“LAY-LAY” BORCU – Şəhid Tamerlan Soltanbəylinin həyat hekayəsi

Baxış sayı:
2813

(19.09.2023-cü il tarixində baş vermiş antiterror əməliyyatı zamanı şəhid olmuş kiçik çavuş Soltanbəyli Tamerlanın əziz xatirəsinə həsr olunur)
 
Qəbələ rayonunun Tüntül kəndində, İmran kişinin ailəsində üç oğlan uşağı böyüyürdü. Adlarını da öz adına yaraşdırmışdı ata: Kamran, Tamerlan, Cavidan. Sadə bir kəndli ailəsi idi bu ailə. Ata fəhləlik edir, ana isə evdarlıqla məşğul olur, uşaqları böyüdürdülər. Onlar mal-qara saxlayır, tağ-tərəvəz əkir, bazarda satıb ehtiyaclarını ödəyirdilər. Heç kəsin işinə qarışmazdılar. Bu minvalla evdə üç sağlam, ağıllı oğlan böyüyürdü. Oğlanlar çox mehriban idilər, hamının köməyinə çatar, heç kəsin xətrinə dəyməzdilər.

Biz qohumuq, ortancıl oğlan Tamerlan əlavə dərslər öyrənmək üçün yanıma gələrdi. Mən onda elə o vaxtlardan vətənpərvər ruhunu hiss edirdim. O, çox hərəkətli, hər mənada hazırcavab, anında qərar verən, bir az da zarafatcıl oğlan idi. Sonralar o, komandonun üzvü oldu. Ata, ana övladlarına təhsil vermək üçün mücadilə aparır, bütün gün işləyirdilər. Onları nələrin gözlədiyindən xəbərsiz idilər. Tamerlan hərbi xidməti başa vurduqdan sonra yenidən hərbi işə qayıtmaq istədi və müddətdən artıq hərbi xidmətin hərbi qulluqçusu oldu.
Vaxt-vədə yetişdi, Ali baş komandanın əmri gəldi. 30 il əvvəl yarımçıq qalmış işi başa çatdırmalı idik. Oğlanların üçü də müharibədə iştirak etdi. 44 günlük müharibə vaxtı Tamerlandan on gün xəbər çıxmadı. Ata-ana ölüm qoxusunu ilk o vaxtlar almışdılar. Ürəkləri əsim-əsim əsəndə oğuldan zəng gəlməsinin sevincini ancaq yaşayanlar bilər. Onlar da bu sevinci doyunca yaşadılar. Yenə də olacaq hadisələrdən xəbərsiz idilər.
Tamerlanla süfrə arxasında söhbət edirdik. O, keçdikləri çətinliklərdən danışır, qürurla söhbət edirdi. Rəna ana oğluna qulaq asır və tez-tez “can balam” deyirdi. Və birdən o, hönkürərək, “mən balalarıma doyunca lay-lay deməmişəm, həmişə onları beşiyə bələyib, iş dalınca qaçmışam. Onlar mızıldanaraq özləri özlərinə lay-lay deyib, yuxuya gediblər”, - dedi.
Tamerlan da “indi yuxum gəlir, gedək mənə lay-lay de, yatım” deyərək gülümsədi və anasının kefini açmağa çalışdı. O, yenə söhbətə davam edərək əskərlərin necə qorxmazcasına irəlilədiklərini danışırdı. Biz onu fərəhlə dinləyirdik.
44 günlük müharibədən sonra Qarabağ meşələrində erməni ünsürlərinin qaldığını və hər an antiterror əməliyyatının başlaya biləcəyini bütün əsgərlər kimi Tamerlan da bilirdi. Buna baxmayaraq, iş müqaviləsinin vaxtı bitsə də, onu yenidən imzaladı. Beləliklə, öz fərmanına özü bilərəkdən, çəkinmədən, qorxmadan qol çəkdi…
Bayrağa bükülmüş tabut həyətə girənə qədər ananın oğlunun şəhid olmasından xəbəri yox idi. Onu yaralı bilirdi. Bəlkə də həyətə gələn insan axınından bunu hiss etmişdi, lakin qəbul edə bilmirdi… Və nəhayət o gəldi, lakin bu dəfə öz maşını ilə yox, başqa maşınla. Bu dəfə tək yox, böyük izdihamla gəldi. Bu dəfə hərbi paltarda, gülər üzlə və zarafatları ilə yox, solğun bənizlə, müqəddəs bildiyi bayrağa bükülü, həm də sakit və səssiz gəldi. Tabutu görən ananın ah-naləsi dağı-daşı lərzəyə gətirdi. Ürək paraçalayan bu sözləri isə hamını lal etdi: "Balamı verin, mən ona lay-lay deyəsi idim. Mənim ona lay-lay borcum var”. Bu an sözün bitdiyi an idi.
Şəhidin atası uşaqlar körpə olanda həmişə deyərdi ki, mənim fəhlə olmağıma baxmayın, oğlanlarım tanınmış adamlar olacaq. Bəli, Tamerlan sizə “Şəhid atası” kimi böyük bir status qazandırdı, özü də bunu qorxmadan könüllü etdi. Çoxlarının cəsarət edə bilmədiyi zirvəyə yüksəldi və onu hamı tanıdı.
Tamerlan neçə-neçə günahsız insanın qətlə yetirdiyi Xocalı torpağında antiterror əməliyyatı zamanı şəhid olub. İgid oğullar, bilin ki, qanınızı qarışdırdığınız vətən torpağı artıq bizimdir. Rahat yatın, nə qədər ki, düzgün siyasət davam edəcək, müstəqil Azərbaycan dövləti və Azərbaycan xalqı yaşayacaq, siz də heç vaxt unudulmayacaqsınız.
Şəhidlər bizim baş tacımız və onların məzarları müqəddəs and yerimizdir. Şəhid analarının əllərini ehtiramla öpür, şəhidlərin ruhları qarşısında baş əyirik. Allah rəhmət eləsin!
 
Sara ƏZİZOVA 

Qəbələ rayonu, Nohurqışlaq kənd məktəbinin müəllimi