Fuad Nağıyev 9.8 milyonu dörd şirkət arasında bölüşdürüb

Baxış sayı:
1298

Məlum olduğu kimi, son günlər Dövlət Turizm Agentliyi (DTA) ətrafında qalmaqal baş verir. “Tribunainfo” xəbər verir ki, qurumun sədri Fuad Nağıyev bir neçə gün əvvəl şiddətli töhmət almışdı.

Qeyd edək ki, bu töhmətə səbəb Fuad Nağıyev və Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımovun bəzi məlumatları gizli şəkildə xarici təşkilatlara ötürmələri olub.

Dünən isə o, artıq istintaqa çağırılıb. Rəsmi məlumatlarda bildirilir ki, Dövlət Turizm Agentliyinin (DTA) vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır.

Tribunainfo.az Dövlət Turizm Agentliyinin son bir ildə keçirdiyi tenderləri araşdırıb. Bu zaman bəzi maraqlı məqamlar meydana çıxıb. Açıq mənbələrdən məlum olan odur ki, Agentlik 2024-cü il ərazində toplam 50 tender keçirib. Bu müsabiqələrdə xərclənən vəsaitin ümumi məbləği isə 16 milyon 978 min 214 manat təşkil edib.

Bu araşdırmalardan aydın olan odur ki, Turizm Agentliyi keçirdiyi tenderləri özünə simsar bilən şirkətlərə verib. Məsələn, xarici səfərlər, onların təşkili məsələləri bir şirkətə, daxildəki tədbirlərin keçirilməsi başqa bir şirkətə, iri tikinti layihələri bir başqa şirkətə, nisbətən ortabab tikinti işləri isə aydıca bir şirkətə verilib. Və açıq mənbələrdə bu sistem o qədər aydın görünür ki, əlavə məlumat almaq üçün dağa-daşa düşməyə gərək qalmır.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin keçirdiyi ən bahalı tenderlərin qalibi “Ricon” MMC olub. Ötən il bu şirkətlə iki satınalma müqaviləsi bağlanılıb. Həmin müqavilələrin dəyəri isə 4.9 milyon manatdan çox olub. Bu məbləğ ümumi tenderə sərf olunan pulun təxminən 30 faizi deməkdir. Həmin pullarla Agentlik “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılmasını (1.3 milyon manat) və Daşaltı kəndində turizm infrastrukturunun yaradılmasını (3.6 milyon manat) reallaşdırıb.