“KADIROVLA KREML ARASINDA MÜNAQİŞƏ YARANIB” – “Qızı buna görə istefa verib”

Baxış sayı:
2506

Son zamanlar Çeçenistan başçısı Ramzan Kadırovla Kreml arasında münasibətlər ciddi dərəcədə soyuyub.

Bu barədə “Vajnıye İstorii”(Mühüm hekayələr) nəşrində məlumat dərc edilib.

Nəşr hətta Rusiya hakimiyyətindəki mənbələrinə istinadla yazır ki, Kadırov Kremllə münaqişəyə girib. Belə ki, Rusiya FSB-si Kadırovun öz maliyyə aktivlərinin və ailəsinin təhlükəsizliyini başqa ölkələrlə müzakirə etdiyini öyrənib. Nəşr qeyd edir ki, bu barədə məlumat Şimali Qafqaza təhkim olunmuş keçmiş və hazırkı FSB yetkililərindən daxil olub. Məlumatı eyni regionda işləyən bir sıra hüquq müdafiə təşkilatları da təsdiqləyib. Mənbələrin sözlərinə görə, münaqişənin əsas səbəbi FSB-yə Kadırovla “Yaxın Şərq müsəlman monarxiyalarının nümayəndələri” arasında Kremllə razılaşdırılmayan və getdikcə çoxalan danışıqlara dair məlumatların daxil olmasıdır. Məlumatlara görə, Çeçenistan rəhbəri adı açıqlanmayan müsəlman ölkələri başçıları ilə gizli şəkildə öz aktivlərinin gələcəyini və ailə üzvlərinin təhlükəsizliyini müzakirə edir. Bütün bunlar onun xəstəliyi fonunda baş verir.

Təbii ki, Kadırovun Kremllə razılaşdırmadan bu cür gizli əlaqələr qurması və bunu gücləndirməsi Putinin və ətrafının xoşuna gəlmir.

Nəşr qeyd edir ki, Moskva ilə münasibətlərin korlanması fonunda Kadırovun qızı Ayşat fevral ayında Çeçenistan Baş nazirinin müavini vəzifəsindən istefa verib.

Bu fikir ayrılığı Kadırovun ən yaxın adamı, Dövlət Dumasının deputatı Adam Delimxanova da təsir edib. “VÇK OQPU” kanalının məlumatına görə, Dəlimxanov yaxın adamlarına deyir ki, “yuxarıdan” ona xüsusilə də müxtəlif güc çəkişmələrində, daxili “razborkalar”da daha az görünmək tapşırılıb. Bu məlumatı “Vajnıye İstorii”-nin mənbələri də təsdiqləyib.

Hər necə olsa, bundan öncə də FSB-də və ümumilikdə Rusiya güc strukturlarında Kadırovu qətiyyən sevmədikləri bəlli idi. Belə görünür ki, Kadırovun kənarda, müsəlman monarxiyalarında özünə dayaq axtarması Rusiya güc strukturlarını Kremli Kadırova qarşı qaldırması üçün əlavə fürsət yaradıb./azpolitika.info