GÜRCÜSTANDA “RUSİYA SEÇKİLƏRİ” - Kreml “bir daşla iki quş vurdu”; həm Avropanı Gürcüstandan “çıxardı”, həm də ölkəni tamamilə nəzarətə aldı
Gürcüstanda çoxdan gözlənilən parlament seçkiləri belə demək olarsa, başa çatdı. Döğrudur, prezident Salome Zurabişvili başda olmaqla ölkədəki qərbyönlü cinahın hələ müqavimət və etiraz perspektivi mövcud olsa və gözlənilsə də, “Gürcü arzusu” tələm-tələsik “qələbəsi”ni elan etdi. Elə “Gürcü arzusu” hökuməti kimi, digər avtoritar hökumətlər də geri qalmayaraq saxtalaşdırılmış seçkinin nəticələrini qəbul edərək, təcili təbriklərini səsləndirdilər.
Seçki müddətində Azərbaycanın da saxta parlamentinin rusbaş üzvləri “Gürcü arzusu”nu dəstəkləmək və öz saxtakarlıq təcrübələrini bölüşmək üçün orada idilər. Hətta teleqram kanallarından birində Azərbaycanın saxta parlament üzvlərindən biri mediaya müsahibə verdiyi zaman arxa fonda saxtakarlıq aktının baş verməsinin görüntüləri paylaşıldı.
Bütün baş verənlərə baxmayaraq, gürcü milləti, prezidenti öndə olmaqla, Rusiyadan gələn saxtakarlığa qarşı müqavimət başladacağını elan etdi. Salome Zurabişvili parlament seçkilərini, “Gürcü xalqı üzərində sınaqdan keçirilmiş hibrid müharibənin yeni forması” adlandırdı. O, seçkilərin nəticələrinin tamamilə saxtalaşdırıldığını elan etdi: “Bu, total saxtakarlıq və səslərinizin qəsbi idi. Müxtəlif ölkələrdə gördüyümüz bütün üsullardan istifadə olunub. Bununla belə, bu dəfəki saxtalaşdırma üçün istifadə edilmiş texnologiyalar lap ağını çıxartdı. Bu, əvvəllər heç vaxt olmamışdı. Biz Rusiyanın xüsusi əməliyyatının, xalqımıza, ölkəmizə qarşı aparılan hibrid müharibənin şahidi və qurbanı olduq”.
Beləliklə, prezident bu səsverməni “Rusiya seçkiləri” adlandıraraq, hakimiyyəti vətəndaşları Konstitusiya ilə təmin edilmiş hüquqlardan məhrum etməkdə ittiham etdi: “Seçki institutu əlimizdən alındı, çünki bu seçkilərdən sonra nəsə dəyişməsə, gələcəkdə seçkilərin necə olacağını təsəvvür etmək çox çətindir. Onlar bizim konstitusion seçim hüququmuzu əlimizdən aldılar”.
Salome Zurabişvili həmçinin, Mərkəzi Seçki Komissiyasının ictimaiyyətə təqdim etdiyi nəticələri tanımadığını vurğuladı: “Mən bu seçkiləri tanımıram. Bu seçkilər tanına bilməz. Bu, Rusiyanın buraya daxil olması, Gürcüstanın Rusiyaya tabe olması deməkdir. Mən bunun üçün ölkəyə gəlməmişəm. Bizim əcdadlarımız bunun üçün yaşamayıb və biz bunu qəbul etməyəcəyik. Heç kim Gürcüstanın Avropa gələcəyini əlindən ala bilməz”. Bunun ardınca isə, o, insanları Tiflisin mərkəzində etiraz aksiyasına çıxmağa çağırdı.
Öz növbəsində, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də müxalifəti parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırdı: “Dünyaya azadlıq uğrunda mübarizə apardığımızı, ədalətsizliyə dözməyən xalq olduğumuzu göstərmək üçün böyük etirazların vaxtıdır. Vaxt çox azdır!”.
Beynəlxalq təşkilatlardan isə Avropa Şurasının prezidenti Çarlz Mişel Gürcüstan Mərkəzi Seçki Komissiyasını səslərin hesablanması zamanı pozuntuları araşdırmağa və düzəltməyə çağırdı. O, bu barədə X sosial şəbəkəsində bildirdı: “Biz Rusiyanın xüsusi əməliyyatının qurbanı olduq. Biz ATƏT/DTİHB-in (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) ilkin qiymətləndirməsini nəzərə alırıq və Mərkəzi Seçki Komissiyası ilə digər aidiyyəti qurumları mümkün pozuntuları və bununla bağlı iddiaları operativ, şəffaf və müstəqil şəkildə araşdırmaq və nəzərdən keçirmək üzrə öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bu mümkün pozuntular ciddi şəkildə araşdırılmalı və aradan qaldırılmalıdır”.
Hər bir halda “Gürcü arzusu” hökumətinin bu çağırışlara saymazyana yanaşacağı göz qabağındadır. Bu reaksiya hökumət səviyyəsində tezliklə ortaya qoyulacaq.
