“Ailəni qoruyan əsas vasitələrdən biri kişinin həyat yoldaşını qısqanmasıdır” – SOSİOLOQ MAİL YAQUB
Azərbaycanda ictimai həyatın bütün sahələrində qadınların kişilərlə bərabər çalışmasında dövlətimizin rolunu danmaq olmaz. Dövlətimiz tərəfindən qadınların hüquqları müdafiə edilir, qorunur və dəstəklənir. Məsələn, qadınların kişilərlə bərabər çalışması üçün dövlət tərəfindən bütün imkanlar yaradılıb. Məhz bu səbəbdəndir ki, günümüzdə qadınların rolu günbəgün artmaqdadır.
Xüsusilə, müstəqilliyimizin bərpasından sonra qadınların öz istedad və bacarıqlarını göstərməsi üçün geniş imkanlar yaradıldı. Təsadüfi deyil ki, hazırda təkcə daxildə deyil, ölkəmizi xaricdə təmsil edən qadınlarımız da öz səlahiyyətlərinin öhdəsindən layiqincə gəlirlər. O cümlədən, idman yarışlarında, beynəlxalq müsabiqələrdə və digər platformalarda qadınlarımız ölkəmizi layiqincə təmsil edirlər. Bu, bizim üçün qururvericidir.
Bundan əlavə, millət vəkili, diplomat, hərbçi, hüquqşünas, müəllim kimi fəaliyyət göstərən, eləcə də biznes sahəsində və digər peşələrdə layiqincə çalışan qadınlarımız da az deyil. Bir sözlə, Azərbaycanda gender bərabərliyi hər zaman diqqət mərkəzində olub. Hətta tarixə nəzər saldıqda görürük ki, gender ənənəsi hələ ötən əsrin əvvəllərində belə, ölkəmizdə mövcud olub. Hətta zamanında bu ənənə bütün dünyanın diqqətini də cəlb edib.
Azərbaycan qadınının ötən əsrin əvvəllərindən etibarən ictimai həyatın bir çox sahələrində kişilərlə bərabər olması həmin dövrdən ölkəmizdə gender bərabərliyinin mövcudluğundan xəbər verir. Halbuki, o dönəmdə inkişaf etmiş ölkələrdə belə, hələ gender bərabərliyindən söhbət gedə bilməzdi. İstər İslam aləmində, istər də Şərqdə ilk dəfə qadına seçmək və seçilmək hüququ verən məhz Azərbaycan Xalq Cümhuriyyəti olub.
Əlbəttə, hər bir normal cəmiyyətdə insanların özləri də kişilər və qadınlar arasında bərabərliyin təminatçısı olmağa maraq göstərməlidirlər. Daha dəqiq desək, ya kişinin, ya da qadının bu bərabərliyi pozmasına cəmiyyət özü imkan verməməlidir. Eyni zamanda o da dərk edilməlidir ki, “gender bərabərliyi” dedikdə nə kişinin qadının yerini tutması, nə də qadının kişinin yerinə keçməsi başa düşülə bilməz. Bu baxımdan, insanlar kişi və qadınlar arasındakı bərabərlikdən qorxmamalıdırlar. Təsadüfi deyil ki, hazırda dünyanın bir çox ölkəsində gender, ailə və demoqrafiya problemləri həll edilməyə çalışılır.
1995-ci ildə qadınların Ümumdünya Konfransında qəbul edilmiş “Pekin Fəaliyyət Platformasında” qarşıya qoyulmuş strateji məqsədlərdən biri qadınlara qarşı zorakılığın aradan qaldırılması və bunun qarşısının alınmasıdır. Bu sənəd əsasında ölkəmizdə “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” adlı qərar qəbul edilib. Hətta Gender siyasətinin daha dolğun həyata keçirilməsindən ötrü Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb (2006-cı ildən Ailə, Qadın və Uşaq Prob-lemləri üzrə Dövlət Komitəsi adlanır).
Ümumilikdə, qadın-kişi hüquqlarını qadının üstün, kişinin aşağı olması və ya əksi kimi göstərmək olmaz. Qadın hüquqlarını qorumaq yolunda kişi hüquqlarını da tapdalamamış oluruq.
