YERLƏ SÜRÜNƏN METRO... – 2.5 milyardlıq kapital, 560 milyon zərər, 50 milyon subsidiya və artan şikayətlər...

Baxış sayı:
1334

Prezident İlham Əliyevin sərəncamı ilə dünən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, onun yerinə Vüsal Aslanov təyin edilib.

Metro ölkə paytaxtında ən böyük infrastruktura malik olan mühüm ictimai nəqliyyat vasitəsidir. 1967-ci il noyabrın 6-da istifadəyə verilmiş Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var. Gün ərzində metro ilə 650 minədək, aylıq 17-18 milyon, il ərzində isə 200 milyondan artıq sərnişin daşınır. Başa çatmaqda olan 2024-cü ilin birini yarısında bi rəqəm 113.2 milyon nəfər olub. Metropoliten sərnişin daşınmasından ilin birinci yarısında 44.05 milyon manat gəlirlə keçən ilin eyni dövründə qeydə alınan 40.43 mln. manatı 9 faiz üstələyib.

Metroda 4500-ə qədər işçi çalışır, ilin birinci yarısında orta aylıq əmək haqqı 1300 manata yaxın olub.

Maliyyə göstəricilərinə gəldikdə, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 2 milyard 580 milyon 638 min manat, ilin əvvəlində vergi borcu 17.2 milyon manat, yığılmış zərəri 560 milyon manatdan çox olub. Bu il dövlət büdcəsindən QSC-yə 50.1 milyon manat subsidiya ayrılıb ki, buna da səbəb metropolitenin sərnişindaşımadan əldə etdiyi vəsaitlərin xərcləri qarşılamadığı göstərilir.

Metro daşınması üzrə tariflər Tarif Şurası tərəfindən tənzimlənir. 2023-cü ilin əvvəlindən bir gedişin qiyməti 30 qəpikdən 40 qəpiyə qədər yüksəldilib, bu da 21.94 mln. manatlıq əlavə gəlir gətirib. Bu ilin 30 iyununda isə gedişhaqqı daha 10 qəpik artırılaraq 50 qəpiyə çatdırılıb. Hesablamalara əsasən, bu artım metro üçün 11.32 mln. manat əlavə gəlir deməkdir. Bu da 2024-cü ildə təqribən 90 mln. manatlıq cəmi gəlir gözləntisidir.

Azərbaycan İnvestisiya Holdinqinin tərkibində olan “Bakı Metropoliteni”nin inkişafı ilə bağlı nə qədər vəsait ayrıldığı və xərcləndiyi barədə məlumatlar tapmaq çətindir. 2022-ci ildə Holdinqin baş icraçı direktoru Ruslan Əlixanov bildirib ki, Bakı metrosunun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurası tərəfindən təsdiq edilib.

O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib. "2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb", - deyə Ruslan Əlixanov deyib.

Dünən, QSC-nin sədri Zaur Hüseynovun sərəncamı oxunmazdan bir qədər əvvəl qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov mətbuata bildirib ki, “Bakı Metropoliteni”nin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı “B-4” olan metro stansiyasının tikintisi dayandırılıb. O buna səbəb kimi vəsait çatışmazlığını göstərib.

Qeyd edək ki, perspektiv plana əsasən, Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq və uzunluğu 18,5 km olacaq. Xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. "8 Noyabr" stansiyası isə 2021-ci il may ayının 29-da açılıb və 2 gün sonra ilk sərnişinlərini qəbul edib. 2022-ci il dekabr ayının 23-də xəttin "Xocəsən" elektrik deposu və "Xocəsən" stansiyası istismara verilib. Bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır.

Bəxtiyar Məmmədovun bəhs etdiyi “B-4” stansiyası Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə yerləşir. QSC-nin məlumatına görə, Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb.

““B-4” stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Onun dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə inşa edilir. Ən üst qatda - birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd girişdən qəbul olunacaq. Zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində üç eskalator üçün yer ayrılıb. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator quraşdırılacaq...” – məlumatda qeyd olunur.

