15 İYUL HƏQİQƏTLƏRİ – V YAZI

Az qaldı, çox az...
15 iyul (temmuz) hadisələrindən on ilə yaxın bir müddət keçməsinə baxmayaraq, vaxtaşırı Türkiyədə “Gülən camaatı”na yaxın olan insanlara qarşı AKP hakimiyyətinin təqib və təzyiq siyasəti hələ də davam etməkdədir. Bu siyasətin ən çox acılarını çəkən isə “Gülən camaatı”na məxsus elm və təhsil müəssisələrində çalışaraq Türkiyə üçün savadlı, bilikli, tərbiyəli və vətənpərvər gənc nəsil yetişdirən günahsız müəllimlər və ziyalılardır.
Dünyanın bir çox ölkələrində Türk məktəbləri olaraq bilinən və çox rəğbət qazanan, görəvi və missiyası gənclərin bilgili, tərbiyəli və nüfuzlu yetişməsi olmasından savayı başqa bir niyyəti olmayan, ölkəsinə minlərlə, həkim, hüquqçu, müəllim, mühəndis və s. sənət və elm adamları yetişdirmək olan bu gözəl təhsil sistemi bəlkə də çoxları tərəfindən zamanında lazımınca dərk edilmirdi, lakin “Gülən camaatı”na yaxın olan birisi kimi iyirmi ildir ki, bu insanların Türkiyə cəmiyyəti və dövləti qarşısında hansı xidmətləri olduğunu yaxşı bilirəm.
“Gülən camaatı”na aid olan insanların, xüsusi ilə elm və təhsil işçilərinin əzəldən məqsədi və qayəsi nə idisə indi də odur. Bizlər öz övladlarımızı necə sevib sahibləndiksə, təhsil müəssisələrində oxuyan türk övladlarını elə sevdik. Onların keyfiyyətli təhsil almaları, dünyanın ünlü universitetlərini qazanmaları üçün yorulmadan gecə-gündüz çalışdıq. Şükürlər olsun ki, bu çalışmalarımız, əziyyətlərimiz də nəticəsiz qalmırdı. Təhsil verdiyimiz türk gəncləri bizlərin üzünü ağ edirdi. Bunun bariz nümunəsi 2016-cı ilə kimi “Gülən camaatı”na məxsus olan orta məktəb məzunlarının göstəriciləri əksəriyyət vaxt birincilər sırasında olurdu.
Mənim də övladlarım “Gülən camaatı”na məxsus baxçaya, məktəbə və hazırlıq kurslarına getdilər. Nəticə də gözlədiyim kimi oldu. Onlar çox gözəl, əxlaqlı və savadlı gənclər kimi yetişdilər.
Çox təəssüflər olsun ki, 2016-cı ildən sonra Türkiyədə “Gülən camaatı”na məxsus olan bütün məktəblər qapadıldı. Bu Türkiyə elminə və təhsilinə vurulan çox böyük zərbə idi. 2016-cı ildən sonra Türkiyə təhsil ocaqlarının mövcud göstəriciləri də bunu bir daha sübut edir. Əgər bu məktəblər Türkiyə cəmiyyəti və dövləti üçün belə bir təhlükə mənbəyi idisə, onda sual olunur. Niyə həmin məktəblər və təhsil ocaqları bu gün də Avropa ölkələrində fəaliyyət göstərməkdədir.?
Ümid edirəm ki, gün gələcək nəhayətdə haqq yerini tapacaq, Türkiyə təkrar yenə vəfalı, vətənini həqiqi mənada sevən cəfakeş övladlarını bağrına basacaqdır.
Günay KALELİ