Yazıq millətim, azıb millətim… - ELDƏNİZ QULİYEV YAZIR

Əzizlərim, hərdəmxəyal olmayın...
Sizin azadlıqla, ay nə bilim demokratiya-filanla, mitinqlə-zadla nə işiniz var?..
Bir loxma çörək tapa bilmirsiniz, banklar iki gözünüzü bir deşikdən çıxarır, qiymətlər gicitkan kimi bütün varlığınızı dalayır... uşaqlarınızı düzəməlli geyindirib, yedirib-içirib məktəbə yola sala bilmirsiniz; evdə arvadın, çöldə tanış-bilişin, göydə Allahın, güzgüdə öz-özünüzün qarşısında gözükölgəlisiz... Qaxılıb oturun oturduğunuz yerdə!
Sizə azadlıqmı lazımdı?! Sizə etiraz edib dubinka yeməkmi lazımdı?..
Cınqırınızı çıxarmayın, tərpənməyin, "birləşmək" deyibən gərnəşməyin və heç "mıqq" da eləməyin! Oturun və qanadlı dəvəyə dönmüş təpəgöz məmurların bahalı ayaqqabıları və ucuz qapazları altında ufuldamağınızda, sızlamağınızda olun!.. Ara-sıra, yavan çörəyi duzlu göz yaşlarınıza batırıb da yeyin - Allahınıza şükür eləyin ki, hələ də dərinizə saman təpmirlər! Gün-güzəranınızın sizə, ailənizə, qohum-əqrabanıza vurduğu amansız zərbələrə "kişi kimi"-nin qabağına bir "na" şəkilçisi də əlavə eləyib, dözün, dözün və... bala-bala ölün!
Sizin azad məmləkətdə nə ölümünüz var axı?!
Deyirlər, danışma, mumla! - vəssəlam, danışma! Deyirlər, yalana, haqsızlığa, qudurğanlığa-filana etiraz eləmə. Eləmə də! Qada-bəladan sovuşmaq üçün, hər ehtimala qarşı, gözlərinizi də bərk-bərk bağlayın, üstəlik qulaqlarınızı da tıxayın. Amma qulaqlarınızı bir qədər şəkləməyi də unutmayın ki, ondan "lapşa"-dan, əriştədən, vermeşildən-zaddan asmaq cənabi ağalara çətinlik törətməsin!..
Axı siz nə ağız bahəm eləmisiz ki, padşah babaya, ya məmur ağaya "qaşın altda gözün var" deyəsiniz?!.
Domuşub-büzüşüb, əyilib-bücüküb qaxılın evinizin bir küncündə, cibinizdə oynayan siçanların, qəlbinizdə şimşək tək çaxan göynərtilərin, oğurlanmış təbəssümünüzün, təcavüzə məruz qalmış ömrünüzün, bada verdiyiniz günlərinizin, aylarınızın dərdini çəkin, şükür eləyin!.. Dərdi-səriniz azdı bəyəm?!
Azadlıq, firavanlıq, ləyaqətli yaşam tərzi və sairə və ilaxır sizin nəyinizə gərəkdi?!
Söyürlər, döyürlər, təpikləyirlər, ağzınızdan son tikəni belə oğurlayır, adam yerinə saymırlar sizi... Noolsun? Bəs səbr, bəs çətinliklərə sinə gərmək?.. Dözün, dözün və yenə də dözün! İki dünya bir olsa da, lap belə, canınız çıxsa da - DÖZÜN! Dözümlü millət deyilikmi, həzarat?
Sizin mitinqdə, ya hər hansı bir kütləvi etiraz aksiyasında nə itiniz azıb axı?!
Bir də, gedib ordan nəğayrassız ki? Uzaq başı, hay-küy salıb haqqınızı, hüququnuzu tələb eləyəcəksiniz, boş-boşuna qışqırıb- bağıracaqsız, düzdümü? Boş verin, nəyinizə lazımdı, onsuz da avtobusda, metroda ayağınızı basdalayanda çığır-bağır salırsız da!..
Bax, deyirəm: birdən qəflət yuxusuna getmiş vicdanınız diksinib də oyanar və ağlınızdan azadlıq, demokratiya keçər... Nəbadə! Nabadə belə axmaq iş görəsiniz ha!.. Olmaz! Qətiyyən olmaz! Xatalı işlərdən nə qədər uzaq olsanız, başınız, ən başlıcası isə, başınızda əkilmiş cağba-cağ turp ləkləri salamat qalar... Ölmək-ölməkdi, bə xırıldamaq nədi?..
Xülaseyi kəlam! Yəni sözümün canı budu ki, iş işdən keçəndən sonra xırıldayb-zad eləməyin ha!..
"Tem bole" heç zırıldayıb-mızıldanmayın da ki, bütün bunları sizə deyən olmadı!.
Hə, indi papağınızı, papağınız yoxdursa, şapqanızı, şapqanız yoxdursa, ləçəyinizi qoyun qabağınıza, yaxşı-yaxşı düşünün...
Eldəniz QULİYEV