Nüvə silahından daha təhlükəli addımlar

Baxış sayı:
5893

Dünyada əhali artımının qarşısını almaq üçün ailə dəyərləri necə məhv edilir...

Son on ildə dünyanın həddən çox əhali artımı təhlükəsi problemi ilə üz-üzə olduğu qəbul olunmaqdadır. Belə bir nəzəriyyə hökm sürür ki, nəzarət olunmayan əhali artımı dünyanın onsuz da qıt olan mənbələrini istismar edəcək və ətraf mühitin axırına çıxacaq. Cilovalana bilməyən əhali ildən-ilə daha çox qida, enerji və digər qaynaqlara ehtiyac duyacaq, nəticədə qlobal istiləşmə və başqa iqlim fəlakətləri planetin sonunu gətirəcək.
Əhali artımının qarşısının alınması zərurəti ilə bağlı demək olar ki, bütün ölkələr həmfikirdir. Yəqin ki, bir çoxunuz KİV-lərdən illər ərzində arasıkəsilmədən təkrarlanan və beyinlərə həkk olunan bu fikriləri eşitməmiş olmazsınız. Böyük ehtimalla, bir çoxunuz düşünürsünüz ki, bəşəriyyət olaraq başımıza gələn bir çox təbii fəlakətlərin səbəbi həddən çox insan artımı, onların nəzarətsiz şəkildə resursları istifadə etməsidir. Hətta bir çoxumuz da cəmiyyətdəki problemlərin əsasən çoxuşaqlı ailə sahiblərinin şəhvətindən, onların doğub-törətmək həvəsindən qaynaqlandığını düşünürük. Hətta onları bunun üçün mühakimə belə, edirik. “Saxlaya bilməyəcəyin uşağı niyə dünyaya gətirirsən”, - deyə onları ittiham edirik.
Halbuki, məsələ heç də belə deyil. Çünki son illərdə dünya üzrə əhali artımı sürətlə üzüyuxarı yox, üzüaşağı gedir. Yalnız Hindistan istisna olmaqla. Doğrudur, əvvəllər əhali sayına görə Çin irəlidə idi, amma artıq Hindistan onu geridə qoyub. Çoxuşaqlı ailə modeli artıq aktuallığını itirib, inkişaf etmiş ölkələrdə əhali sürətlə yaşlanır və köklü dəyişikliklər əmələ gəlib. Bir sıra inkişaf etmiş ölkələrdə insan ömrü uzanıb, doğum sayı aşağı düşüb, yaşlanan əhalinin yerinə gənc nəsil gəlmir. Bu problem ən çox Avropa və Yaponiya kimi inkişaf etmiş ölkələrdə yaşanmaqdadır.
Amma paradoksaldır ki, inkişaf etmiş ölkələrdəki doğum həddi aşağı düşərkən, az inkişaf etmiş ölkələrdə bu həddin yüksək olması düşüncəsiylə əhalinin artdığını düşünürlər. İnkişaf etmiş ölkələrdə əhali artımı müxtəlif vasitələrlə nəzarət altında saxlanılmağa çalışılır. Bura LGBT-nin təbliği, ailə dəyərlərinin gözdən salınması, məhvi, narkomaniyanın yayılması və s. aiddir. Bu vasitələr nüvə silahından daha təsirlidir və insan azaldılma layihəsi üçün bir mexanizm funksiyası daşıyır.
Planetin ən inkişaf etmiş bölgəsi Avropaya baxaq. 2018-ci ildə Avropanın əhalisi 751 milyon nəfər idi. Statistik göstəricilərə görə, 2024-cü ilin yanvarında Aİ əhalisi 449,2 milyon nəfər olub. 6 ilə təxminən 302 milyon nəfər azalma olub. Pandemiya dövründə - 2020-ci ildə qitə əhalisi 0,5 milyon, 2021-ci ildə isə 0,3 milyon azalıb. Amma o vaxtdan bu ilə qədər nisbi artım müşahidə olunub ki, o da miqrasiyanın hesabına baş verib. Əslində, əhali azalması həmin ölkənin və ya dövlətin gücünün azalmasıdır.
