15 İYUL HƏQİQƏTLƏRİ – VI YAZI

Ey zalımlar, sizlər də ədalət qarşısında cavabdeh olacaqsınız...
15 iyul (temmuz) hadisələrindən sonra minlərlə Türkiyə vətəndaşı “FETÖ” damğasıyla üzləşdiyinə görə və Ərdoğan hakimiyyətinin zülmündən canlarını qurtarmaqdan ötəri doğma vətənini tərk etmək məcburiyyətində qaldılar. Bu insanlar arasında ölkədən qaçarkən faciələr yaşayanlar da oldu. Xatirimdədir, Yunanıstanın Midilli adası yaxınlığında batan gəmidə “FETÖ” damğasıyla ölkədən qaçmaq zorunda qalan 6 nəfər Türkiyə vətəndaşı həyatını itirmişdi. Həyatını itirənlərdən 3 nəfəri körpə və məsum uşaq, 2 nəfəri qadın və 1 nəfəri də kişi idi. Acınacaqlı haldır ki, AKP hakimiyyətinə yaxınlığı ilə seçilən bir çox mətbuat orqanları bu hadisəni “FETÖ”-çu terroristlərin olduğu gəmi batdı” deyə işıqlandırmışdılar. Unutdular ki, həmin gəmidə bataraq həyatını itirən 6 nəfərdən 3 nəfəri körpə məsum uşaqlar idi. Hansı məntiq və vicdanla sən bu uşaqlara “terrorçu” damğası vura bilərsən axı..
Düzdür, Türkiyə cəmiyyətində özünün qələmi ilə tanınan vicdanlı media mənsubları Ömer Faruk Gergetlioğlu, Can Dündar və Kazım Gülüçyüz kimi dəyərli insanlar AKP hakimiyyətinin ruporu olan həmin media orqanlarının öz vətəndaşlarına qarşı yönələn bu nifrət dilinə qarşı çıxdılar. Onlar isə öz yazılarında bu hadisəyə “Egeyde insanlıq və vicdanımızı da itirdik” deməyə cürət etdilər. Lakin, əksəriyyət mətbuat nümayəndələri baş vermiş faciəli hadisəyə AKP iqtidarının qorxusundan səslərini belə çıxara bilmədilər.
Ən faciəlisi isə gəminin batması nəticəsində boğulan 2 körpə və anası torpağa verilərkən ata Həsən Aksoyun da həbs olunması idi. Bu zalımlar, Həsən Aksoya ölüsünü torpağa verməyə, özünün məsum körpələri və həyat yoldaşı ilə vidalaşmağa belə aman vermədilər.
Bunlar nə terrorist, nə də vətən xaini deyildilər. Dövlətin rəsmən icazəsi ilə fəaliyyət göstərən “Gülən camaatı”na məxsus məktəbin birində müəllimlik etmiş, gənc nəsilə təlim və tərbiyə vermiş insanlar idi. Mən, Türkiyədəki Ərdoğan hakimiyyətinin zülmündən qaçıb-qurtulmaq üçün vətənlərindən qaçmağa məcbur olan minlərcə insanlardan sadəcə bir neçəsinin yaşadığı həyat dramını yazıram.
Ey zalım Ərdoğan hakimiyyəti və təmsilçiləri, axı sizlər də bilirdiniz ki, bu insanların heç bir günahı yoxdur. Sizlər yalnız öz mənfəətləriniz üçün bu zülmə davam edirsiniz. Sizin kimi düşünməyən, sizə tabe olmayan insanların Türkiyədə yaşamaq haqları olmadığını artıq açıqca bildirdiniz. Lakin, siz də bilirsiniz ki, heç bir zülm əbədi deyil. Bir gün olacaq ki, sizlər də ədalət qarşısında cavabdeh olacaqsınız, milyonlarla insanin ahını aldınız, yerindən yurdundan qovdunuz, sizlər də yersiz-yurdsuz qalacaqsınız...
Günay KALELİ