimdən, düşüncəmdən, dəstəmdən olması mənimçün baş ucalığıdır, mənəvi üstünlükdür.
Bu yanaşma fərqli bireylərin, şəxslərin, fərqli xalqların, fərqli güclərin həlledici maraqlar üçün aralarındakı fərqləri adlayıb qarşılıqlı dözümlülüyünü, əsas məsələlərdə birləşməsini, yetərli güc olmaqla özlərini qorumasını, uğurunu təmin edir. Bu yol uzlaşa bilənlərin həyatda qalmasına, inkişafına, barışda yaşamasına, gəlişməsinə ortam, şərait yaradır. Əgər Türklər vaxtında birləşməklə yetərli güc olub özlərini qoruya bilsəydilər, son 1386 ildə ərəblərə, farslara və ruslara yenilməzdilər...
İnsanların qarşılıqlı, habelə dövlətlə münasibətlərində inzibati, rəsmilik - təbəəlik və vətəndaşlıq öhdəliyi hüquqi olduğundan, soydaşlıqdan üstün sayılır, soydaşlıq mənəvi məsuliyyət yaradır, hüquqi yox. Ona görə də biz uğrumuzda çalışanları, savaşanları özəl fərqli kimliklərindən asılı olmayaraq öz coğrafiyamızda, dövlət yurisdiksiyamızda, özəl, milli maraqlarımızın qoruyucusu, özümüzün bahadırımız, qəhrəmanımız, and yerimiz saymalıyıq. Çünki onlar bu uğurları öz həyatları bahasına, bizimçün qazanıblar.
Eyni coğrafiyada, eyni dövlət yurisdiksiyasında olan bahadır, qəhrəman onun hansı etnikdən, cinsdən, düşüncədən, şəxsi, habelə qrup kimliyindən asılı olmayaraq, o arealın seçilən müsbət xarakterli, sayılan dəyəridir. Bu açıdan bahadır, qəhrəman kimliyindən asılı olmayaraq, ortaq dəyər daşıyıcısı, uğrunda çalışdıqlarının sevimlisidir. Bu cür ortaq dəyər olmaq həm də güc itkisinə, yenilməyə aparan fərqliliklərin, ziddiyyətlərin, bölücülüyün neytrallaşdırıcısı, aradan qaldırılması üçün iş birliyinin qurulması, birləşdiricisi olmaqla çox gərəkli şərtdir. Bu hal o qədər məntiqlidir ki, bunun əksi, yaxud bundan fərqli düşünülməsi gülünc görünür.
Əlbəttə, bahadırın, qəhrəmanın hər hansı əlamətini bölüşən kimsə - xalq, millət onu özünkü saymaqda, onunla qürur duymaqda haqlıdır və bu, o biri ortaqlarda əsla qıcıq yaratmalı deyil, çünki belə qısqanclıq düşüncə geriliyi əlaməti olardı...
Bununla belə, növlərin təkamülündən gələn canlıların, o cümlədən insanın genində qarışıqlıq doğal olaraq o qədərdir ki, hansısa millətin öz özəlliklərinin mütləq arılığına, saflığına, aliliyinə aludə olmaqla iddia etməsi, onu başqasının haqqına girəcək qədər qabartması (şovinizm), öz zatını, xalqının soyunu uyduruq “Allah” tərəfinfən seçilmiş, başqalarından üstün sayması əsassız olmaqla gülüş doğurur. Ona görə də uyarlıqda yaşamaq üçün hər şeyin sağlam, nisbi və hüquq bərabərliyində olması ilə barışmaq zorundayıq. Hələ onu demirəm ki, genlərin çarpazlaşması daha sağlam gen yaradır...
Bahadırların, qəhrəmanların ortaqlığı etnoslar, xalqlar, millətlər arasında həm də qarşılıqlı sayğı, dözüm, birlik yaradan faktorlardan biri kimi ortaq qürur mənbəyidir. Bu açıdan insanlıq daha çox birləşdirici faktorlara üstünlük verməlidir, nəinki ayırıcı.
Bununla belə, hər kəsin kimliyinə varılmalı, yalnız əməli qiymətləndirilməli, ümumi işimizə, maraqlarımıza dəxli olmayan yadların, habelə saxtaların bahadır, qəhrəman kimi bizə sırınması, əslində, münaqişə almasıtək, pozuculuq məqsədilə edildiyindən əsla qəbul edilməzdir.
Özəl, milli dəyərlərin bu günə, bu keyfiyyətdə formalaşdığı, inteqrasiya olunduğu, daşındığı çağda başqasının da doğal sayılmalı olan haqqını tanımamaq, gözardı etmək, saymamaq əsla yaramaz.
“Hər şeyin axdığı və dəyişdiyi” (Heraklit, Heğel, K.Marks,F.Engels) açunda, yəni dünyada dəyişməyən heç nə yoxdur, bizim özəl, milli dəyərlərimiz də, başqa sözlə bahadırlara, qəhrəmanlara baxışımız da o sıradan dəyişir. Bu məsələyə münasibətin fərqli çağlarda, fərqli olması normaldır. Dialektik materializm bilimi, elmi bunu öyrədir.
Mən bahadırlığa, qəhrəmanlığa bu günkü baxış bucağını sundum.
İnsan haqlarının uyarlıqda təminatı = üstün yaşama.
Bircə qalır vicdanlı tarixçilərimizin, araşdırmaçılarımızın tariximizi sadalanan parametrlərdə düzgün araşdırıb, xalqa çatdırması.
Məmmədxan ƏZİZXANLI
Keçmiş prokuror