Narkotik vasitələr Azərbaycana necə daxil olur? – MTN POLKOVNİKİNDƏN ŞOK AÇIQLAMALAR
Taryel Əliyev: “Bəzi hallarda narkotik ticarətinə qarşı mübarizəni aparan ayrı-ayrı vəzifəli şəxslərin özlərinin də həmin dövriyyənin içərisində olur...”
“Bir ailənin 4 üzvü İranla məxfi əməkdaşlığa cəlb olunmuşdu...”
Bu günlərdə saytımızda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, MTN Akademiyasının keçmiş fakültə rəisi Taryel Əliyevin müsahibəsini dərc etmişdik. Ölkəmizdə və regionda baş verən siyasi proseslərin müzakirəsinə həsr olunan müsahibədə T.Əliyevin səsləndirdiyi “Azərbaycanın quru sərhədləri Gürcüstandan gələ biləcək təhlükəyə görə bağlıdır” fikri Borçalıda yaşayan bəzi soydaşlarımız tərəfindən etirazla qarşılanıb. Redaksiyamıza zəng vuran narazı şəxslər istər keçmişdə, istər də bu gün Borçalı üzərindən Azərbaycana qarşı heç bir təhlükənin mövcud olmadığını dilə gətirməklə yanaşı, müsahibizimi “azərbaycanlıları gözdən salmaqda” ittiham ediblər. Odur ki, məsələyə daha ətraflı aydınlıq gətirmək üçün yenidən Taryel Əliyevlə söhbətləşdik.
- Taryel müəllim, qəzetimizin ötən sayında dərc olunan müsahibədə qeyd etdiyiniz bəzi fikirlər, xüsusilə də “Azərbaycanın quru sərhədləri Gürcüstandan gələ biləcək təhlükəyə görə bağlıdır” açıqlamanız xeyli müzakirələrə səbəb oldu. Hətta Borçalıda yaşayan bir neçə soydaşımız sizi “azərbaycanlıları gözdən salmaqda” ittiham edib. İlk olaraq bu ittihamlara reaksiyanızı bilmək istərdik...
- Müsahibəni diqqətlə oxuyan heç bir şəxs belə bir fikir irəli sürə bilməz. Bu cür iddia irəli sürən şəxslər isə həmin müsahibədə qeyd etdiyimiz fikirləri bir daha təsdiq etmiş olurlar. Yəni onlar mənafelərinə xidmət etdikləri xarici dövlətin, konkret halda İran İslam Respublikasının onların qarşısına qoyduğu tapşırığı yerinə yetirməklə məşğuldurlar. Söhbət burda məhz Borçalıda yaşayan azərbaycanlıların Azərbaycan dövlətindən narazı salınmasından gedir. İran xüsusi xidmət orqanlarının bu dəsti-xətti hər kəsə məlumdur.
O ki qaldı ümumilikdə Gürcüstanda yaşayan 350 min nəfərə yaxın soydaşımıza, onların böyük əksəriyyəti Azərbaycan dövlətinə kifayət qədər sədaqətli, millətçi və vətənpərvər şəxslərdir. Bircə şeyi qürur hissi ilə qeyd etmək istəyirəm ki, mənim MTN İstintaq şöbəsində xidmət etdiyim dövrdə, 1990-cı illər və 2000-ci illərin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət hakimiyyəti nümayəndəsinə qarşı terror aktı törədilməsinə cəhd cinayətlərinə dair istintaqı aparılmış çoxsaylı işlər üzrə bir nəfər də olsun Gürcüstan əsilli azərbaycanlı cinayət məsuyliyyətinə cəlb edilməmişdir. Yalnız bir nəfər azərbaycanlı Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycana qarşı casusluq etdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Yəni demək istəyirəm ki, qəzetinizin keçən nömrəsindəki müsahibədə bildirdiyim fikirlər Gürcüstan azərbaycanlılarının əleyhinə deyil, yalnız onların bəlli bir qisminə aiddir.
- Hesab edirsiniz ki, sizin əleyhinizə fikir bildirən insanlar yenə də İran xüsusi xidmət orqanlarının tapşırığı ilə danışırlar...
