Görkəmli rəssam Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat etdi - 15 GÜNDÜR MÜALİCƏ ALIRDI

Baxış sayı:
19025

Azərbaycan əsilli görkəmli rəssam və memar, professor Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat edib. 

Türkiyə KİV-ləri xəbər verir ki, rəssam 4 ildir Türkiyənin Aydın bölgəsinin Karacasu Bələdiyyə başqanı Zeki İnalın dəvəti ilə rəsm işləri üçün Karacasu rayonuna  getmişdi və orada işləyirdi. O, aprelin 25-də koronavirus diaqnozu ilə Nazilli dövlət xəstəxanasına yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq rəssam bu gün mayın 11-də vəfat edib.

Zeynalovun ölümünü Karacasu bələdiyyə başqanı Zeki İnal özünün sosial media hesabından bildirib. “Bələdiyyəmizin fasadında rəsm işləri görən azərbaycanlı rəssam və memar, professor Eldar Zeynalov COVİD-19 səbəbi ilə müalicə gördüyü Nazilli Dövlət Xəstəxanasında həyatını itirib. Dəyərli sənətçimizə Allahdan rəhmət, yaxınlarına və sevənlərinə səbr arzu edirəm”,-o bildirib.

 E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib. Rəssam uzun illər İtaliyada yaşayıb. Onun əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə sərgilənib.