BAYDENİN AÇIQLAMASINA PUTİNDƏN SƏRT CAVAB - "...Bunu ironiyasız, zarafatsız deyirəm” / VİDEO

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenin onun ünvanına işlətdiyi sərt ifadələrə cavab verib.
TASS xəbər verir ki, o ABŞ liderinə can sağlığı diləyib:
“Mən ona deyərdim: Sağlam ol! Ona can sağlığı diləyirəm, bunu ironiyasız, zarafatsız deyirəm”.
Rusiya dövlət başçısı ABŞ-da çox sayda dürüst və layiqli insanın olduğunu, Rusiya Federasiyasının onlara etibar etdiyini bildirib.
Putin qeyd edib ki, ABŞ rəhbərliyi Rusiya Federasiyası ilə münasibətlərə yalnız Vaşinqtonun şərtləri ilə sadiqdir, Rusiya isə yalnız özü üçün əlverişli şərtlərlə işləyəcək.
“Uşaq vaxtı həyətdə bir-birimizlə mübahisə etdiyimiz zaman deyirdik ki, “başqasını necə adlandırsan, özün də eləsən”. Bu da təsadüfi deyil. Bu, sadəcə bir uşaq söyləməsi və zarafatı deyil. Mənası çox dərindir. Biz həmişə özümüzə xas xüsusiyyətləri başqa bir insanda görürük və onun da özümüz kimi olduğunu hesab edirik”, - Putin əlavə edib.
Xatırladaq ki, Bayden ABC telekanalına müsahibəsində Rusiya rəhbərliyinin ABŞ-dakı seçkilərə müdaxilə cəhdinə görə “cavab verməli olduğunu” deyib.
O, Putinin “qatil” olub-olmadığına dair suala müsbət cavab verib.
***
Rusiya Baydenin Putinlə bağlı qalmaqallı açıqlamasına cavab verdi
“ABŞ prezidenti Co Baydenin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə bağlı açıqlamalarını “çox pis” adlandırmaq olar”.
TASS agentliyi xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov martın 18-də jurnalistlərlə görüşündə deyib.
“Bayden öz açıqlaması ilə açıq-aşkar nümayiş etdirdi ki, Moskva ilə münasibətləri normallaşdırmaq istəmir. Gələcəkdə Vaşinqtonla qarşılıqlı əlaqə qurarkən Kreml bu yanaşmanı nəzərə almalı olacaq”, - deyə V.Putinin sözçüsü bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini bildirib.