- Bayaq da qeyd etdiyim kimi, bu cür fikir bildirənlər əsasən müsahibəni səthi oxuyub, əsassız nəticəyə gələn şəxslər ola bilər. Digər şəxslərin isə sualda qoyduğunuz məqsədləri güddüyü şübhə doğurmur. Bununla yanaşı, onu da deyim ki, mən regionçuluqdan, qohumbazlıqdan, yerlipərəstlikdən kifayət qədər uzaq adamam. Məsələlərə də həmişə obyektiv yanaşmağın tərəfdarıyam. Keçən dəfə də bildirdiyim kimi, İran xüsusi xidmət orqanlarının ölkəmizdəki fəaliyyətinin qarşısı Azərbaycan hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən qətiyyətlə alınır. Mənim yadımdadır ki, son dövrlər Gürcüstanda baş verən proseslərə oxşar və yaxud eyni proseslər 1993-94-cü illərdə Azərbaycan Respublikasında da həyata keçirilirdi. Həmin dövrdəki iqtisadi cəhətdən çətin vəziyyətdən istifadə edən Azərbaycan İslam Partiyasının rəhbərliyində olan bir qrup şəxs Bakı və Sumqayıt əraisində məhz İrandan gələn “yardım kampaniyaları” ilə xeyli insanı özlərinə tərəf çəkmişdilər. Digər bir misal: Azərbaycanın rayonlarının birində bir ailənin 4 üzvü – ata, ana, oğul və gəlin İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuşdu. Bu və qeyd etməyi lazım bilmədiyim digər hadisələrin üstü vaxtında və peşəkarlıqla açılmış və təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilmişdir.
Bir daha qeyd edirəm ki, Gürcüstandakı hazırkı vəziyyətin yaranması Azərbaycanın xaricdə yaşayan soydaşlarımızla məşğul olmalı olan qurumlarının və səlahiyyətli şəxslərin başdansovdu fəaliyyəti, habelə Gürcüstan hüquq mühafizə orqanlarının məsələyə laqeyd yanaşması səbəbindən mümkün olmuşdur.
- Yeri gəlmişkən, bəzi siyasi şərhçilər sərhədlərin bağlı qalmasını həm də Şimali Qafqazdakı hadisələrlə əlaqələndirirlər. Amma siz keçən dəfə bu məsələyə toxunmadınız...
- Şimali Qafqazda Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına səbəb olacaq hər hansı bir prosesin baş verdiyini zənn etmirəm. Düzdür, zaman-zaman bəzi dini təriqət üzvləri və kriminal şəxslər müəyyən gərginlik yaratmağa çalışırlar. Lakin hesab edirəm ki, nə Rusiya Federasiyası, nə də Azərbaycan dövləti həmin hadisələrin yüksək təhlükəyə çevrilməsinə imkan verməzlər. Bununla yanaşı, Şmali Qafqazda sərhədlərimizə çox yaxın ərazidə aparılmış Birinci və İkinci Çeçenistan müharibələri dövründə də quru sərhədlər bağlanılmamışdır. Baxmyaraq ki, hər iki müharibədə kifayət qədər ağır silahlar tətbiq olunur, terror aktları törədilirdi. Bu zaman az bir sayda çeçen öz torpağını tərk edərək, Azərbaycana və digər dövlətlərə sığınmışdı.
- Sizin Gürcüstandakı seçkilərlə bağlı təxmininiz özünü doğrultdu. Belə ki, qeyd etdiyiniz kimi, hakim “Gürcü arzusu” partiyası qalib gəldi. Amma, təəssüf ki, sosial şəbəkələrdə yayılan bəzi görüntülər seçkinin heç də şəffaf keçirildiyini deməyə əsas vermir...
- Bildiyiniz kimi, hakim “Gürcü arzusu” partiyası səslərin təxminən 54 faizini toplamışdır. Prinsipcə, bu, gözlənilən idi. Sosial şəbəkələrdə yayılan görüntülərə və fikirlərə gəldikdə isə, yəqin ki, bunlar hələ araşdırılacaq və hüquqi qiymət veriləcəkdir. Bizim Gürcüstanın rəsmi orqanlarının verdiyi məlumatları şübhə altına almağa haqqımız yoxdur. Gürcü xalqı öz seçimini etmişdir. Hesab etmirəm ki, baş vermiş qanun pozuntularına dair araşdırmaların nəticələri seçkinin ümumi nəticəsinə təsir göstərəcək.