Hər dövrdə ailədaxili problemlər mövcud olub. Qısqanclıq, maddi çətinliklər, xasiyyət uyğunsuzluğu, xəyanət, şiddət bu kimi hallar evli şəxslər arasında boşanmalara səbəb olub. Zorakılıq göstərən kişiləri də qadınlar “yetişdirir”. Yəni etiraf etməliyik ki, bu cür düşüncələri uşaqlarımızın zehnində özümüz yaradırıq, kimisi ətrafında, kimisi ailədə görür.
O halda, biz cəmiyyətimizdəki bu kimi xoşagəlməz halların aradan qaldırılması üçün daha hansı işləri görməliyik? Bu və digər suallara sosioloq Mail Yaqubla söhbətimizdə cavab tapmağa çalışdıq.
Mail Yaqub ilk öncə onu bildirdi ki, bəzi hallarda “gender bərabərliyi”, “qadın hüquqları” məsələsi cəmiyyətimizdə yanlış qəbul edilir: “Gender bərabərliyi, qadın hüquqları, qadın hüquqlarının qorunması məsələsi o anlama gəlir ki, Azərbaycanda da, Avrovadakı kimi, ailəli qadın istədiyi yerə gedə, həyat yoldaşından icazə almadan istədiyi adamla ünsiyyət qura, istədiyi adamla istədiyi münasibəti qura bilər. Əgər bu anlama gəlirsə, şübhəsiz ki, bu, Azərbaycan kültürünə, Azərbaycan insanına, Azərbaycan xalqının etikasına mədəniyyətinə, əxlaqına uyğun gəlmir. Bu halda, ümumiyyətlə ailədən söhbət gedə bilməz. Bu gün Azərbaycanda boşanma halları çoxalıb, onun bir hissəsinin səbəbi də məhz budur. Tam deyil, amma kiçik də olsa, bir hissəsi də budur.
Qadın aşırı dərəcədə azad olmaq istəyir. Aşırı dərəcədə azad olmaq istəməsi, dediyim kimi, tam şəkildə kişi ilə bərabər olmaq deyil, bu, yolverilməzdir. Bu, feministlərin 20-ci əsrdə dünyaya ərmağan etdikləri biabırçılıqdır. Bunun nəticəsində Avropa və digər ölkələrdə ailələr dağılır. Çünki heç bir kişi buna instiktiv olaraq razı deyil ki, onun həyat yoldaşı istədiyi kimi, istədiyi adamla münasibət qursun.
Bəs o zaman ailə nə deməkdir? Ailəni qoruyan əsas vasitələrdən biri kişinin həyat yoldaşını qısqanmasıdır. Və bu təbii haldır, dəyərli bir hissdir. Bəli, aşırı dərəcədə qısqanmaq səhvdir, amma, ümumiyyətlə kişinin həyat yoldaşını heç qısqanmaması o deməkdir ki, ümumiyyətlə, burada ailədən söhbət gedə bilməz. Ona görə də mənim baxışım burada birmənalıdır.
Amma bu, həm də o demək deyil ki, kişi ailədə hegemonluq, diktatorluq etsin, əzazil olsun, həyat yoldaşını incitsin, ona yersiz vəzifələr yükləsin... Xeyr, bu, o anlama gəlmir, belə olmaz. Kişi həyat yoldaşına xidmət etməlidir, onun qayğısını çəkməlidir. Feministlər heç məsələnin bu tərəfini də qəbul etmirlər. Yəni onlar bunu da qəbul etmirlər ki, kişi ilə qadın bərabərhüquqlu olduğu üçün kişi nəyə görə xanımının əziyyətini çəkməlidir, ona xidmət etməlidir?!
Biz onu deyəndə bu tərəfini də hər zaman qeyd edirik ki, kişi xanımının qulluğunda olmalı, ona xidmət etməlidir. Məsələn, xərclərini ödəməli, ən əsası onun qayğısını çəkməlidir”.
Jalə FAMİLQIZI