Azərbaycanı dünyaya bu cür tanıda bilərikmi?... – ELDƏNİZ QULİYEV YAZIR

Baxış sayı:
2293

Müxtəlif KİV səhifələrində, TV-də, eləcə də sosial şəbəkələrdə zaman-zaman eşidirik ki, biz ölkəmizi dünyaya tanıtmalıyıq... Əlbəttə, doğru yanaşmadır! Ancaq bu barədə az sonra...
Ey dili qafil!..
Hələlik səsli-küylü son həbslərin səbəbini də, məqsədini də bir kənara qoyuram...
İrəli sürülən ittihamlara ötəri nəzər yetirək. Nə görürük? Görürük ki, bu qərar və ittihamlar, sözün əsil mənasında klassik karikatura janrında quraşdırılıb!..
Əlbəttə, - 9, ya +19 eynək taxmırsansa...
Diqqət yetirin:
Qubad İbadoğlu  - saxta pul kəsmək...
Əziz Orucov - qanunsuz ev tikmək...
Rüfət Muradlı - fədakar qanun keşikçilərinə badalaq vurub şiddətli müqavimət göstərmək...
Qələmi iti olan müstəqil jurnalistlər - soyuq silah saxlamaq... üzr istəyirəm,- xaricdən "paçka-paçka" avro daşımaq, qaçaqmalçılıq...
Qarabağ qazisi Rza Səfərsoy - mənzilində (qab-qacaq dolabında) S-418,05 ballistik raket kompleksi gizlətmək....
Tofiq Yaqublu - saxta sənəd düzəltmək, dələduzluq...
Bu siyahıya onlarla məzəli-gülməli həbsləri də aid etmək olar...
Əgər bütün bu hoqqalar, yəni "gül vuran" məhkəmə qərarları, ya hökmləri karikatura deyilsə, onda mən... Cənubi Somalinin eks tayfa başçısının doğma xalası nəvəsiyəm!
...Və qarşıdan növbədənkənar prezident seçkiləri gəlir...
Yaxşı, ay başınıza dönüm, adama deməzlər ki, bu absurd, bu siyas nihilizm, bu sənədsiz-sübutsuz həbslər nədir axı?
Dünyanın gözü Azərbaycanda olduğu bir vaxtda məmləkəti bu sayaq üzüqara və bunca dərəbəyliklə tanıtmaq olarmı?
Bu olaylar aşkar məntiqsizlik və heyrətamiz bir paradoks deyilmi?..
Kaşki tanıtmaqla sevdirmək arasındakı fərqi anlamış olaydıq!..
Mühüm və olduqca bəsit bir həqiqəti anlamaq lazımdır: hər bir ölkənin daxili siyasəti, onun xarici siyasətinin astar üzüdür. Və bu "astar üzdə" görünən budur ki, biz belə işlərdə nə qazanıb, nə itirdiyimizin fərqində olmalıyıq!..
Pis tərəfdən tanınmaq yerinə, yaxşı tərəfdən sevilsək daha yaxşı olmazmı?.
Təəssüf və səd heyif ki, bəzən bizlər kənardan, eynək taxıb rinqə çıxan boksçuya bənzəyirik...
Eldəniz QULİYEV