- Maraqlıdır ki, Gürcüstanda keçirilən parlament seçkiləri Azərbaycanda da böyük diqqətlə izlənilirdi. Hətta son günlər belə fikirlər də səsləndi ki, hakim partiyaya dəstək məqsədilə Azərbaycandan Gürcüstana müəyyən qruplar da göndərilib...
- Həqiqətən də Gürcüstanda keçirilən parlament seçkilərinə cəmiyyətimizin xeyli maraq göstərdiyi hiss olunurdu. Mən hətta deyərdim ki, iki ay bundan qabaq Azərbaycan Milli Məclisinə keçirilən seçkilərə bu qədər maraq hiss eləməmişdim. Bu, böyük ölçüdə ona bağlıdır ki, Azərbaycanda kifayət qədər güclü hakimiyyət mövcuddur və seçkilərin nəticələri aşağı-yuxarı bəlli idi. Lakin Gürcüstan parlamentinə seçki ərəfəsində iş hətta o yerə gəlib çatmışdı ki, bizim şou proqramların aparıcıları belə, Gürcüstan xalqını sabitliyə səs verməyə dəvət edirdilər. Bizdə o sabitlik təmin olunub və illərdir mövcuddur. Nəticələrdən göründüyü kimi, Gürcüstan xalqı da sabitliyi seçdi.
Sualın digər hissəsinə gəldikdə isə, Azərbaycandan Gürcüstana nəinki hakim partiyaya, həm də müxalifətə dəstək olmaq üçün müəyyən qədər şəxslər getmişdi. Mən özüm sentyabr ayında şəxsi işlərimlə əlaqədar Gürcüstanda olmuşam. Bizim Faxralı kəndində əsasən müxalifətə dəstək olmaq üçün bir-neçə adamın gəldiyinin şahidiyəm. Düzdür, onların motivləri bir qədər fərqli idi. Bununla yanaşı, istər iqtidara, istər də müxalifətə dəstək üçün Gürcüstana getmiş, yaxud göndərilmiş şəxslərin proseslərə hər hansı ciddi təsirinin olduğunu zənn etmirəm.
- Bu arada, Gürcüstanda seçkinin nəticəsi ilə barışmayan müxalif qüvvələr fasiləsiz etiraz aksiyasına qərar verdi. Siz proseslərin gedişini necə görürsünüz?
- Düzü, mən bu aksiyaların hər hansı nəticəyə gətirib çıxaracağını gözləmirəm.
- Belə bir vəziyyətdə Gürcüstanı nə gözləyir? Sizcə, Avropa ilə diplomatik əlaqələr, o cümlədən vizasız rejim ləğv oluna bilərmi?
- Keçən dəfə qeyd etdiyimiz kimi, “Gürcü arzusu” hakimiyyətə gəldikdən sonra Gürcüstanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərdən yavaş-yavaş uzaqlaşmağa başladı. Həmin tendensiyanın davam edəcəyini gözləyirəm. Prosesin Gürcüstan vətəndaşlarının Avropaya vizasız gedişlərinin ləğvinə çatacağı zamana bağlı məsələdir.
- Doğrusu, Gürcüstandakı siyasi proseslərlə bağlı cavablandırılası daha bir neçə sualımız var, amma belə görürük ki, siyasi məsələlərə münasibət bildirməyə meylli deyilsiniz...
- Mən keçən dəfə də qeyd etdim ki, Azərbaycanın daxilində cəmiyyəti kifayət qədər maraqlandıran, narahat edən sosial-hüquqi məqamlar var. Məncə, biz daha çox özümüzdən danışsaq yaxşıdır.
- Yeri gəlmişkən, son vaxtlar inzibati cərimələrin artırılması ilə bağlı cəmiyyətdə böyük narazılıqlar var...
- Cəmiyyətdə baş verən ictimai münasibətlərin böyük bir qismi dövlət tərəfindən müəyyən edilən qaydalarla nizama salınır. Təbii ki, bu qaydaların pozulmasına görə müvafiq cəzalar da nəzərdə tutulur. Bu müsahibədə cəzanın fəlsəfəsi ilə bağlı dərin təhlillərə dalmaq istəməzdim. Qaydalar müəyyən olunub və hər kəs bu qaydalara əməl etməlidir. Şübhəsiz ki, qaydalara əməl etməyən şəxslər də müvafiq qaydada cəzalandırılmalıdır.