Gürcüstanda 4 müxalifət partiyası parlament seçkilərinin nəticələrini tanımayıb və parlamentə qatılmaqdan imtina edib. Gürcü müxalifətində 5 faizlik baryeri 4 partiya keçə bildi. Bunlar “Dəyişiklik üçün koalisiya”, Saakaşvilinin əsasını qoyduğu “Birlik – Milli hərəkat”, “Güclü Gürcüstan” və “Qaxariya – Gürcüstan naminə” partiyalarıdır.
“Dəyişikliklər üçün koalisiya” ölkədə sistemli dəyişikliklərə çağırır. Onların 4 vədi – Aİ -yə daxil olmaq üçün danışıqlara başlamaq, “xarici agent” qanunu kimi mürtəce, antidemokratik qanunların ləğvi, vergilərin azaldılması və təhsilə investisiya qoyulmasıdır.
“Birlik – Milli hərəkat”ın hədəfi isə 4 ildə kasıblıqla mübarizə, ədliyyə sahəsində islahatlar və ölkənin Aİ-yə daxil olması prosesini bərpa etməyə çalışmaqdır.
“Güclü Gürcüstan” iki yüz min yeni iş yerinin açılması və imiqrantların geri qayıtması üçün şəraitin yaradılması, Rusiyanın Gürcüstandakı təsirinin azaldılması və Aİ-yə daxil olmaq hədəflərini açıqlayıb.
“Qaxariya – Gürcüstan naminə” partiyasının proqramı əsasən iqtisadi əsaslıdır. Onun hədəfləri minimal əmək haqqının 950 lariyə qaldırılması və işini itirən şəxslərə 6 ay müddətində maaşının 60 faizinin ödənilməsi, işə düzələ bilməyən sosial baxımdan müdafiəsiz vətəndaşlar, gənclər və qadınlar üçün ildə 300 min lari ayrılmasını və Aİ-yə daxil olmağı nəzərdə tutur. Beləliklə, bu dörd prtiya seçki nəticələrini tanımadığını bəyan etdi.
Gürcüstanın teleqram kanalları yazır ki, 65 müxalifət deputatı Gürcüstan parlamentinə girməyib və parlament birpartiyalı olacaq. Belə desək, “Gürcü arzusu” opponentlərinin əks mövqeyini nəzərə almayacaq.
Gürcüstanın baş naziri Kobaxidzenin açıqlaması da təsdiq edir ki, hazırkı hökumət hakimiyyətdə qalmaqdan ötrü hər bir halda işini quracaq: “Nə partiya məzmununa, nə də insan resursuna görə, onların (müxalifətin) heç biri parlamentdə işləməkdə maraqlı deyil, ona görə də parlamentə daxil olub-olmayacağına özləri qərar verməlidirlər. Biz buna vaxt itirməyəcəyik, elə ya belə parlament legitim olacaq”.
Bir sözlə, “Gürcü Arzusu” müxalifətin deputat mandatlarından imtina qərarından məmnun qalıb. “Mən bütün müxalifətçilərə parlamentə daxil olmamağı tövsiyə edirəm. O zaman heç olmasa normal iş mühitimiz yaranacaq və biz təxribatdan qorunacağıq”, deyə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib. Daha doğrusu, məzələnib...
Heç də təəccüblü deyil ki, rusyönlü varlıqlar müxalifətin olmamasını “normal iş mühiti” adlandırırlar. Onların fikrincə, müxaliffətin parlamentə girməməsi “təxribatdan qorunma” anlamına gəlir.
Göründüyü kimi, Kobaxidzenin açıqlaması artıq “Gürcü arzusu”nun müxalifətdən seçkilərdə qalib gələn şəxslərin parlamentə gəlib-gəlməməsini saya salmayacağını, ictimai narazılığa baxmayaraq hökumətin Rusiyanın forpostu olmaq tendensiyasını davam etdirəcəyini bəlli edir.
Qərbli müşahidəçilərin də baş verənlərə necə baxdığı maraqlıdır. Onlar hakim partiyanın qələbəsinin səbəbini belə şərh edirlər. “Qütbləşmiş media mühiti seçicilərin seçim etməsinə mane oldu, səsvermə günü hər şey yaxşı təşkil olundu, vəziyyət gərgin idi, gizli səsvermə prosesi pozuldu”, deyə fransız siyasətçi Paskal Alizar bildirib.
