ADP hakimiyyəti beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırdı

Baxış sayı:
472

Partiya ölkəmizin demokratiya göstəricisinə görə, Cənubi Qafqaz da daxil olmaqla, bir çox ölkələrdən geridə qalmasından narahatdır
 
Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az=a verilən məlumata əsasən, toplantı iştirakçıları dünya ictimaiyyətinin diqqətlə izlədiyi Ukrayna ilə Rusiya arasında davam edən müharibə ilə bağlı fikir mübadiləsi aparıb.
Partiya rəsmiləri D.Tramp administrasiyasının müharibənin bitməsi, sülh sazişi bağlanması ilə bağlı irəli sürdüyü ağır şərtlərin Ukraynanın ərazi bütövlüyü, suverenliyi ilə uyğun gəlmədiyini, bu şərtlərin Putin Rusiyasının işğal planlarına xidmət etdiyini diqqətə çatdırıb və Avropa İttifaqının ABŞ-dan fərqli olaraq Ukraynaya hər cür hərbi, siyasi dəstək vermək təşəbbüslərini müsbət dəyərləndirib.
ADP müharibənin dayandırılması, sülh sazişi əldə edilməsi, axan günahsız insan qanının qarşısının alınmasının insanlıq üçün nə qədər dəyərli olduğunu qeyd etməklə, Ukraynanın ərazilərinin Rusiya tərəfindən işğal edilməsi, dövlət olaraq onun siyasi müstəqilliyinin aradan qaldırılması kimi ağır şərtlərlə saziş masasına oturdulmasının da bir o qədər təhlükəli olduğunu vurğulayıb və beynəlxalq gücləri ədalətli sülhün təmin edilməsi üçün bütün səylərini birləşdirməyə səsləyib.
İdarə Heyəti son günlər Suriyada vətəndaş müharibəsinə yol açan hərbi qarşıdurmalardan narahat olduğunu bildirib və bu çaxnaşmaların arxasında yenidən şəkillənən Suriyanın parçalanmasında maraqlı olan dövlətlərin durduğunu qeyd edib. Partiya yetkililəri qardaş Türkiyənin Suriyanın bütövlüyünün qorunması, yenidən müstəqil dövlət kimi formalaşması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib və bu ölkədə daxili çaxnaşmaların qarşısının alınması üçün istənilən hərbi müdaxilənin yolverilməz olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti ABŞ yəhudi icmasının 50-dən çox ravinin Avraam razılaşmalarının genişlənməsi, Qazaxıstan, Özbəkistan və Azərbaycanın bu razılaşmalara əlavə olunması, həmçinin Azərbaycana qarşı 907-ci düzəlişin ləğv ediməsini özündə ehtiva edən məzmunla ABŞ prezidenti D.Trampa müraciət ünvanlanmasını yüksək dəyərləndirib və bu faktın İsrail-Azərbaycan əlaqələrində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
İdarə Heyəti son vaxtlar nüvə arsenalına malik bir sıra dövlətlərin nüvə ritorikasına üstünlük verməsindən, bir-birini siyasi, diplomatik, beynəlxalq hüquq normalarına uyğun danışıqlara dəvət etmək əvəzinə, nüvə təhdidi ilə zora çəkməsindən ciddi narahat olduğunu və bu cür nüvə təhdidlərinin bəşəriyyəti qana sürükləyən bir vasitə olmasından dolayı yolverilməz olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti son vaxtlar Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların bağlanması, fəaliyyətinin dondurulması istiqamətində hakimiyyətin atdığı addımları məqbul hesab etməyib və bu davranışların Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına mənfi təsir göstərəcəyini bəyan edib. Partiya yetkililəri ölkəmizin beynəlxalq əlaqələrində müsbət yer alan təşkilatların fəaliyyətini durdurmaqdansa, onların fəaliyyəti üzərində nəzarət mexanizmlərini gücləndirməyin faydalı olduğunu bildirib.
İdarə Heyəti “Economist Inteligence Unit” beynəlxalq təşkilatının apardığı sorğularda ölkəmizin demokratiya göstəricisinə görə, Cənubi Qafqaz da daxil olmaqla, bir çox ölkələrdən geridə qalması faktından narahat olduğunu bildirib və hakimiyyəti ölkəmizdə demokratiyanın, söz, mətbuat, sərbəst toplaşamaq, insan hüquq və azadlıqlarının qorunması, müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün ciddi addımlar atmağa və bu sahələr üzrə üzərinə düşən beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.
İdarə Heyəti Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılışının edilməsini ölkələrimiz arasında dərin siyasi, iqtisadi, mənəvi bağlılıqların yüksək təzahürü kimi dəyərləndirib və bu kəmərin işə düşməsini uzun müddət blokadadan əziyyət çəkən, məlum səbəbəblərə görə Azərbaycanın əsas hissəsindən aralı düşən Naxçıvanın fasiləsiz olaraq qazla təmin edilməsi, digər qonşu İranın sıxıntılı asılılığından qurtulması üçün önəm kəsb etməsini diqqətə çatdırıb.
Muxalifet.az