Ziyalıları qınamayın... – ELDƏNİZ QULİYEV YAZIR

Baxış sayı:
6511

Meydan boşdur...  Xəyalpərəst və boşboğaz siyasətçilər buyursunlar,- fürsəti fövtə verməyib, zəbt eləsinlər meydanı!
Əlbəttə, əgər bacarırlarsa!..
Xalqın taleyüklü məqamlarında, indi həzm edə bilmədiyiniz ziyalı bəndələr önə düşüb ölkənin siyasi və mənəvi dirçəlişini təmin edəcək YOLu, ÇARƏni  göstərmədimi, həzarat?
Siyasilər, daha doğrusu siyasətbazlar razı olmadılar: “YOL NƏDİ, ÇARƏ NƏDİ?“ - deyə, iki  ayaqlarını bir başmağa pərçimləmədimi?.. 
İndi olan-qalan ziyalıları nə haqla qınayırsınız?..
Həmən o ziyalı kəslər azmı xalqın zəkası, iradəsi və ruhunun güc mərkəzi olmağa can atdılar; məgər bütün varlıqları ilə cəmiyyəti total satqınlıq və dəllallıq virusundan xilas etməyə çalışanlar, kirpiyilə od götürənlər onlar deyildiml?..
Siyasəti oyuncağa çevirmiş təkəbbürlü naşılar isə, daş atıb başlarını  tutdular: “OLMAZ, OLMAZ!- dedilər. - HƏR  ŞEYİN ZAMANA EHTİYACI VAR! GEDİN, GEDİN ÖZ İŞİNİZLƏ MƏŞĞUL OLUN!”
Neçə-neçə ziyalı bəndə bir ovuc ədəbazların xalqın üzərində apardığı  siyasi, iqtisadi, psixoloji və mənəvi zorakılığı durdurub, qarşısına sədd  çəkməyə  çalışdı, hamını müqavimət göstərməyə, ədalətli və aktiv  mübarizəyə səslədi. Yalan və korrupsiya adlı dəhşətli mərəzin  metastaz verdiyini,  millətin mütərəqqi düşüncəli kəsiminin tədricən  manqurtlaşdığını deyib də, fəryad qopardı. Amma təəssüf və səd heyif ki, rəhbəri avtoritetdən, demaqoqiyanı vətənpərvərlikdən, süarı proqramdan, komformizmi mövqedən, azadlığı özbaşınalıqdan,  populizmi ideologiyadan seçib-ayıra bilməyən və “siyasi proses” adlı  aysberqin görünməyən qatlarında nələrin baş verdiyinin fərqinə varmayan siyasi "liderlər”, az qala xorla qışqırdılar: “SİZLİK DEYİL, bəylər!.. YOX - YOX, BU SİYASƏTDİ! – dedilər, - MANE  OLMAYIN, QARIŞMAYIN  BİZİM İŞİMİZƏ!!!” Vəssəlam. Dairə qapandı!
Bu gün mən zərrə qədər də olsa şübhə etmirəm ki, ölkədə hökm sürən  vətəndaş ətalətinin, kütləvi xof və passivliyin, eləcə də  siyasi nihilizm və  simasızlığın əsas  baiskarları  sırasında,  mövcud  rejim sahiblərilə  yanaşı, bəzi müştəbeh müxalifət liderləri də var... 
Ziyalıları qınamağa nə var ki!..
Belə çətinliklə yaratdığımız və nəyin bahasına olursa-olsun, qoruyub hifz  etməyə çalışdığımız ziyalıların müqavimət institutunun bu gün bu sayaq çıxılmaz duruma düşməsi, sözün əsl mənasında, nonsensdir!
Və bunun günahı aydın insanlardan daha çox, onları küsdürüb rəncidə salan, siyasi mübarizədən bezdirib kənara çəkilməyə sövq edən nadürüst siyasətçilərdir!..
Buyurun bəylər, bu  meydan, bu da... siz! Hələ bir 20-30 il də vaxtınız var!.. Didin bir-birinizi...
Didin, amma eyni zamanda unutmayın ki, xalqın mənəvi yükünü daşımağı öz ALIN YAZISI hesab edən, ONUN ləyaqət və vicdan simvolları, ruhunun, ağrı-acılarının və qüdrətinin təmsilçiləri ZİYALI insanlar hər zaman olub, var və bundan sonra da olacaq.
O ayrı söhbətdi ki, bu gün belə İNSANLAR barmaqla sayılır və onları gündüz çıraqla da tapmaq olmur...
Tutaq ki, belə işıqlı insanlar həqiqətən bir əlin barmaqları qədərdi... Axı bu barmaqlar təkcə yeyib-içmək, çırtma çalmaq, kiminsə başına tumar çəkmək, pul saymaq və sairə üçün deyil. - O barmaqlar, həm də bəlkə də ilk növbədə, - MƏBƏDƏ APARAN YOLU GÖSTƏRMƏK üçündür!
Eldəniz QULİYEV
P.S. Ağrını kəlməyə, göz yaşlarını cümləyə çevirməkdən usandım, Allah!