“Bakı Metropoliteni” QSC-nin keçirdiyi tenderlər də medianın diqqətini çəkib. Məsələn, 2021-ci ilin iyunun 10-da qurum beş sərnişin vaqonunun təmiri üzrə açıq tender keçirib. Məlumatda müasir vaqon təmiri sexinə malik metropolitenin yenidən bu işləri şübhəli özəl şirkətə etibar etdiyi qeyd olunur.**

Bildirilir ki, dövlət satınalmaları reyestrinə əsasən müsabiqədə “Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) qalib gəlib: “İş aşağıdakıları əhatə edir: vaqonların ön görünüşünün dəyişdirilməsi, qumla təmizlənməsi üçün tam sökülməsi, qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, ikiqat akril boya ilə rənglənməsi, antikorroziya boyası, kuzovun bərpası, ikiqat akril boya ilə boyanması, salonun tam yığılması və işıqlandırılmasının modernləşdirilməsi. İş 666,2 min manat (391,8 min dollar) həcmində qiymətləndirilib və 30 may 2022-ci il tarixinədək başa çatdırılmalı idi. Tenderə buraxılmaq üçün şərtlərdən biri son iki ildə göstərilən fəaliyyət sahəsində təcrübənin olmasıdır. Ancaq tenderdə iştirak edən digər iddiaçılar barədə məlumat verilmir”.

Daha sonra qeyd olunub ki, Metropoliten özünün 2014-2017-ci illərdə tikilmiş vaqon təmiri bazasının olduğunu gizlətmir: “Burada Rusiya istehsalı olan vaqonların təmiri ilə bağlı bütün işlər görülür. Ancaq məlum olmayan səbəblərdən metropoliten vaqonların təmiri üzrə işləri satın alır. 2019-cu ilin iyununda ilk açıq tenderdə həmin şirkət (“Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət) qalib gəlib. Onunla 2 milyon 87,7 min manat (1 228 min dollar) dəyərində müqavilə bağlanıb. “Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN 1701930271) haqda hər hansı açıq məlumat yoxdur. Ona görə də onun bu işlərdə ixtisaslaşdığı şübhəlidir. Şirkət 2016-cı ildə Bakıda 10 manat kapital ilə yaradılıb. Direktoru Rafiq Kərəm oğlu Məmmədovdur. 2019-cu ildə “Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət iki müqavilə üzrə metropolitenin avtomobillər və digər maşın və mexanizmlər üçün ehtiyat hissələrinə olan 1 milyon 652,5 min manatlıq tələbatını ödəyib. 2018-ci ilin iyununda bu şirkətə 384,6 min manat məbləğində (ƏDV nəzərə alınmaqla) analoji müqavilə verilib”.

“Turan” informasiya agentliyi qeyd edib ki, “Nəqliyyat Təmir-Təchizat” MMC-nin həmin il üzrə 45 993 manat məbləğində vergi borcu var: “Bu da formal olaraq dövlət satınalmalarında iddiaçılar üçün yolverilməzdir”.

20.04.2022-ci il tarixində Dövlət Satınalma Portalında isə iki tender müqaviləsi bağladığı barəsində məlumat dərc edilib.

Belə ki, TOO “Ticarət evi ЕПК – Qazaxıstan” (VÖEN – 070140008823) ilə bağlanan 41 250 manatlıq “81-717, 81-714 seriyalı metro vaqonlarının təmirində istifadə olunan ehtiyat hissələri” müqaviləsi və “AKB LenSpetsavtomatika” MMC (VÖEN – 780101001) ilə bağlanan 50 127 060 (Əlli milyon yüz iyirmi yeddi min altmış) manatlıq “Hərəkət tərkibləri üçün idarəetmə dövrələri avadanlığı” müqaviləsi barəsində ətraflı məlumat bölməsi boş saxlanılıb.

Bu barədə daha çox faktlar təqdim etmək olar. Ehtimal etmək olar ki, Zaur Hüseynovun vəzifədən çıxarılması ölkənin strateji nəqliyyat infrastrukturunda korrupsiya, özbaşınalıq və s. neqativ hallarla bağlı ola bilər. Son zamanlar mediada və sosial şəbəkələrdə bu qurumdan şikayətlər xeyli artmışdı. Qeyd olunurdu ki, qatarların tunellərdə qalması, daşıma qrafikinin tez-tez pozulması, idarəçilikdə yol verilən nöqsanlar paytaxtın artan tələbatının qarşılana bilməməsinə gətirib çıxarıb.

Onu da vurğulamaq yerinə düşər ki, dövlətin böyük vəsaitlər, subsidiyalar xərcləməsinə baxmayaraq astronomik zərər içində olan “Bakı Metropoliteni QSC” ən zəif inkişaf göstəricilərinə malikdir. Bunu son 15 ildə tikilib istifadəyə verilmiş metrostansiyaların sayı, onlarda tez-tez yaranan problemlər də təsdiq edir...

Gözləyək, görək, yeni sədr Vüsal Aslanov dövrü Bakı metrosu, onun xidmətindən istifadə edən milyonlarla sərnişin üçün nə ilə yadda qalacaq.

Rasim Əliyev