"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı

Baxış sayı:
88

Lənkəranda "Kia" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi tərəfindən ona “saxla” işarəsi verilib.

Muxalifet.az xəbər verir ki, yoxlama zamanı sürücü H.Kəlbizadənin narkotik vasitədən istifadə etməsinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə etdiyi müəyyənləşib.

Bundan başqa, Lənkəran şəhəri ərazisində nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanlarından biri olmadan idarə olunan "Daewoo" markalı avtomobil yol polisi tərəfindən saxlanılıb. Müvafiq müayinə zamanı həmin avtomobilin sürücüsü Ş.Səfərlinin də narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.

Hər iki sürücü barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.