Entoni Blinken Azərbaycan hökumətinin jurnalistləri və fəalları həbsdən azad etməsini tələb edir

Baxış sayı:
163

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanda Vətəndaş Cəmiyyəti və mediaya qarşı təzyiqlərin gücləndirlməsi ilə bağlı bəyanatla çıxış edib. 

“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, bir müddət əvvəl Meydan TV-nin həbsdə olan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır. Birləşmiş Ştatlar təkcə bu həbslərdən deyil, Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır”, ABŞ Dövlət katibinin mətbuat üçün bəyanatında deyilir.

O bildirir ki, həbs edilənlərdən iki nəfəri insan haqlarını müdafiə etdikləri üçün bu həftə Vaşinqtonda olmalı idi:

“Rüfət Səfərov siyasi motivli həbslər və təqiblər, hökumətin korrupsiyası və işgəncə iddialarını sənədləşdirən və hesabatlar hazırlayan “Müdafiə Xətti” vətəndaş cəmiyyəti təşkilatının həmtəsisçisidir. O, Azərbaycanda qalan azsaylı tam ştatlı hüquq müdafiəçilərindən biridir və işinə görə hədəfə alınıb. Azərbaycan hakimiyyəti cənab Səfərovu dekabrın 3-də, o, Dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatını almaq üçün ABŞ-a getməsinə bir neçə gün qalmış saxlayıb. “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı və komandası dövlət məmurlarının nəzarətində olan şirkətlərdə qanunsuz tenderlərin keçirilməsi barədə məlumat verib, dövlət vəsaitinin külli miqdarda mənimsənilməsi ilə bağlı iddiaları araşdırıb. Onun işi hakimiyyətin qəzəbinə səbəb olub və o, 2023-cü ilin noyabr ayından istintaq təcridxanasında saxlanılır. Xanım Vaqifqızı dekabrın 9-da qiyabi olaraq Dövlət katibinin 2024-cü il Antikorrupsiya Çempionları mükafatını alıb”, Dövlət katibi bildirir. 

“Biz Azərbaycan hökumətini insan haqları naminə müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təzyiqləri dayandırmağa, hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və ATƏT-ə daxil olarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”, sənəddə qeyd edilir.
Turan İnformasiya Agentliyi