ADP MEDİA NÜMAYƏNDƏLƏRİNİN HƏBSİNİ PİSLƏDİ – Bəyanat

Baxış sayı:
2454

Bu gün ADP İdarə Heyətinin növbəti həftəlik toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ilk növbədə ötən həftə “Abzas Media” saytının əməkdaşlarının həbsi məsələsinə münasibət bildirilib. Partiya bu həbsləri ciddi şəkildə pisləyib və bunun ölkədə lüzumsuz narahatlıq doğuracağını, dövlətimizin beynəlxalq imicinə mənfi təsir edəcəyini bildirib. Qeyd edilib ki, şübhəli ittihamlarla tənqidçi gənc jurnalistlər haqqında dərhal uzun müddətli həbs qətimkan tədbirinin seçilməsi və onların vəkillərinin verdikləri açıqlamalar sübut edir ki, jurnalistlərin həbsi peşə fəaliyyətləri ilə bağlıdır.
Həmçinin İdarə Heyətində qeyd edilib ki, ölkədə son zamanlar rusiyapərəst qüvvələrin xüsusi fəallaşması fonunda bu cür səhv siyasi addımların atılması hakimiyyət daxilində olan Rusiyanın “beşinci kalonunun” Azərbaycan dövlətinin Qərb dövlətləri ilə münasibətlərinin daha da gərginləşdirilməsinə yönələn addımlarından biri olmasını iddia etməyə əsas verir və bu ciddi narahatlıq doğurur. ADP İdarə Heyəti hakimiyyəti siyasi motivli həbslərə son qoymağa, həbs olunan gəncləri azad etməyə və qaldırılmış cinayət işini obyektiv, şəfaff araşdırmağa çağırıb.
ADP İdarə Heyəti BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Bakıda keçirilən zirvə görüşünü yüksək dəyərləndirib, beynəlxalq proqramlarda Azərbaycanın fəal iştirak etməsinin dövlətimizin möhkəmlənməsinə ciddi tövhə verdiyini bildirib və prosesin uğurla davam etdirilməsinin zəruriliyini bir daha qeyd edib.
İdarə Heyəti üzvləri son zamanlar Azərbaycanla ABŞ və digər Qərb ölkələri arasında artan siyasi gərginlikdən təəssüf etdiklərini bildiriblər. Qeyd edilib ki, ölkəmizdəki bəzi dairələr süni şəkildə bu gərginliyi artırmağa, Rusiyanın imperiya maraqlarını önə çəkməyə yönələn siyasəti körükləməyə ardıcıl cəhdlər edirlər. ADP İdarə Heyəti bu cür cəhdləri qətiyyətlə pisləyir və bu qüvvələrin sırasında deputatların, dövlət xadimlərinin, siyasi partiya və media təmsilçilərinin olmasının ciddi narahatlıq doğurduğu vurğulanıb, ölkəmizi yenidən Rusiyanın imperiya maraqlarına tabe etdirməyə cəhd edən bu qüvvələrin qarşısının alınmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
ADP İdarə Heyəti hakimiyyəti real balanslaşdırılmış xarici siyasəti davam etdirməyə, birtərəfli qaydada Rusiya ilə yaxınlaşmağı təbliğ edən qüvvələri dəf etməyə və Qərb dövlətləri ilə münasibətlərə xələl gətirən addımlardan çəkinməyə çağırıb.
ADP İdarə Heyəti ABŞ təhsilli məzunların bu ölkənin Bakıdakı səfirliyi ilə keçirilməsi nəzərdə tutulan görüşün bəzi siyasi dairələrin basqısı altında təxirə salınmasından, ABŞ-ın nüfuzlu universitetlərində təhsil almış həmvətənlərimizə qarşı son zamanlar həyata keçirilən təbliğat kampaniyasından ciddi narahatlıq ifadə olunub. Qeyd edilib ki, ABŞ-da təhsil alan və nüfuzlu təhsil proqramlarında iştirakçı olmuş Vətən övladlarına qarşı başladılan ucdantutma “agent” ittihamları siyasi səbatsızlıq və nadanlıqdır. Həmçinin hakimiyyətin yüksək eşalonunda yeni kadrlar seçərkən Qərb təhsillilərə üstünlük verilməsi fonunda bu cür təbliğatların kimə və nəyə xidmət etməsi qətiyyən başadüşülən deyil. ADP hakimiyyəti bu zərərli kampaniyanı dərhal dayandırmağa, xaricdə, o cümlədən ABŞ-da təhsil alan tələbələrə hər cür qayğı və diqqət göstərməyə çağırıb.   
Muxalifet.az