1750-1950-ci illər arasında dünya əhalisi 1 miyarddan 3 milyarda qalxıb. 1950-2000-ci illər arasında dünya əhalis ikiqat artaraq 6 milyard olub. BMT-nin proqnozlarına görə, dünya əhalisi əvvəlki 50 ilin yarısı qədər artacaq. Amma bəzi araşdırmalara görə, 2025-2050-ci illərdə əhali yüzdə on faiz artacaq. Bu o deməkdir ki, doğumların artmasında ləngimələr olacaq. Bundan başqa da proqnozlar var ki, dünya əhalisi 2100-cü ilə yaxın dönəmdə azalacaq. Təxminlərə görə, Braziliya və Cənubi Koreyaya bənzər ölkələrdə 2050-ci ilə qədər əhali artımı dayanacaq, 2100-cü ildən sonra üzüaşağı gedəcək. Konqo və Banqladeş kimi az inkişaf etmiş ölkələrdə artım 2100-cü ilə qədər çəkəcək, amma əvvəlki kimi olmayacaq. Yəni əhali artımı partlayışı baş verməyəcək.
Əhali sayının sabit qalması üçün hər qadın orta hesabla 2,1 uşaq sahibi olmalıdır. BMT-nin göstəricisinə görə, 1970-ci ildə hər qadın başına düşən uşaq sayı 4,5 olub, bu rəqəm 2000-ci ildə 2,7-yə düşüb. 2050-ci illərdə bu rəqəm 2,05 olacaq. BMT-nin başqa proqnozuna görə, hazırda bu rəqəm 1,6-dır. Bu o anlama gəlir ki, dünyada əhali artımı enişə gedir.
Az inkişaf etmiş ölkələrdə hər anaya düşən uşaq 6,6-dan 5.0-a düşüb. 2050-də bu rəqəmin 3.0 olacağı gözlənilir.
1800-cü illərdə doğum səviyyəsi haqda statistika olmasa da, hər qadın başına düşən uşaq sayı 6,5 ilə 8.0 arasında olub. O dövrdə uşaq ölümləri çox olduğuna görə, uşaqların çoxu uşaq ikən ölürdü, amma indiki dövrdə isə uşaq doğrumuna nəzarət olduğuna görə, çox uşaq doğulmur. Həmçinin, 19-cu əsrdə ailələr çoxuşaqlılığa status və zənginlik kimi baxırdılar. Uşaqlar bir növ iş qüvvəsi idi. Çünki o dövrdə istehsal prosesi maşınlar tərəfindən yox, insanlar tərəfindən həyata keçirilirdi. İnsanlar yaşlandığı zaman təqaüdə çıxmırdılar, onların yaşlılığını övladları təmin edirdi. Buna görə, ailələr çox uşaq sahibi olmağa üstünlük verirdi.
Qadınlar da çox uşaq sahibi olmağı tərcih edirdilər. Çünki işləmirdilər, ailələr kişilərin məsuliyyətində idi. Uşaqlar ailələr üçün gəlir qaynağı sayılırdı. Amma texnologiya inkişaf etməyə başlayanda çox uşağın elə bir önəmi qalmadı. Fabriklər və zavodlarda təhsilli işçilər lazım oldu. Uşaqlar təhsil üçün ailələrindən pul almalı oldular, nəinki əvvəllər kiçik yaşlardan işləyib ailələrin dolanışığına kömək edirdilər. Artıq uşaqlar 20 yaş ətrafında hələ universitet təhsili alırlar və bunun üçün evdən pul gedir. Amma həmin uşaq evə pul gətirmir.
