Arıq görünmək üçün “Yasamal Hospital”a müraciət etdi, ölümlə üz-üzə qaldı

Baxış sayı:
1779

Fidan İsmayılqızı sözügedən tibb müəssisəsinin baş həkimi Elvin Əliyevi və qanunsuz olaraq onu əməliyyat edən rezident Mehdi Həsənzadəni ittiham edir
 
Bakı şəhər sakini Fidan İsmayıl qızı (müəyyən səbəblərdən soyadını qeyd etmirik – red.) tərəfindən “Müxalifət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi xanım iddia edir ki, “Yasamal Hospital”ın rəhbərliyi tərəfindən aldadılıb. Onun sözlərinə görə, sözügedən tibb müəssisəsində təcrübəsiz həkim tərəfindən əməliyyat olunması nəticəsində, sağlamlığı ciddi təhlükə altına düşməklə yanaşı, külli miqdarda maddi zərərə düşüb. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:
“Mən, Fidan İsmayıl qızı, yazaraq sizin qəzet vasitəsilə səlahiyyətli qurumlara müraciət edirəm.
Bildirim ki, 07.04.2024-cü il tarixdə "Abdominoplastika” əməliyyatı üçün “Yasamal Hospital”da rezident Mehdi Həsənzadənin qəbulunda oldum. O, mənə Sabunçu Xəstəxasında ümumi cərrahiyyə üzrə 4-cu kurs rezident olduğunu bildirdi. Özüm həkim olduğum üçün ondan müstəqil olaraq əməliyyatı necə icra etdiyini soruşdum. Çünki bilirəm ki,  rezidentlərin həkim nəzarəti olmadan müstəqil olaraq əməliyyat icra etməsi qanunsuzdur. Mehdi Həsənzadə isə əməliyyatları müstəqil deyil, “Yasamal Hospital”ın baş həkimi Elvin Əliyevin nəzarəti altında icra etməsini və əməliyyatlara birlikdə girdiyini söylədi. Daha sonra ümumi qan analizindən keçməyimi təklif etdi və əməliyyat günü təyin olundu.
Bütün bu analizləri verərkən və müayinələrdən keçərkən, məni Elvin Əliyevin xəstəsi kimi qeydə aldılar. Analizin cavablarını Mehdi Həsənzadə mənə telefonda söylədi və nəticənin yaxşı olduğunu bildirdi.
16.04.2024-cü il tarixdə əmaliyyat olunmaq üçün “Yasamal Hospital”a yaxınlaşdım. Ödənişi etdikdən sonra Elvin Əliyevin adı yazıldığı sənədlərə qol çəkdim. Əməliyyat otağının dəhlizində bir həkim və tibb bacısı var idi. Söhbət əsnasında Mehdi Həsənzadədən Elvin həkimin harda olduğunu soruşdular. O isə əməliyyata tək girəcəyini söylədi. Həmin həkim və tibb bacısı təəccüblə Elvin Əliyev olmadan əməliyyatı necə icra edəcəyini soruşdular?...
Səhvim o oldu ki, həmin vaxtı dərmanların təsirindən və əməliyyatın həyacanından oradakı söhbətlərə çox əhəmiyyət vermədim. İnanmadım ki, məni danışdığım həkim, yəni Mehdi Həsənzadə əməliyyat edəcək.
Əməliyyat təxminən 3 saat davam edib. Əməliyyatdan sonra dəhşətli ağrılarım oldu. Bir neçə saat sonra qanaxma əlamətləri başladı, ürəkbulanma, qusma, gözdə qaralma oldu və təzyiqim 70-50-yə düşdü. Tibb bacılarını köməyə çağırdım. Tibb bacıları və Mehdi məni yenidən əməliyyat olunmaq üçün əməliyyat otağına qaldırdılar. Halım özümdə olmadığı üçün 2-ci dəfə əməliyyatı kimin etdiyini bilmədim.
Mehdi həkimdən qanaxmanın səbəbini soruşduqda isə belə izah etdi ki, tibb bacıları damarın ucunu yaxşı bağlamayıblar, bunun nəticəsində təzyiq yaranaraq damar partlayıb və qanaxma baş verib.
