Fransanın qızışdırıcılıq siyasəti, İran və Rusiyanın bitməyən oyunları… - ELDAR SABİROĞLU YAZIR

Baxış sayı:
2689

Azərbaycan prezidenti İlham Əliyevin qərarı ilə İspaniyanın Qranada şəhərində keçirilməsi nəzərdə tutulan sülh sazişinin müzakirəsi dayandırılmışdır. Əvvəla gəlin “sülh sazişi” deyilən bir siyasi predmetin hansı tərəfə daha çox əl verdiyinə diqqət yetirək. Fransanın Qarabağ probleminin həllində tutduğu neçə illik pozucu fəaliyyəti göstərir ki, o yenə bu bədnam əməlində israr etməkdədir.

Fransa tarixində Makron kimi maymaq ermənipərəst dövlət başçısına rast olmayıb. Katrin Kolonna adında özünə oxşar bir xarici işlər naziri də var ki, bu gün onun Strasburqdakı çıxışını dinlədim, sözün doğrusu, dünyada belə vicdansız, ədalətsiz qadının olduğunu təsəvvür etmək çox çətindir. Görün, nə deyir: "Biz açıq şəkildə Ermənistanı müdafiə edirik. Bu bizim təxirəsalınmaz öhdəliyimizdir. Fransa Yerevanla hərbi-siyasi əməkdaşlığı gücləndirməklə yanaşı, həm də hazırkı şəraitdə "Dağlıq" Qarabağ probleminin ədalətli həllinə nail olmağı nəzərdə tutur".

Xanım Katrin “ədalətli həll” deyəndə nəyi nəzərdə tutur?! Burada gizli bir iş yoxdur. Özündən 25-30 yaş böyük olan arvada "kişinin" rəhbərlik etdiyi hökumət də elə bu cür olar. Tam qətiyyətlə deyə bilərik ki, bu gün Qarabağda vəziyyətin gərgin istiqamətdə davam etməsində Fransanın Minsk Qrupunda uzun illər həmsədrlik statusunu daşıması olmuşdur ki, nəticə artıq göz qabağındadır. Məhz Fransanın və bəzi Qərb ölkələrinin Ermənistanı işğalçı siyasətdən çəkindirmək əvəzinə, regionda militarist qaydaların fəaliyyətinə geniş yer verməsi iki ölkə arasında siyasi və hərbi  münasibətləri daha kəskin həddə çatdırdı. Nəticədə 27 sentyabr 2020-ci il tarixində Azərbaycan İkinci Vətən Müharibəsinə başlamağa məcbur  oldu. Ordumuz Şuşa da daxil olmaqla, 7 rayonu işğaldan azad etdi. Noyabr ayının 10-da Rusiyanın iştirakı ilə Moskvada gecəykən Ermənistan baş naziri Paşinyanın imzası ilə kapitulyasiya aktı qəbul olundu. Beləliklə, bu tarixi təslimolma sənədi bütün dünyaya yayıldı.

Buna baxmayaraq, bölgədə dinc yaşamanı təmin etmək əvəzinə, qızışdırıcı siyasi xəttə, hətta silahlanmaya qədər gedən dövlətlər də oldu. Bunların arasında qonşularımız da oldu ki, buna yalnız təəccüb etmək mümkündür.

Nəhayət, İran və Rusiyanın şahmat taxtasında oyunlarının nə vaxt bitəcəyi və bu bitmə anının döyüşsüz, qansız-qadasız başa çatacağını təsəvvür etmək çox ağırdır.

Eldar SABİROĞLU,

Sabiq millət vəkili