1800-cü ilərdə çox uşaq “Allahdan şirin pay” sayılırdısa, dövrümüzdə çox uşaq iqtisadi yük sayılır. İndi övlad yetişdirmək baha başa gəlir. Bu vəziyyətdə ailələr yükdən qurtulmaq, amma eyni zamanda cinsi həzzi yaşamaq, bu zaman da uşaq yükü altında girməməyin yollarını axtarmağa başladılar. Bu gün uşaq sahibi olmaq iqtisadi baxımdan sərfəli deyil, bunu tətikləyən faktor sadəcə nəsli davam etdirmək naminə eqoqarışıq instinkt və övlad sevgisidir. Düzdür, uşaq sayının azalmasıyla paralel, insan ömrü də uzanıb. Amma bu pandemiyaya qədər belə idi. Üstəlik, Billi Qeytsin öndərliyindəki vaksin çılğınlığını, həmçinin qarşıdan gəlməsinin proqnozları verilən III dünya müharibəsi ehtimalını nəzərə alsaq, insan ömrünün uzanması faktoru da təsirli olmayacaq. Doğum səviyyəsində artım və insan ömrünün uzanması yavaşladığı zaman əhali artımı dayanacaq.
Yazılanlardan göründüyü kimi, əhalinin artması, yaxud azalması bəzi ölkələrə təsir edir. Əhalisi az olan ölkələrin ordusu və işçi qüvvəsi də kiçik və gücsüz olur. İnkişaf etmiş ölkələrdə insan ömrü uzansa da, qadınlar daha az uşaq sahibi olur və buna paralel təhsil dönəmi də uzanır. Eləcə də təhsilin ömrü uzandığı kimi, statuslu iş həyatına atılmaq üçün təhsil, həm də ali təhsil məcburi hala gəlir. Gənclər əsasən 22 yaşında ali məktəbdən məzun olur, təbii ki, iş həyatına universitetdən sonra başlaya bilirlər. Təhsil müddətinin uzanması gənclərin gec evlənməsilə nəticələnir, bu da onların ailə-uşaq sahibi olmasını gecikdirir. Cəmi 100 il əvvəl qızlar və oğlanlar 13-15, ən geci isə 17-18 yaşlarda evlənib ailə sahibi olurdularsa, indi bu rəqəm xeyli geriləyib. 100 ilə əvvəl qadınlar həyatlarının heç olmasa 5-7 ilini uşaq dünyaya gətirmək və tərbiyə etməyə sərf edirdisə, indi bu dönəm çox gec başlayır. Əvvəllər qadınları kişilərə bağlayan faktorlardan biri çoxuşaqlılıqdan irəli gələn iqtisadi amil, yəni dolanışıq məcburiyyəti idi. İndi isə durum fərqlidir. Uşaq doğub-tərbiyə etmək qadının əsas işi və missiyası deyil, onun işlərindən biridir. Zəmanəmizin qadınının karyera qurması, maddi təminat və əmlak sahibi olmaq üçün əmək və zaman sərf etməsi daha ön plandadır. Bu, həm də ona gətirir ki, qadın iqtisadi baxımdan kişiyə bağlı olmağa məcburiyyət duymur. Əvvəlki qadını evliliyi sürdürməyə məcbur edən faktor dolanışıq idi, amma indi evlilik onlar üçün iqtisadi zərurət, məcburiyyət deyil. İndi evlilik üçün ilk faktor eşq, yəni hisslərdir. Amma hisslər maddiyyatın qarşısında davam gətirə bilmir. Ailə yalnız eşqin üzərində dayanmaqda çətinlik çəkir, iqtisadi məcburiyyət isə evlilik, ailə institutunu daha dayanıqlı edir. Lakin görünən odur ki, proses artıq çoxdan geri dönülməz istiqamətə yönəlib.
Bəs, guya, qarşısıalınmaz əhali artımı trendi yalanının sırınması nəyə xidmət edir? Eləcə də sadalanan faktorlar yetmirmiş kimi, LGBT kimi əxlaqsızlıq meylinin, narkomaniyanın, alkoqolizm kimi pis, zərərli vərdişlərin təbliğatının məqsəd nədir? Əhali artımı nağılı kimə, nəyə xidmət edir?
Bu və digər suallara növbəti yazımızda cavab tapa bilərsiniz. Bizi izləyin.
Ülviyyə ŞÜKÜROVA