“ABSHERON-CİTY” MTK KOMMUNAL XƏRCLƏRİNİ TOPLADIĞI BİNALARIN ONA AİDİYYƏTİ OLMADIĞINI BİLDİRİR – Yaşayış kompleksinin sakinləri müvafiq arayışları ala bilmirlər...

Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32, mənzil 25-də yaşayan Zeynalova Mətanət Lətif qızı tərəfindən Muxalifet.az saytına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və aidiyyəti qurumların rəhbərlərinə müraciət edən M.Zeynalova “ABSHERON-CİTY” MTK-nın rəhbərliyindən şikayətçidir. Onun müraciətini olduğu kimi dərc edirik:
“Şikayətim “ABSHERON-CİTY” MTK-nın direktoru Şahin Mirkişilidəndir.
Qeyd edim ki, Şahin Mirkişili Milli Məclisin deputatı Tahir Mirkişilinin qardaşıdır.
Mən 09.07.2016-cı ildə Abşeron rayon, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “ABSHERON-CİTY” MTK-ya məxsus ərazidə “AAAF-İNŞAAT” MMC tərəfindən inşa edilən 240-A saylı 9 mərtəbəli yaşayış binasında, tam dəyəri tərəfimdən nəqd ödənilməklə, ümümi sahəsi 99 kv. m olan 3 otaqdan ibarət 21 saylı mənzili almışam. Lakin sakinlərdən kommunal xərcləri “ABSHERON-CİTY” MTK alır. Sakinlərə özlərinin hazırladığı Maliyyə Nazirliyinin icazəsi və ya lisenziyası olmayan mədaxil qəbzləri verilir(surətləri məktuba əlavə edilir).
Lakin mənzillərinə çıxarış almaq istəyən sakinlərə ayrı-seçkilik edirlər. Belə ki, çıxarış almaq üçün DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilməsi üçün MTK-dan maliyyə arayışı və mənzilin sxem layihəsi alınmalıdır. Yaşadığım binanın bir çox sakinləri 2500-3000 AZN qarşılığında mənzillərinə çıxarış alıblar və həmin sakinlərə müvafiq sənədlər məhz “ABSHERON-CİTY” MTK tərəfindən verilib.
Sənədlərin alınması üçün MTK rəhbərliyinə ünvanladığım müraciətə cavab olaraq 09.03.2021, AC-305/03-20 №li məktubunda (surəti məktuba əlavə edilir) “ABSHERON-CİTY” MTK rəhbərliyi məntiqsiz olaraq qeyd edilən yaşayış kompleksinin onlara aidiyyəti olmadığını rəsmi qaydada bəyan edir.
Bu yaşayış kompleksinin “ABSHERON-CİTY” MTK-ya aidiyyəti yoxdursa, sakinlərdən hansı əsaslarla kommunal xərcləri tələb edir? Bundan əlavə, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən evlərinə çıxarış alan digər sakinlərə tələb olunan arayışları necə və hansı MTK tərəfindın verilib? Belə çıxır ki, bu günə kimi “ABSHERON-CİTY” MTK ona aid olmayan yaşayış binalarının sakinlərindən kommunal xərclərə görə ödənişləri qanunsuz olaraq tələb edir.
“AAAF-İNŞAAT” MMC-dən də bildirirlər ki, “vətəndaşa müvafiq arayışları “ABSHERON-CİTY” MTK verməlidir!”
Yaşayış kompleksinin sakinləri müvafiq arayışı haradan və kimdən alsın? Vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edilməsi məqsədilə Möhtərəm Cənab Prezidentimiz tərəfindən ASAN XİDMƏT mərkəzləri xalqın istifadəsinə verilmişdir. Xahiş edirəm, MTK-lardan lazım olan arayışların verilməsini də ASAN XİDMƏT Mərkəzlərinə həvalə edilməsi üçün tədbirlər görəsiniz.
Problemlə bağlı “ABSHERON-CİTY” MTK-nın direktoru Şahin Mirkişilinin qardaşı millət vəkili Tahir Mirkişiliyə də müraciət olunmasına baxmayaraq, nəticəsiz qalmışdır. Çoxsaylı vətəndaşlara problem yaradan bu məsələyə aydınlıq gətirilməsi aidiyyatı olan bütün dövlət qurumlarından köməklik göstərilməsini üçün xahiş edirəm”.
Muxalifet.az
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.