“İlham Əliyevə alternativ olmaq Azərbaycana qarşı çıxmaqdır"

Baxış sayı:
2442

Elxan Şükürlü: “İlyas İsmayılova təklif etmişəm ki, bizim ayrıca namizədlə çıxış etməyimiz doğru deyil…”
“Son günlər bir sıra mətbuat orqanlarında və eləcə də sosial şəbəkələrdə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində Ədalət Partiyasının mənim namizədliyimi irəli sürəcəyi haqda yayılmış informasiyalarla bağlı çoxsaylı sorğulara cavab olaraq bildirirəm ki, nə mənim belə bir iddiam və niyyətim var, nə də partiyamızın seçkilərdə iştirakla bağlı qərarı”.
Bunu Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü “Facebook” hesabında yazıb.
“Əksinə, məhz mən partiya rəhbərliyinə, o cümlədən hörmətli sədrimiz İlyas İsmayılova təklif etmişəm ki, bizim bu seçkilərdə ayrıca namizədlə çıxış etməyimiz doğru deyil, cəmiyyət tərəfindən düzgün qarşılanmaz və biz bu seçkilərdə milli maraqlar naminə siyasi iddialarımızdan geri çəkildiyimizi, bir müxalifət partiyasının açıq şəkildə hazırki Prezident İlham Əliyevin qələbəsi üçün çalışacağını nümayişkaranə şəkildə elan etməliyik!”, - o vurğulayıb.
Sədr müavini düşünür ki, bu gün İlham Əliyevə qarşı çıxmaq, hər hansı bəhanə və ya əsasla onun alternativi olmaq, hər şeydən əvvəl, Azərbaycanın qələbəsinə qarşı çıxmaq deməkdir: “Biz heç bir halda belə bir mərhələdə öz siyasi maraqlarımız, iddialarımız naminə Əliyevdən fərqli cinahda, səngərdə olduğumuzu düşmənə göstərməməliyik!
Qənaətim budur ki, biz son 3 ildə - 27 sentyabrdan indiyədək Azərbaycanın düşmənlərinə qarşı Prezident İlham Əliyevlə eyni səngərdə durduğumuzu, onunla eyni mövqeni bölüşdüyümüzü göstərdiyimiz kimi, bütün gözlərin dikildiyi 7 fevral seçkisində də onunla eyni cinahda, eyni səfdə olduğumuzu nümayiş etdirməli və sülh prosesinin yarımçıq qalmasını istəyən, buna çalışan qüvvələrə çox yaxşı bir dərs verməliyik! Biz bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı üçün bir nömrəli hədəf və məqsəd qələbəmizin beynəlxalq aləm tərəfindən də mübahisəsiz qəbuludur və bu prosesdə də Azərbaycan xalqı, siyasi mövqeyindən asılı olmayaraq, hamılıqla İlham Əliyevin arxasında dayanaraq, ona ölkəmizi ləyaqətlə təmsil etmək üçün daha bir 7 illik mandat vermək əzmində, iradəsindədir!”
Muxalifet.az