DAHA BİR QAZİ İNTİHAR ANONSU VERDİ – “İcra Hakimiyyətindən iş istədim, məni təhqir edib, polisin müdaxiləsi ilə uzaqlaşdırdılar”

Baxış sayı:
1526

Peşəkar idmançı olan Kamil Əzizov:“İşlə təmin olunmam üçün müvafiq qurumlara rəsmi şəkildə 150-dən çox məktub ünvanlamışam, amma…”

Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 419 D-də yaşayan Əzizov Kamil Bafadar oğlu tərəfindən “Hürriyyət”in elektron poçtuna şikayət məktubu daxil olub. Hurriyyet.az xəbər verir ki, peşəkar idmançı, İkinci Qarabağ savaşının veteranı, Cəbrayıl və Zəngilanın azadlığı uğrunda medallarla və fəxri fərmanla təltif olunan Kamil Əzizov işsizlikdən şikayətçidir.

“Müharibədən sonrakı 2 il ərzində dövlət qurumları və yerli icra orqanları bir dəfə də olsun qapımı döyməyib. İşlə təmin olunmam üçün müvafiq qurumlara rəsmi şəkildə 150-dən çox məktub ünvanlamışam. Sumqayıt şəhər İcar Hakimiyyəti başçısının, Sumqayıtdan olan deputat Hicran xanımın, eləcə də viste-spiker, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin qəbulunda olmuşam. Söz versələr də, heç bir nəticəsi olmadı. Hətta İcra Hakimiyyətində məni təhqir edib, polisin müdaxiləsi ilə uzaqlaşdırdılar.

32 yaşım var, subayam. 10 ildən artıqdır ki, işə düzələ bilmirəm. Hər yerə də müraciət etmişəm. Ali təhsilim var, peşəkar idmançıyam, rus və ingilis dillərində sərbəst danışıram.

Artıq bunların bəhanələrindən, təhqirlərindən təngə gəlmişəm. İntihar etməyə məcburam. Hamıdan xəbərsiz özümə qəsd edə bilərəm, amma öncə səsimin eşidilməsini istəyirəm. Biz torpaqlarımızı azad edərkən pis iş görmüşük, məgər?! Başqa nə etməliyəm ki, mənə iş versinlər?! 80 AZN-lə dolanmaq olaraq? Borc-xərc içində sıxılıram. Ev istəmirəm, maşın istəmirəm, torpaq zəbt etməmişəm, mən dövlətdən halalca işlə təmin olunmağımı istəyirəm”.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.