Əməliyyatdan sonra Mehdi Həsənzadə qanımın çox duru olduğunu və bu halda öncədən əməliyyata götürülməyimin ümumiyyətlə məsləhət olmadığını söylədi. Qeyd etdim ki, həkim, axı əməliyyatdan öncə analizlərdən keçmişəm, niyə bu halı gözdən qaçırmısınız, axı ölə bilərdim. Bu zaman o, bildirdi ki, analiz cavablarına baxdıqda, bu hal orda qeyd olunmayıb.
Əməliyyat zamanı xeyli qan itirmişdim. Müxtəlif qanlar köçürüldü. 20.04.2024-cü il tarixində xəstəxanadan çıxdım. Xəstəxanadan çıxan zaman epikrizi və köçürülən qanlar barədə məlumat istədim. Elvin Əliyev mənə verdiyi epikrizlə razılaşmadım, çünki məlumatların əksəriyyəti qeyd olunmamışdı. Yəni epikriz tələb edən zaman Elvin Əliyev 1 həftə sonra yeni epikriz verəcəyini söylədi. Bir həftə sonra sarğı üçün gedəndə yenə köhnə epikrizi mənə təqdim etdilər və bu dəfə sənədin sonunda Elvin Əliyevlə yanaşı, Mehdi Həsənzadənin də adı qeyd olunmuşdu. Epikrizdən yenə narazılığımı bildirdiyim zaman mənimlə çox kobud şəkildə danışdılar.
Yaramdan maye gəlməyə başlamışdı və yaranın bir hissəsi nekroz olmuşdu. 30.04.2024-cü il tarixdə xəstəxanaya yenidən müraciət etdim. Lakin köməksiz qaldım. Elvin Əliyev “əməliyyatı mən etməmişəm”, - deyib məni otaqdan çıxardı. Əlavə etdi ki, “get, davanı səni əməliyyat edənlə çək, mən əməliyyat etmədiyim xəstəyə baxmıram”.
Mehdi Həsənzadə də mənə baxmayacağını söylədi və kobud şəkildə məni otaqdan çıxardı. Yəni yarası pis vəziyyətdə olan ağır xəstəyə yardım etmədilər. Bundan sonra mən Prokurorluğa şikayət ərizəsi ilə müraciət etdim. Bunu bilən, əməliyyatımda iştirak edən həkimlər mənə dedilər ki, “əlindən gələni et, bizim yuxarıda adamımız var”.
Sizin qəzet vasitəsilə xanımlara müraciət edirəm. Əziz xanımlar, gözəlliyimizi qoruyaq, amma işinin peşəkarı olmayan həkimlərdən uzaq duraq. Mən bilmədən, yaxşı araşdırma aparmadan həkim səhlənkarlığının qurbanı oldum. Sonradan əməliyyatı edəcək olan həkim haqqında arşdırma apardım və sosial şəbəkədə gördüm ki, nə qədər şikayətçi insan var imiş.
Sonradan şikayətimin üzərində dayandığımı bildikdə mənə pul da təklif etdilər ki, susum. Lakin susmayacam. Mən həmin vaxt həkim səhlənkarlığı nəticəsində ölə bilərdim.
Onu da deyim ki, əlimdə səs yazıları var, bu səslər həkimin necə qeyri-peşəkar olduğunu sübut edir”.
Məsələ ilə bağlı yazıda adı çəkilən “Yasamal Hospital”ın baş həkimi Elvin Əliyevlə əlaqə saxladıq. Həkim bildirdi ki, bu iş üzrə cinayət işi açılıb və məsələnin mahiyyəti araşdırılıb: “Sizin ünvanlandığınız bütün sualları ekspertiza cavablandırıb. Sorğu verib, məlumatı oradan da əldə edə bilərsiniz”.
Mehdi Həsənzadə də xatırlatdı ki, Fidan xanımın müraciətinə Yasamal Rayon Prokurorluğunda baxılıb və işə xitam verilib: “Fidan xanım sizə etdiyi şikayəti Yasamal Rayon Prokurorluğuna da bildirib. Prokurorluq da bu işlə əlaqədar cinayət işi açmışdır. İşə hazırda xitam verilmişdir. Sizə qərarı göndərəcəm, tanış olarsınız. Bizim mövqeyimizi də öyrəndiyiniz üçün sizlərə təşəkkür edirik”.
XATİRƏ
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yasamal Rayon Prokurorluğunun mövqeyini dərc etməyə çalışacağıq.