İİR və NDI Gürcüstanda parlament seçkiləri ilə bağlı ilkin hesabatları təqdim ediblər. Bəyanatda ölkədə inzibati resurslardan istifadə edildiyi, partiyaların qeyri-bərabər şəraitdə olduğu, seçicilərin, xüsusən də müxalifəti dəstəkləyənlərin təhdid edildiyi, qəbul edilmiş qanunvericilik dəyişiklikləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına etimadın aşağı səviyyədə olduğu qeyd edilib. NDI-nin bəyanatında, "Seçkilərdə fəallıq yüksək olub, bu, gürcülərin ölkədə demokratiyanı dəstəklədiyini göstərir. Müşahidəçilər ötən seçkilərlə müqayisədə daha çox qanun pozuntusunu müşahidə ediblər. Gürcü xalqı göstərdi ki, demokratiyanın möhkəmlənməsini istəyir və hamı bu fikrə hörmətlə yanaşmalıdır. Parlament bu fikrə hörmət etməlidir. -Xarici agentlər haqqında- qanunu ləğv etməli, hər kəsə öz fikrini bildirmək, o cümlədən seçkinin nəticələri ilə razılaşmamaq imkanı verilməlidir”, deyə bildirilir. Bəs bundan sonra vəziyyət Qərbyönlü qüvvələrin xeyrinə dəyişərsə, qlobal parçalanma kontekstində Gürcüstanda intibah mümkündürmü?
Məsələn, Ermənistan, Qazaxıstan Aİ, ABŞ, Çin və Rusiya maraqları arasında manevr edirlər. Amma bu manevr ondan irəli gəlir ki, onların başçıları əsl milli liderdirlər. Buna görə də öz dövlətlərinin gələcəyini düşünən liderlər onu mümkün qədər rus qüllələrinin zəhərli tüpürcəklərindən və onların əyri müşayiətçilərindən qoruyur, nəticədə müxtəlif regional və qlobal oyunçular üçün çoxsaylı əks çəki daşları qoyurlar. Lakin “Gürcü arzusu” vətənpərvərlikdən uzaqdır: bu, klassik populist partiyadır, Moskvadan “pul əmmək” üçün Putinin imperiya ruhunu sığallayır. Bidzina İvanaşvili Rusiyaya qarşı heç bir əks tarazlıq yaratmır: Gürcüstanı imperiya faşizminin ağzına yem kimi atır.
Gürcüstan Saakaşvilinin dövründə iqtisadi sektorun sürətli inkişafı üçün yaxşı potensial nümayiş etdirdi. Bu ölkə özünü demokratik yollarla korrupsiya və cinayətdən təmizləyən regional “mirvari” ola bilərdi. Lakin Saakaşvili hakimiyyətimim sonu “sovet praktikasına” – total korrupsiyaya və “Moskva” elitasının ağuşuna qayıdış nöqtəsi oldu. Bu, uçuruma aparan yoldur.
İndi Gürcüstana müxtəlif oyunçuların maraqlarının tarazlığı lazımdır, amma “Gürcü arzusu” bunu həyata keçirməyə belə cəhd etməyəcək. Hələ bizim rusbaş deputatların Gürcüstandakı seçkilərə hansı xarakterdə köməyə getmələri xüsusi qınaq obyekti olmalıdır. Saxtakarlığn şah əsərini yaradan MSK-nın, Azərbaycan seçki sisteminin ikrah doğuran “saxtakarlıq inciləri” hansı üzlə Gürcüstandakı seçkiləri müşahidə etməyə təşrif buyurublar... Saxta deputatların gürcü seçicisinə nəsə verə biləcəyi özü böyük bir sual işarəsidir. Yəqin ki, özləri üçün ovduqları umacdan “Gürcü arzusu” üçün də ovublar. Özü də Putinin diqtəsiylə.
Bütün baş verənlərlə yanaşı, Rusiyanın yanına çəkilməklə Gürcüstanın Avropa üzvlüyü prosesinin dayandırılması açıqlamasından sonra vizasız gediş-gəlişin də dayandırılacağı məlumdur. Sözsüz ki, Gürcüstanın Aİ-yə üzvlüyünün dayandırılması vizasız gediş-gəliş güzəştindən istifadə edərək Avropaya işləməyə gedən əmək miqrantlarına zərbə olacaq. Bu isə Gürcüstanın büdcəsinə zərərdir. Avropaya gedən əmək miqrantları Avropa bazarında öz ölkəsində tapmadığı iş imkanlarını əldə edir, bir müddət çalışdıqdan sonra əlində topladığı sanballlı maliyyə ilə dolanışığını yaxşılaşdıran Gürcüstan vətəndaşları həm ölkə büdcəsinə töhfə verir, həm də qazandığı pulla öz ölkəsində biznes, yaxud əmlak əldə edirdi. Amma Aİ- üzvlüyünün ləğv edilməsiylə bu şansını itirən vətəndaşlar Gürcüstan büdcəsi üçün yük olacaq.
Bəs Gürcüstanın indiyə qədər ağırlığını hiss etmədiyi əmək mqirantları bundan sonrakı ölkə büdcəsi üçün nələr vəd edir? Əlbəttə, Gürcüstan büdcəsinə avro gətirən əmək miqrantları ölkələri rus forpostuna çevrildikdən sonra bu şansı itirəcəklər. Bu isə rusyönümlülüyün gətirdiyi “imtiyaz” və “töhfə”dir. Çünki harada Rusiya varsa, orada saxtakarlıq hökm sürür. Harada Rusiya varsa, orada zəlalət və rəzalət meydan sulayır.
Ülviyyə ŞÜKÜROVA