Bəli, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə cərimələrin hədsiz dərəcədə artırılması son dövrlər cəmiyyətdə xeyli söz-söhbətə səbəb olmuşdur. Bəzən bu cərimələrin artırılmasından populizm məqsədləri ilə də istifadə olunur, cərimələrin məbləğinin əhalinin gəlirlərinə uyğun olmaması barədə danışılır. Lakin əsas məsələ cərimələrin məbləği deyil, onu pozan şəxslərlə nə dərəcədə səmərəli mübarizə aparılmasıdır. Azərbaycandakı vəziyyət isə onu göstərir ki, hansısa bir vəzifəli şəxs şifahi, yaxud yazılı qaydada qanunun hansısa müddəasının müvəqqəti və ya daimi tətbiq edilməməsi barədə göstəriş verir. Məsələn, piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı qanunvericilikdə müvafiq cərimələr nəzərdə tutulmuşdur. Bir neçə il bundan qabaq birdən-birə həmin normanın böyük bir həvəslə tətbiq edilməyə başladığının şahidi olduq. Lakin bu, qısamüddətli və kampaniya xarakterli oldu. Hazırda yol hərəkəti qaydalarını pozan piyadalara qarşı hər hansı bir hüquqi tədbir tətbiq edildiyini görmürük. Bu, tam bir hüquqi nihilizmdir. Şəxs hamının gözü qarşısında yolu piyada üçün nəzərdə tutulmamış yerdən keçir, lakin heç bir tədbir görülmür. Özlüyündə bu, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Bunu DİN-in statistikasına baxsaq, aydın görərik.
Yenə bir neçə il bundan qabaq Dövlət Yol Polisi əməkdaşlarına verilən qanunsuz göstərişin şahidi olmuşam. Həmin göstərişdə qanunda nəzərdə tutulmuş inzibati xətaya görə sürücülərin cəzalandırılmaması tələb olunurdu. Söhbət plyonka və pərdələrdən gedirdi. Yəni qaydalar və cərimələr müəyyən olunub, lakin nə həmin qaydalara əməl etməli, nə də onu tətbiq etməli olan şəxslər buna əməl etmirlər. Deməli, burada əsas məsələ, dediyim kimi, cərimənin müəyyən olunması, yaxud onun məbləği deyil, həmin qaydalara əməl olunmasına nəzarət edən orqanların işinin səmərəliliyi ilə ölçülür.
Digər əsas və vacib məsələ odur ki, cərimə hüquq pozuntusuna görə müəyyən olunur, qısası, qaydanı pozma və cərimə olunma.
- Hesab edirsiniz ki, cərimələri artırmaqla hansısa problemi həll etmək mümkündür?
- Mən qətiyyən belə fikirdə deyiləm. Açığı, bu dəyişikliklərin də normal tətbiq olunacağına ümidim yoxdur. Hətta biraz dərinə getsək, misal üçün, “balkon”da siqaret çəkib kötüyünü yerə atanların aşkar olunmasının mexanizmi belə, yoxdur. Kimsə görüb məlumat versə belə, sübut edilməsi mümkün kimi görünmür. Sözsüz ki, bu məsələdə ictimai qınaq, maarifləndirmə, təbliğat kimi amillərə üstünlük verilməlidir. Lakin şəxsən mənim təcrübəm göstərir ki, maarifləndirmə ilə də küçəni zibilləyənlərin qarşısını almağa nail olmaq xeyli müşkül məsələdir. Mən yaşadığım binanın girişini zibilləyən, siqaret kötüyünü atan, yaxud küçəni zibilləyən şəxslərlə o maarifləndirici söhbəti mütəmadi aparıram. Demək olar ki, indiyədək müsbət nəticə əldə edildiyini deyə bilmərəm. Yaxud, işğaldan azad edilmiş ərazilərimizdə zibil toplanılması faktları barədə mətbuatda xeyli məlumat getmişdi. Belə bir vəziyyətdə, sözsüz ki, cərimələrin düzgün tətbiqinə ehtiyac yaranır.
- Bu gün cəmiyyətimizi düşündürən əsas problemlərdən biri, bəlkə də birincisi ölkədə narkomaniyanın və narkoticarətin sürətlə yayılmasıdır. Bir hüquqşünas kimi sizin fikrinizi bilmək istərdik, narkotik alverçiləri ilə bağlı qanunların sərtləşdirilməsi bu problemin həllinə gətirib çıxara bilərmi?
- Bayaq da qeyd etdiyim kimi, hüquq pozuntuları ilə mübarizədə əsas məsələ cəzaların sərtliyi deyil, onların düzgün tətbiq olunmasıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan dövlət orqanlarının əməyini yüksək qiymətləndirirəm. Bununla yanaşı, bəzi hallarda bu mübarizəni aparan ayrı-ayrı vəzifəli şəxslərin özlərinin də həmin dövriyyənin içərisində olduğu barədə xəbərlər eşidirik. Eyni zamanda, bəzi hallarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə yalnız statistik hesabatlardakı rəqəmləri göstərmək hesabına, səthi aparılır. Öz növbəsində, bu hallar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə ümumi vəziyyətə mənfi təsir göstərir.
- Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, Azərbaycana daxil olan narkotiklərin ən yaxşı halda 16 faizi aşkar olunur. Bu isə o deməkdir ki, ölkəmizə gətirilən narkotik vasitələrin böyük hissəsi sərbəst şəkildə öz alıcısına çatır. Sizcə, bunun qarşısını almaq niyə mümkün olmur?
- Narkotiklərin qanunsuz dövriyyəsi latentliyi olduqca yüksək olan cinayətdir. Bu halda istər alıcı, istər də satıcı tərəfindən hüquq mühafizə orqanlarına cinayətin baş verməsi barədə məlumat verilməsi halları demək olar ki, mövcud deyildir. Necə deyərlər, alan məmnun, satan məmnun. Bu cür cinayətlərin üstünün açılması da yalnız hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində mümkün olur. Şübhəsiz ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin də tək hüquq mühafizə orqanlarının üzərinə atılması cinayət faklarının açılma faizinin aşağı olmasına gətirib çıxara bilər. Narkotiklər böyük bəladır, onunla mübarizə hamının – dövlətin, cəmiyyətin, məktəbin, ailənin əlaqəli və birlikdə kompleks fəaliyyəti nəticəsində mümkündür.
- Gəlin, daxildə aparılan mübarizədən öncə narkotik vasitələrin ölkəmizə necə, hansı yollarla gətirilməsi haqda düşünək. Çünki narkotik nə qədər alçatmaz olarsa, bir o qədər istifadəçisi də az olar...
- Ümumiyyətlə, narkotik aludəçiliyinə düçar olmuş şəxsi onun qiyməti artıq maraqlandırmır. Bizim qonşuda bir narkoman olduğunu eşitmişdim. Deyirdilər ki, narkotik vasitə əldə etmək üçün nəinki evin bütün əşyalarını, nətta döşəmənin taxtalarını da söküb satmışdı. Bununla yanaşı, ucuz və ya bahalı narkotik vasitələr mövcuddur. Necə deyərlər, hər kəs ayağını öz yorğanına görə uzadır. Daha ucuz və daha tez təsir göstərən sintetik narkotik vasitələr vardır ki, onlar aludə olmuş şəxsin daha tez məhv olmasına gətirib çıxarır.
Narkotik vasitələrin necə gəlməsi ilə bağlı demək istəyirəm ki, heç kimə sirr deyil, narkotik vasitələr əsasən qaçaqmalçılıq yolu ilə ölkəmizə daxil olur. Tibbi məqsədlər üçün istifadə olunan narkotik tərkibli dərman preparatları ciddi nəzarət altındadır. Qaçaqmalçılıq yolu ilə ölkəmizə daxil olan narkotik vasitələrin böyük əksəriyyəti cənub qonşumuzla sərhəddən keçirilir. Azərbaycan gəncliyini narkotiklərə aludə etdirərək, gələcəkdə öz məqsədləri üçün istifadə etmək taktikası qonşumuzun ölkəmizə qarşı fəaliyyətinin tərkib hissəsidir./Hurriyyet.az